Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çin heykəltəraşı: Nizamini bütün dünya tanıyır

Prezident İlham Əliyev fevralın 5-də Azərbaycan ilə Çin arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Yüen Sikunun “Dost­luq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Çinli heykəltəraş-rəssam Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin Pekinin Çaoyan parkında qoyulmuş büstü­nün müəllifidir.

Dövlətimizin başçısının dahi şairin dün­yanın ən iri şəhərlərindən olan Pekindəki büstünü hazırlayan heykəltəraşı məhz “Ni­zami Gəncəvi ili”ndə təltif etməsi xüsusilə əlamətdardır.

Cintay İncəsənət Mərkəzinin direktoru, Çin Kreativ Sənaye Alyansının prezidenti, professor Yüen Sikun müxtəlif xalqla­rın dahilərinin büstlərini hazırlaması ilə məşhurdur. Konfutsi, Mahatma Qandi, Aris­totel kimi onlarca dahinin abidəsinin olduğu Çaoyan parkının ərazisində 2012-ci ildə böyük Azərbaycan şairi Nizami Gəncəvinin tuncdan tökülmüş abidəsi qoyulub.

“Dahi Nizaminin büstünü hazırlayan heykəltəraş kimi məhz “Nizami Gəncəvi ili”ndə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif olun­mağım mənim üçün böyük şərəfdir”.

Bunu professor Yüen Sikun müsahibələrinin birində deyib. Heykəltəraş Azərbaycan ilə Çin arasında mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə təltif olunması barədə xəbəri eşidəndə çox sevindiyini söyləyib: “Bu mükafata layiq görülməyim mənim üçün qürur­vericidir. Təəssüf edirəm ki, indiyədək Prezident İlham Əliyevlə görüşmək imka­nım olmayıb. Ümid edirəm ki, nə vaxtsa Azərbaycana səfər edəndə bu cür yüksək ordenə layiq görüldüyüm üçün Prezident Əliyevə şəxsən təşəkkür edə biləcəyəm. Mən hətta Çin kalliqrafiya sənəti janrın­da Azərbaycan Prezidentinin rəsmini də çəkmişəm. Əgər Azərbaycana səfər edə bilsəm, ölkənizi daha yaxından tanımaq, ən əsası isə dahi Nizaminin doğma şəhəri Gəncəni görmək istərdim”.

Heykəltəraş Nizaminin büstünü 8 aya hazırlayıb. O, büst üzərində işləyərkən şairin daxili aləmini təqdim etmək üçün, ilk növbədə onun əsərlərini də mütaliə edib. “Nizami Gəncəvi Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi dahidir. Onun poeziyası mənəvi kamilliyi, insanpərvərliyi ilə fərqlənir. Çaoyan parkında yerləşən Cintay İncəsənət Mərkəzinin ərazisində dünyanın müxtəlif xalqlarının tanın­mış şəxsiyyətlərinin büstləri var. On­ların içərisində Nizami ən görkəmli sənətkarlardan biridir. Əsərlərini ona görə mütaliə etmək qərarına gəldim, çünki bu, mənə dahi Nizaminin obrazını yaratmaq­da ən yaxşı bələdçi olacaqdı. Burada abidələri olan digər görkəmli şəxsiyyətlərlə müqayisədə Nizami Gəncəvinin tərənnüm etdiyi ideyalar təkcə öz xalqına ünvanlan­mayıb. Nizami öz əsərləri ilə bütün dünya xalqlarını ədalətə, humanizmə, saf sevgiyə çağırıb. Məhz elə ona görədir ki, Şərq poeziyasının görkəmli nümayəndəsi olan Nizamini bütün dünyad tanıyır, əsərlərini oxuyurlar, zəngin irsini araşdırırlar. Bu parkı ziyarət edənlər dünya ədəbi irsində Nizami Gəncəvi kimi bir dahinin olması barədə məlumat əldə edə bilərlər. Bu işdə mənim də əməyim olduğu üçün çox qürur­luyam”, – deyə heykəltəraş bildirib.

Hazırladı: M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

12 Fevral 2021 01:24 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
19 Sentyabr 2021 | 00:15
Sazın sehri, sözün qüdrəti

Köhnə versiyamızdan xəbərləri izlə