Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qarabağ qəhrəmanları” Fondu – kitabxana sistemində ilk təşəbbüs

Bu günlərdə Bakının əsas kitabxanalarının birində – AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) cəmiyyətimiz üçün mühüm əhəmiyyət kəsb edən bir fond yaradılacağı barədə məlumat verilmişdi. “Qarabağ qəhrəmanları” adlanan bu fond Azərbaycan kitabxana sistemində bir ilk idi.

Bizim üçün maraqlı olan bu təsisat barədə ətraflı məlumat almaq üçün MEK-ə yollandıq. Əlbəttə, elmi kitabxananın bu günə qədər atdığı bir sıra addımlar, keçirdiyi tədbirlər barədə mütəmadi məlumatları işıqlandırmışıq. Lakin ölkəmizin 44 günlük Vətən müharibəsi, müzəffər ordu­muzun 30 illik erməni işğalına son qoyması minlərlə şəhid və qazilərimizin canı və qanı bahasına qazandığımız böyük zəfərin cəmiyyətimizdə yaratdı­ğı möhtəşəm ruh yüksəkliyini, döyüşçülərimizin qəhrəmanlığı haqqında məlumatların oxu­culara çatdırılmasını bir daha zəruri edir. Belə olan təqdirdə “Qarabağ qəhrəmanları” Fondunun yaranma səbəbi, gələcək fəaliyyəti hər bir oxu­cumuz üçün də maraqlı olar. Fondun fəaliyyəti və hədəfləri barədə kitabxananın direk­toru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev və fonda rəhbərlik edəcək Röksanə Səfərzadə məlumat verdilər.

M. Əliyev bildirdi ki, belə bir fond kitabxanalar arasında ilk addımdır. Əlbəttə, bizə görə şəhidlərimizin, qazilərimizin borcu ödənilməzdir. Biz nə etsək də, yenə azdır. Lakin onların qəhrəmanlıqlarını, şücaətlərini tanıtmaq, təbliğ etmək missiyasının bir hissəsi də kitabxanaların üzərindədir. Həm də Milli Elmlər Aka­demiyası Azərbaycanın ən böyük elm məbədidir. Burada çoxsaylı alimlər, mütəxəssislər, ziyalılar çalışırlar. MEK də akademiyanın bir hissəsidir. Burada belə bir fondun olması əhəmiyyətlidir. Çünki igid hərbçilərimizin məhz ziyalılar tərəfindən yaxından tanınıb, təbliğ edilməsində fayda var. Çünki ziyalı öz qəhrəmanını daha yaxından tanıyanda cəmiyyətin digər hissələrinə də təbliğ edir, öyrədir. MEK-ə həm də tələbələr müraciət edirlər. Bu, onlar üçün də faydalıdır. Gələcəkdə kitab­xanaya müraciət edəcək yerli və əcnəbi istifadəçilər bu fondla tanış olacaq­lar. Azərbaycanın müasir qəhrəmanlıq salnaməsini yaradan bu igidlərimizi daha yaxından tanıyacaqlar. Bir sözlə, qəhrəmanlarımızın xatirəsi qarşısında cəmiyyət üçün əhəmiyyət daşıyan nəsə etməyə çalışmışıq. Təsadüfi deyildir ki, “Qara­bağ qəhrəmanları” Fonduna rəhbərlik etməyi də uzun illərdir kitabxanamızın fəal işçilərindən olan, “Azərbaycanşünaslıq” şöbəsinin müdiri Röksanə Səfərzadəyə həvalə etmi­şik. Röksanə xanım tarixi qələbəmizdə mühüm payı olan “Zəfər” ordenli şəhidimiz, Azərbaycan Ordusunun polkovniki Babək Səmidlinin bacısıdır. Əminik ki, bu işi, o, daha yaxşı təşkil edəcək.

Söhbət zamanı fonda daxil olan yeni materiallarla tanış olduq. Diqqətimizi bir sıra şəhidlərimizin şəxsi arxivinə aid olan foto albomlar, fəxri fərmanlar, eyni zamanda, qəhrəmanlarımızın maraqlan­dığı, oxuduğu elmi və bədii kitablar çəkdi. Əlbəttə, hər bir vətəndaşımız, soydaşımız üçün maraqlı olacaq nüansdır. Cəmiyyətimiz öz qəhrəmanının tək Vətən uğrunda şücaətini, fədakarlığını deyil, həm də ma­raq dünyasını, fərdi uğurlarını, düşüncəsini də öyrənmək istəyir.

Röksanə xanım dedi ki, qardaşı Vətən müharibəmizin qəhrəmanlarından olan, şəhid Babək Səmidliyə məxsus olan kitabları, yazıları, Türkiyədə təhsil aldığı hərbi məktəbin məzun foto-albomu da daxil olmaqla, bir sıra materialları fonda təhvil verib. Artıq bir sıra şəhid ailələri və qazilərimizlə danışılıb. Tez bir zamanda fonda dair materialların top­lanması prosesi daha ardıcıl xarakter alacaq. Pandemiya və sərt karantin səbəbindən işlər müəyyən dərəcədə ləng getsə də, bütövlükdə, fondun yaradılmasına başlanmışdır. Röksanə xanım vurğuladı ki, bu işləri görmək, bu hər birimizin mənəvi borcudur. Əlbəttə, mənim üçün isə bu, nə qədər çətin olsa da, daha ülvi və daha məsuliyyətli bir məsələdir.

R. Səfərzadə onu da əlavə etdi ki, fondda Birinci və İkinci Qarabağ müharibəsinə həsr olunmuş kitablar, məqalələr, müsahibələr, fotolar, televizi­ya verilişləri, sənədli və bədii filmlər toplanılacaq. Həmçinin gələcəkdə də bu mövzuya həsr olunacaq nəşrlər fon­da daxil edilərək oxucuların istifadəsinə veriləcək. Bu fondun yaradılmasında elə əsas məqsədlərdən biri də 30 ilə yaxın davam etmiş Qara­bağ münaqişəsinə həsr edilən sənədləri sistemli şəkildə topla­yaraq, mühafizə etməkdir.

Beləliklə, AMEA Mərkəzi Elmi Kitabxanasında fəaliyyətə başlayacaq “Qarabağ qəhrəmanları” Fondu ilə bağlı gördüklərimiz bizdə çox böyük əhəmiyyəti olan bir qurumun təşkil edildiyinə bir əminlik və məmnunluq yaratdı.

Anar TURAN, “Xalq qəzeti”

12 Fevral 2021 00:56 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə