Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İqtisadiyyatda qeyri-neft sektorunun payının artırılması əsas vəzifələrdən biridir

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də bildirilir ki, yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər. Buna görə də iqtisadiyyatda qeyri-neft sektorunun payının artması əsas məqsəd kimi vurğulanır və qarşıdakı dövrdə bu sahənin dinamik inkişafının diqqət mərkəzində saxlanılacağı bildirilir.

Ümumiyyətlə, son illərdə Azərbaycan Prezidenti tərəfindən neft və qazdan asılılığın azaldılması məqsədilə bir sıra önəmli layihələr reallaşdırılıb. Məsələn, elə 2020-ci ildə sənaye parkları və məhəllələrinin, aqroparkların yaradılması, müa­sir texnologiyaların tətbiqi və s. ilə bağlı tədbirlərin davam etdirilməsi nəticəsində bir sıra müsbət nəticələr əldə olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, neft-qaz sektoruna yatırılan investisiya­ların həcmi 0,3 faiz artıb. İstifadə olunan vəsaitin 11 milyard 175 milyon manatı və ya 65,6 faizi məhsul isteh­salı sahələrinə, 4 milyard 485 milyon manatı (26,4 faizi) xidmət sahələrinə, 1 milyard 367 milyon manatı (8 faizi) isə yaşayış evlərinin tikintisinə sərf edilib.

Dövlət Statistika Komitəsinin məlumatında hesabat dövründə sənayenin qeyri neft-qaz sektorun­da məhsul istehsalının 12,5 faiz yüksəldiyi bildirilir. Bu artım tempi qlobal trend olaraq dördüncü sənaye inqilabı ilə səsləşir.

Sənayenin ÜDM-də xüsusi çəkisinə görə, Avropada ön sıra­da gedən respublikamız hazırda sənayenin strukturunda neftdən qeyri-neft bölməsinə uğurlu keçid reallaşdı­rır. Bunun nəticəsidir ki, əsas kapitala yönəldilən vəsaitlərin 11 milyard 911 milyon manatını və ya 69,9 faizini daxili vəsaitlər təşkil edir.

Pandemiya şəraitində yüksək göstərici sayılan bu rəqəm həm də neft sənayesində əldə edilən artımın mərhələli şəkildə qeyri-neft sektoru­na transfer olunması deməkdir. Belə bir vəziyyət isə ondan xəbər verir ki, qeyri-neft sektoru əldə edilən iqtisadi artıma dominant şəkildə təsir göstərir. Bu, eyni zamanda, 2015-ci ildən son­ra dərinləşən islahatlar nəticəsində iqtisadiyyatın mərhələli vəziyyətdə şaxələnməsinin real nəticələri ilə bağlıdır.

Növbəti 10 il ərzində isə Qarabağ bölgəsində biznes üçün yaradıla­caq əlverişli şərait, yerli istehsala yönələn layihələrin reallaşdırılması emal müəssisələrinin xammala olan tələbatının daxili istehsal hesabına ödənilməsinə, aqrar-sənaye potensi­alının artırılmasına, xüsusilə əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına mühüm töhfə verəcək. Bu isə Qara­bağ bölgəsində kənd təsərrüfatının imkanlarından səmərəli istifadə, yerli məhsulların rəqabətqabiliyyətlinin artırılması, məşğulluğun təmin edilməsi və nəticədə iqtisadi fəallığın genişlənməsi deməkdir.

Mirəli ALOSMANOV,
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru

12 Fevral 2021 00:27 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə