Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağın dirçəldilməsi ümumxalq işinə çevrilmişdir

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində yağı düşmən üzərində parlaq qələbə qazanaraq, ölkəmizin ərazi bütövlüyünü təmin etmişdir. Bununla da, xalqımızın 30 illik torpaq həsrətinə son qoyulmuş, Qarabağda tarixi ədalət bərpa edilmişdir.

Bu möhtəşəm qələbə müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik strateji siyasəti və qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun qeyri-adi qəhrəmanlığı, bütün xalqımızın sar­sılmaz birliyi sayəsində mümkün olmuşdur. Əminəm ki, onillər, qərinələr, əsrlər keçsə də, Azərbaycan xalqı bu tarixi zəfərlə daim fəxarət hissi duyacaq.

Ali Baş Komandan İlham Əliyev Şuşada əsgərlər qarşısında Vətən müharibəsində şanlı qələbənin tarixi əhəmiyyətinə qiymət verərkən demişdir: “Bu müharibə bizim tariximizdə əbədi yaşayacaq. Bu müharibəni biz şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin şücaəti hesabına qazanmışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah onların yaxınlarına səbir versin!”

Qeyd etmək istəyirəm ki, Qarabağdakı tarixi zəfər Azərbaycanın hərtərəfli inkişafı və tərəqqisi üçün geniş imkanlar açmışdır. Ölkə əhalisi hazırda böyük ruh yüksəkliyi yaşayır. İnsanların sabaha inamı artıb, qurub-yaratmaq həvəsi yüksəlib.

Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə böyük tikinti-quruculuq və abadlıq işlərinə start vermişdir. Zərrə qədər şübhə etmirəm ki, tezliklə Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə gözəl Şuşa, külli Qarabağı yenidən dirçələcək, bu qədim və bərəkətli torpaq əvvəlkindən də gözəl bir məkana çevriləcək.

Məlumdur ki, ermənilər işğal etdikləri ərazilərdə barbarcasına hər şeyi dağıdıblar. Evləri viran qoyublar, ağacları kəsiblər, meşələri yandırıblar. Hətta Kəlbəcəri tərk edərkən ermənilər arı pətəklərini belə yandırıblar. Bu, əsl vəhşilikdir, deyilmi?

Yaxud, Ermənistan silahlı qüvvələri Qarabağda işğal etdikləri ərazilərdə saysız-hesabsız minalar yerləşdiriblər. Ermənistan hökuməti üçtərəfli razılaşma əldə olunandan sonra belə min bir bəhanə ilə qarşı tərəfə minaların xəritəsini vermək istəmir. Bu zaman təkcə günahsız azərbaycanlılar deyil, rusiyalı sülhməramlılar da həlak olurlar. Buna nə ad verəsən?!

Bəli, erməni xisləti budur! Bunu bütün dünya da, ermənilərə havadarlıq edənlər də görür və şoka düşürlər. Azərbaycan xalqı isə mənfur ermənilərdən tam fərqli olaraq, qurub-yaratmağı sevən, sivil, mədəni bir xalqdır. Zaman kimin kim olduğunu bariz şəkildə üzə çıxardı!

İndi Qarabağ torpağı düşmənin xaincəsinə basdırdığı minalardan təmizlənir, burada yeni işıq, təbii qaz xətləri bərpa edilir, rahat yollar salınır. Bir sözlə, hər yerdə lazımi infrastruktur qurulur. Bu geniş miqyaslı işlər başa çatdırılandan sonra Qarabağın həqiqi sahibləri öz doğma torpaqlarına, ata-baba yurdlarına qayıdacaqlar. İnsanlar ermənilərin viran qoyduqları Qarabağın bərəkətli torpaqlarını əkib-becərəcəklər. Düşünürəm ki, ən yaxın aylar, illər ərzində Qarabağın yenidən xoşbəxt və firavan günləri başlanacaq.

Qarabağın dirçəldilməsi və inkişaf etdirilməsi ümumxalq işidir. Bu iş təkcə dövlətin, onun müvafiq qurumlarının üzərinə düşməməlidir. Özəl qurumlar, sahibkarlar, xaricdə yaşayan soydaşlarımız, ölkəmizin başqa bölgələrində məskunlaşan əhali, Azərbaycanın bütün vətənpərvər insanları bu xeyirxah missiyaya öz töhfələrini verməyə borcludurlar.

İnanıram ki, bu sahədə hər kəs əlindən gələni edəcək. Çünki Qarabağın yenidən qurulması igid əsgərlərimizin Qarabağda ağır döyüşlərdə qazandıqları şanlı qələbə qədər vacibdir. Bu, bir həqiqətdir ki, torpağı əkib-becərməsən, onu qoruya bilməzsən. Möhtərəm Prezidentimiz İlham Əliyevin fəxrlə dediyi kimi, Qarabağ Azərbaycandır! Bu, əbədi belə olacaq!

Biz, əlbəttə birlikdə Qarabağın dirçəldilməsi ilə bağlı qarşımızda duran möhtəşəm vəzifənin öhdəsindən layiqincə gələcəyik. Zaman Azərbaycan dövlətinin və xalqının xeyrinə işləyir. Azərbaycan haqq və ədalət yolundadır!

Anatoli RAFAİLOV,
Milli Məclisin deputatı

12 Fevral 2021 00:20 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə