Ən son xəbərlər
№ 31 Bakı şəhəri, 8 fevral 2021-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2565; 2018, № 12 (II kitab), maddə 2730; 2019, № 7, maddələr 1318, 1334) ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.2-ci bənddə “yalnız dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayının və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada Xidmətdə və ya “DOST” Mərkəzində” sözləri “əmək münasibətlərinə “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsində nəzərdə tutulan əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq” sözləri ilə əvəz edilsin.
2. 1.3-cü bənddə “dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayının və ya ştatların ixtisar edilməsi nəticəsində” sözləri “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsində nəzərdə tutulan əsaslarla” sözləri ilə əvəz edilsin.
3. 4.1-ci, 4.4-cü, 4.9-cu, 5.1-ci və 5.4-cü bəndlər aşağıdakı redaksiyada verilsin:
“4.1. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.2.1-ci maddəsində nəzərdə tutulan şəxslər üçün sığorta ödənişi sığorta stajından asılı olmayaraq, onların itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır.
4.4. Bu Qaydanın 4.2-ci bəndinə uyğun olaraq, sığorta ödənişinin hesablanması üçün orta aylıq əməkhaqqının məbləği Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində (bundan sonra – MEİS) sığortaolunanların sığorta haqları üzrə hesabatlarda olan aylıq gəlirləri barədə məlumatları əsasında müəyyən edilir.
4.9. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.2.2-ci və 13.2.3-cü maddələrində nəzərdə tutulan şəxslərə minimum sığorta ödənişi təyin edilir. Həmin Qanunun 16-cı maddəsinə əsasən minimum sığorta ödənişi minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur.
5.1. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-1-ci maddəsinə uyğun olaraq, sığorta ödənişi avtomatlaşdırılmış qaydada təyin edilir. Sığorta ödənişinin avtomat-laşdırılmış qaydada təyin edilməsi üçün tələb olunan sənədlər (məlumatlar) tam olmadıqda, həmin sənədlərin (məlumatların) təqdim edilməsinə dair MEİS vasitəsilə sığortaolunanın elektron ünvanına və mobil telefonuna (olduğu halda) bildiriş göndərilir.
5.4. Bu Qaydanın 4.10-cu bəndində nəzərdə tutulan hal istisna olmaqla, ilk dəfə sığorta ödənişi təyin olunduğu vaxtdan 24 ay ərzində “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş münasib işlə təmin olunmayan şəxsin bir dəfə təkrar müraciət edərək yenidən minimum sığorta ödənişi almaq hüququ vardır. Belə olan halda təkrar sığorta ödənişi bu Qaydanın 5.1-ci bəndinə uyğun həyata keçirilir. Bu Qaydanın 4.10-cu bəndində nəzərdə tutulan şəxslərə təkrar sığorta ödənişinin təyin olunmasına yol verilmir.”.
4. Aşağıdakı məzmunda 4.10-cu bənd əlavə edilsin:
“4.10. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.2.3-cü maddəsində nəzərdə tutulan halda işsizliyin başlanmasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respub-likasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 35 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə işsiz kimi qeydiyyata alındığı tarixdən 3 ay sonra minimum sığorta ödənişi təyin edilir. Bu halda sığorta ödənişinin müddəti 3 ay təşkil edir və hər ay üçün bərabər məbləğdə ödənilir.”.
5. 5-ci bənd üzrə:
5.1. birinci cümlədə “MAS” abreviaturası “Məşğulluq” altsistemi (bundan sonra – MAS)” sözləri ilə əvəz edilsin;
5.2. ikinci cümlədə “ərizədə qeyd edilmiş” sözləri “onun” sözü ilə əvəz edilsin.
6. 6.3-cü bənd və həmin Qaydaya 1 nömrəli əlavə ləğv edilsin.
7. 6.4-cü bənddə “onun” sözü “sığorta ödənişini alan şəxsin” sözləri ilə və “Müraciət-Ərizədə qeyd edilmiş” sözləri “onun” sözü ilə əvəz edilsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Köhnə versiyamızdan xəbərləri izlə