Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 26 Bakı şəhəri, 2 fevral 2021-ci il

“Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 902 nömrəli Fərmanının 1.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 3, maddə 488) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Qərarın 1-ci və 2-ci hissələri ləğv edilsin.

2. “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Elektron qaimə-fakturanın forması, tətbiqi,

uçotu və istifadəsi

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəl-ləsinin (bundan sonra – Vergi Məcəlləsi) 71-1.2-ci maddəsinə əsasən hazırlanmışdır və elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi qaydalarını müəyyən edir.

1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir.

1.3. Bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir.

1.4. Elektron qaimə-faktura aşağıdakı şəxslər istisna olmaqla, yalnız vergi ödəyicisi kimi uçota alınmış şəxslər tərəfindən hazırlanır və təqdim edilir:

1.4.1. bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi;

1.4.2. dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi;

1.4.3. notariuslar tərəfindən (notariat hərəkətlərinin aparıl-masına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi.

1.5. Vergi ödəyicisi kimi uçotda olmayan alıcıya iş, xidmət və pərakəndə qaydada mal təqdim edildikdə, ona qəbz və ya çek verilir.

 

2. Elektron qaimə-fakturanın tərtib edilməsi

 

2.1. Elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında (bundan sonra – Portal) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və göndərir.

2.2. Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq aşağıdakı növlərdə elektron qaimə-faktura tərtib edilir:

2.2.1. malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə  (1 nömrəli əlavə);

2.2.2. malların qaytarılması barədə (2 nömrəli əlavə);

2.2.3. malların qaytarılması istisna olmaqla, Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən verilən (3 nömrəli əlavə);

2.2.4. malların vəkalətverən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə (4 nömrəli əlavə);

2.2.5. agent (komisyonçu) tərəfindən malların alıcısına təqdim edilən (5 nömrəli əlavə);

2.2.6. agent (komisyonçu) tərəfindən malların vəkalətverənə (komitentə) qaytarılması barədə (6 nömrəli əlavə);

2.2.7. malların emala verilməsi barədə (7 nömrəli əlavə);

2.2.8. emal prosesi keçmiş malların qaytarılması barədə         (8 nömrəli əlavə);

2.2.9. Vergi Məcəlləsinin 177.5-ci maddəsinə əsasən verilən   (9 nömrəli əlavə).

2.3. Elektron qaimə-fakturada (malların emala verilməsi barədə elektron qaimə-faktura üzrə bu Qaydaların 2.3.13-cü, 2.3.15-    2.3.17-ci və 2.3.23-cü yarımbəndləri və emal prosesi keçmiş malların qaytarılması barədə elektron qaimə-faktura üzrə bu Qaydaların 2.3.8-ci, 2.3.13-cü, 2.3.14-cü, 2.3.17-ci və 2.3.23-cü yarımbənd-lərində qeyd edilmiş məlumatlar istisna olmaqla) aşağıdakı məlumatlar əks etdirilir:

2.3.1. elektron qaimə-fakturanın verilmə tarixi, seriyası və nömrəsi;

2.3.2. elektron qaimə-fakturanın növü;

2.3.3. göndərən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və tam adı;

2.3.4. qəbul edən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və tam adı;

2.3.5. əsas;

2.3.6. əlavə qeydlər;

2.3.7. sıra nömrəsi;

2.3.8. malın (işin, xidmətin) adı;

2.3.9. malın (işin, xidmətin) kodu;

2.3.10. malın barkodu;

2.3.11. malın (işin, xidmətin) ölçü vahidi;

2.3.12. malın (işin, xidmətin) miqdarı, həcmi;

2.3.13. malın (işin, xidmətin) vahidinin satış qiyməti (manatla);

2.3.14. malın (işin, xidmətin) cəmi məbləği (manatla, ƏDV, aksiz və yol vergisi  istisna olmaqla);

2.3.15. aksizli mallarda aksizin dərəcəsi;

2.3.16. aksizli mallarda aksizin məbləği (manatla);

2.3.17. malın (işin, xidmətin) cəmi dəyəri (manatla, ƏDV və yol vergisi  istisna olmaqla);

2.3.18. ƏDV-yə 18 faiz dərəcə ilə cəlb edilən əməliyyatların dəyəri (manatla);

2.3.19. ƏDV-yə “0” dərəcə ilə cəlb edilən əməliyyatların dəyəri (manatla);

2.3.20. ƏDV-dən azad olunan əməliyyatların dəyəri (manatla);

2.3.21. ƏDV-yə cəlb edilməyən əməliyyatların dəyəri (manatla);

2.3.22. ƏDV-nin məbləği (manatla);

2.3.23. yol vergisi (manatla);

2.3.24. yekun məbləğ (manatla, rəqəmlə);

2.3.25. cəmi;

2.3.26. yekun məbləğ (manatla, rəqəm və yazı ilə);

2.3.27. elektron qaimə-fakturanı imza etmiş məsul şəxslərin (rəhbər, fərdi sahibkar və ya baş mühasib) vəzifəsi, soyadı, adı;

2.3.28. elektron qaimə-fakturanı təhvil verən və təhvil alan şəxslərin soyadı, adı, atasının adı;

2.3.29. ştrix-kod (sənədin avtomatik identifikasiya edilməsi üçün istifadə olunan kod).

2.4. Elektron qaimə-fakturanın növündən asılı olaraq, elektron qaimə-fakturada bu Qaydaların 2.3-cü bəndində qeyd olunan məlumatlarla yanaşı, aşağıdakı məlumatlar da əks etdirilir:

2.4.1. malların qaytarılması barədə elektron qaimə-faktura üzrə:

1. əlavə qeydlər sətrində malların qaytarılması zamanı malların xarab (zay) və ya qüsurlu olması, yararlılıq müddətinin bitməsi, lazımi keyfiyyətdə olmaması və ya satışa yararlı olmaması və s.;

2. malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturanın seriyası, nömrəsi və tarixi;

2.4.2. malların qaytarılması istisna olmaqla, Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən verilən elektron qaimə-faktura üzrə:

1. əlavə qeydlər sətrində qiymətlərin aşağı düşməsi və ya artımı, hər hansı səbəbdən əməliyyat üçün razılaşdırılmış kompen-sasiyanın dəyişməsi, əməliyyatın xarakterinin dəyişməsi və s.;

2. malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimə fakturanın seriyası, nömrəsi və tarixi;

2.4.3. agent (komisyonçu) tərəfindən malların alıcısına təqdim edilən elektron qaimə-faktura üzrə malların vəkalətverən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə elektron qaimə-fakturanın seriyası, nömrəsi və tarixi;

2.4.4. agent (komisyonçu) tərəfindən malların vəkalətverənə (komitentə) qaytarılması barədə elektron qaimə-faktura üzrə:

1. əlavə qeydlər sətrində malların qaytarılması zamanı malların xarab (zay) və ya qüsurlu olması, yararlılıq müddətinin bitməsi, lazımi keyfiyyətdə olmaması və ya satışa yararlı olmaması və s.;

2. malların vəkalətverən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə elektron qaimə-fakturanın seriyası, nömrəsi və tarixi;

2.4.5. malların emala verilməsi barədə elektron qaimə-faktura üzrə:

1. malın vahidinin dəyəri (manatla);

2. göstəriləcək emal xidmətlərinin dəyəri (manatla);

3. Vergi Məcəlləsinin 183.2-ci maddəsinə əsasən hesabla-nacaq aksizin məbləği;

2.4.6. emal prosesi keçmiş malların qaytarılması barədə elektron qaimə-faktura üzrə:

1. malların emala verilməsi barədə elektron qaimə-fakturanın seriyası, nömrəsi və tarixi;

2. emal olunmuş malın adı;

3. emala verilən mallardan istifadə edilən (silinən) malların dəyəri (manatla).

2.5. Elektron qaimə-faktura aşağıdakı qaydada doldurulur:

2.5.1. “Növü” sətrində - elektron qaimə-fakturanın növü kimi cari, düzəliş və ya ləğv olması seçilir. Düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi halda, elektron qaimə-fakturanın “Növü” sətrində “Düzəliş” qeydi seçilməklə düzəliş edilən elektron qaimə-fakturanın seriyası, nömrəsi, tarixi və düzəlişin səbəbi “Əlavə qeydlər” sətrində göstərilir;

2.5.2. elektron qaimə-fakturanın “Göndərən” sətrində elektron qaimə-fakturanı göndərən vergi ödəyicisinin tam adı və VÖEN-i, “Qəbul edən” sətrində isə elektron qaimə-fakturanı qəbul edən vergi ödəyicisinin tam adı və VÖEN-i göstərilməlidir;

2.5.3. elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəl-cədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur;

2.5.4. “Sıra №-si” sütununda - malların (işlərin, xidmətlərin) adlarının ardıcıl nömrələri qeyd edilir;

2.5.5. “Malın (işin, xidmətin) adı” sütununda - malın (işin, xidmətin) adları göstərilir;

2.5.6. “Malın (işin, xidmətin) kodu” sütununda malın (işin, xidmətin) kodu göstərilir;

2.5.7. “Malın barkodu” sütununda malın barkodu göstərilir;

2.5.8. “Ölçü vahidi” sütununda - malın (işin, xidmətin) ölçü vahidi göstərilir;

2.5.9. “Miqdarı, həcmi” sütununda - malın (işin, xidmətin) miqdarı (həcmi) göstərilir;

2.5.10. “Vahidinin satış qiyməti” sütununda - malın (işin, xidmətin) müəyyən olunmuş ölçü vahidinin qiyməti (ƏDV, aksiz və yol vergisi nəzərə alınmadan) göstərilir;

2.5.11. “Cəmi məbləği” sütununda - malın (işin, xidmətin) ümumi dəyəri (ƏDV, aksiz və yol vergisi nəzərə alınmadan) göstərilir;

2.5.12. “Aksiz” dərəcəsi sütununda - aksizli mallar üzrə aksizin dərəcəsi, “Aksiz” məbləği sütununda aksizli mallar üzrə aksizin ümumi məbləği göstərilir;

2.5.13. “Malın (işin, xidmətin) dəyəri (ƏDV-siz manatla)” qrafasının cəmi sütununda - malın (işin, xidmətin) ümumi dəyəri ilə aksizin məbləğinin cəmi göstərilir;

2.5.14. “o cümlədən, ƏDV-yə 18 faiz dərəcə ilə cəlb edilən əməliyyatların dəyəri” sütununda - malın (işin, xidmətin) ƏDV-yə    18 faiz dərəcə ilə cəlb olunan dəyəri göstərilir;

2.5.15. “o cümlədən, ƏDV-yə “0” dərəcə ilə cəlb edilən əməliy-yatların dəyəri” sütununda malın (işin, xidmətin) ƏDV-yə “0” dərəcə ilə cəlb edilən dəyəri göstərilir;

2.5.16. “o cümlədən ƏDV-dən azad olunan əməliyyatların dəyəri” sütununda - malın (işin, xidmətin) ƏDV-dən azad olunan dəyəri göstərilir;

2.5.17. “o cümlədən, ƏDV-yə cəlb edilməyən əməliyyatların dəyəri” sütununda - malın (işin, xidmətin) ƏDV-yə cəlb edilməyən dəyəri göstərilir;

2.5.18. “ƏDV məbləği” sütununda eyni bir sətir üzrə “ƏDV-yə 18 faiz dərəcə ilə cəlb edilən əməliyyatların dəyəri” sütununda göstərilən rəqəmin ƏDV-nin Vergi Məcəlləsinin 173.1-ci maddəsi ilə müəyyən edilən dərəcəsinə vurulmaqla proqram tərəfindən avtomatik hesablanan ƏDV məbləği göstərilir;

2.5.19. “Yol vergisi” sütununda yol vergisinin məbləği göstərilir;

2.5.20. “Yekun məbləğ” sütununda “malın (işin, xidmətin) dəyəri (ƏDV-siz, manatla)” qrafasının “Cəmi” sütunundakı məbləğlə “ƏDV məbləği (manatla)” və “Yol vergisi (manatla)” sütunlarındakı məbləğlərin cəmi qeyd olunur;

2.5.21. “Cəmi” sətrində müvafiq bəndlərin sütunlarının cəm məbləğləri proqram tərəfindən avtomatik hesablanır. Elektron qaimə-faktura bir neçə səhifədən ibarət olduqda isə “Cəmi” sətri sonuncu səhifədə göstərilir.

2.6. Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatların xarakterindən asılı olaraq, bu Qaydaların 2.2-ci bəndində göstərilən elektron qaimə-fakturalardan uyğun olanı seçilir.

2.7. Elektron qaimə-fakturada məbləğ Azərbaycan Respublika-sının pul vahidi olan manatla göstərilir.

2.8. Elektron qaimə-fakturanın seriyası, nömrəsi və verilmə tarixi proqram tərəfindən avtomatik generasiya olunur. Elektron qaimə-fakturanın gücləndirilmiş elektron imza vasitəsilə imzalanaraq göndərildiyi tarix həmin elektron qaimə-fakturanın verilmə tarixi sayılır.

2.9. Elektron qaimə-fakturanın bütün xanalarının doldurulması zəruridir, onun boş qalmış sətirləri olduqda, bunlar proqram təminatı tərəfindən “0” (sıfır) kimi qəbul edilir.

2.10. “Malların qaytarılması barədə” elektron qaimə-faktura tərəflər arasında bağlanılmış müqaviləyə əsasən mal qaytarıldıqda malları qaytaran şəxs tərəfindən tərtib edilir. Malların qaytarılması zamanı malların xarab (zay) və ya qüsurlu olması, yararlılıq müddətinin bitməsi, yaxud lazımi keyfiyyətdə və ya satışa yararlı olmaması barədə “Əlavə qeydlər” sətrində müvafiq seçim edilir.

2.11. Malların (işlərin, xidmətlərin) qiymətlərində dəyişikliklər olduqda, əməliyyatın xarakteri dəyişdikdə (vergiyə cəlb edilən əməliyyatın sonradan vergidən azad olunan əməliyyata dəyişdiril-məsi və yaxud əksinə vergidən azad olunan əməliyyatın vergiyə cəlb olunan əməliyyata dəyişdirilməsi), habelə sonradan vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar (malların tam və ya qismən qaytarılması halları istisna olmaqla) üzə çıxdıqda vergi ödəyicisi tərəfindən “malların qaytarılması istisna olmaqla, Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən verilən” elektron qaimə-faktura tərtib edilir. Bu zaman malların (işlərin, xidmətlərin) miqdarında dəyişiklik (artım və ya azalma) edilmir, yalnız malların (işlərin, xidmətlərin) qiymətində dəyişiklik (artım və ya azalma) olunur. Təqdim edilmiş elektron qaimə-fakturada göstərilən malların (işlərin, xidmətlərin) qiymətində artım və ya azalma baş verdikdə, bu zaman qiyməti artırılan və ya azaldılan mallara (işlərə, xidmətlərə) münasibətdə ayrıca elektron qaimə-fakturalar tərtib edilir.

2.12. Mallar agentə (komisyonçuya) verilən zaman komitent (vəkalətverən) tərəfindən “malların vəkalətverən (komitent) tərə-findən agentə (komisyonçuya) verilməsi barədə” elektron qaimə-faktura tərtib edilir.

2.13. Agent tərəfindən mallar vergi orqanında uçotda olan şəxsə təqdim edildikdə, “agent (komisyonçu) tərəfindən malların alıcısına təqdim edilən” elektron qaimə-faktura tərtib edilir.

2.14. Agent (komisyonçu) tərəfindən mallar vəkalətverənə (komitentə) qaytarıldıqda “agent (komisyonçu) tərəfindən malların vəkalətverənə (komitentə) qaytarılması barədə” elektron qaimə-faktura tərtib edilir. Malların qaytarılması zamanı malların xarab (zay) və ya qüsurlu olması, yararlılıq müddətinin bitməsi, yaxud lazımi keyfiyyətdə və ya satışa yararlı olmaması barədə “Əlavə qeydlər” sətrində müvafiq seçim edilir.

2.15. Vergi ödəyicisi tərəfindən mallar emal edilməsi məqsədilə digər vergi ödəyicisinə verildikdə “malların emala verilməsi barədə” elektron qaimə-faktura tərtib edilir və malların dəyəri elektron qaimə-fakturada göstərilir.

2.16. Emal məqsədləri üçün alınmış mallar emal edildikdən sonra təhvil verilərkən malları emal edən vergi ödəyicisi tərəfindən “emal prosesi keçmiş malların qaytarılması barədə” elektron qaimə-faktura tərtib edilir. Bu zaman tərtib edilən elektron qaimə-fakturada emal edilmiş malların dəyəri istisna olmaqla, məhsula dair bütün məlumatlar əks etdirilir. Göstərilmiş emal xidmətinin dəyəri ilə bağlı “malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” elektron qaimə-faktura tərtib edilir və həmin elektron qaimə-fakturada “emal prosesi keçmiş malların qaytarılması barədə” elektron qaimə-fakturanın seriyası, nömrəsi və tarixi qeyd edilməklə, mallar təhvil verilən vergi ödəyicisinə təqdim edilir.

2.17. Vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 177.5-ci maddəsində nəzərdə tutulan hallarda təqdim edilmiş mallar (işlər və xidmətlər) üçün “Vergi Məcəlləsinin 177.5-ci maddəsinə əsasən verilən” elektron qaimə-faktura tərtib edilir. Bu zaman verilən elektron qaimə-fakturada vergi ödəyicisinin ƏDV qeydiyyatı qüvvəyə mindiyi tarixdən etibarən təqdim edilən elektron qaimə-fakturalar, habelə əməliyyatın aparılmasına əsas verən digər sənədlər elektron qaimə-fakturanın əlavə qeydlər sətrində qeyd edilməlidir.

2.18. Elektron qaimə-faktura tərtib edilən zaman göndərilmiş, yaxud təqdim olunmuş malların (işlərin, xidmətlərin) adlarının dəqiq qeyd edilməməsinə, ümumiləşdirilmiş adlardan (məsələn, “mallar”, “tikinti materialları”, “müqaviləyə əsasən iş, xidmət” və digər bu kimi adlar) istifadə edilməsinə yol verilmir.

 

3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi

 

3.1. Vergi ödəyicisi elektron qaimə-fakturanı elektron formada göndərir.

3.2. Elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.

3.3. Cari elektron qaimə-faktura göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

3.5. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri göndərildiyi ayın sonuncu gününədək qəbul edən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir.

3.6. Vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaimə-fakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır.

3.7. Elektron qaimə-faktura aşağıdakı müddətlərdə təqdim edilir:

3.7.1. malların təqdim edilməsi üzrə mallar göndərilən (verilən) vaxt;

3.7.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 (beş) gün müddətində;

3.7.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 (beş) gün müddətində;

3.7.4. malların qaytarılması üzrə malların qaytarıldığı vaxtdan 3 (üç) gün müddətində;

3.7.5. malların qaytarılması istisna olmaqla, Vergi Məcəlləsinin 163-cü maddəsində nəzərdə tutulan hallarda vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 (üç) gün müddətində;

3.7.6. malların vəkalətverən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi zamanı mallar göndərilən (verilən) vaxt;

3.7.7. agent (komisyonçu) tərəfindən malların alıcıya təqdim edilməsi zamanı - mallar göndərilən (verilən) vaxt;

3.7.8. agent (komisyonçu) tərəfindən malların vəkalətverənə (komitentə) qaytarılması zamanı malların qaytarıldığı vaxtdan 3 (üç) gün müddətində;

3.7.9. malların emala verilməsi üzrə - mallar göndərilən (verilən) vaxt;

3.7.10. emal prosesi keçmiş malların qaytarılması zamanı - mallar göndərilən (verilən) vaxt.

3.8. Vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura səhv verildikdə (qəbul edənin VÖEN-i səhv göstərildikdə, eyni əməliyyat üzrə təkrarən təqdim edildikdə və s.), habelə əməliyyat baş tutmadan göndərildikdə göndərilmiş elektron qaimə-faktura ləğv edilir və bu barədə məlumat qəbul edən vergi ödəyicisinin elektron kabinetinə ötürülür, qəbul edənin elektron kabineti olmadıqda isə çap edilərək birbaşa təqdim edilir. Ləğv edilmiş elektron qaimə-fakturada ləğvin səbəbi göstərilir.

3.9. Elektron qaimə-fakturanın ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaimə-fakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır.

3.10. Elektron qaimə-fakturanın ləğv edilməsi barədə məlumat göndərildikdən sonra elektron qaimə-faktura üzərində düzəliş aparıla bilməz, yalnız ləğv olunub yenisi yaradılmalıdır. Elektron qaimə-fakturanı qəbul edən onu göndərənə müraciət edərək, göndərilmiş elektron qaimə-fakturanın ləğvini xahiş edə bilər. Ləğvetmə göndərən tərəfindən həyata keçirilir.

3.11. Vergi ödəyicisi kimi uçotda olan, lakin elektron kabineti olmayan vergi ödəyicisinə elektron qaimə-faktura ştrix-kod əks olunmaqla çap edilir və mal (iş, xidmət) hüquqi şəxs olan vergi ödəyicisinin imza və möhürü ilə, fiziki şəxs olan vergi ödəyicisinin isə imzası ilə (möhür olduqda möhürlə) təsdiqlənməklə təqdim edilir.

3.12. Vergi ödəyicisi kimi uçotda olan, lakin elektron kabineti olmayan vergi ödəyicisinə göndərilmiş elektron qaimə-fakturanın düzəliş edilməsinə zərurət yarandıqda, elektron qaimə-faktura ştrix-kod əks olunmaqla çap edilir və mal (iş, xidmət) hüquqi şəxs olan vergi ödəyicisinin imza və möhürü ilə, fiziki şəxs olan vergi ödəyicisinin isə imzası ilə (möhür olduqda möhürlə) təsdiqlənməklə təqdim edilir.

3.13. Mallar (işlər, xidmətlər) sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmış, yaxud ləğv prosesində olan şəxslərə göndərildikdə, göndərilmiş elektron qaimə-faktura qəbul edən tərəfindən 30 (otuz) gün müddətində təsdiq edilməlidir. Elektron qaimə-faktura 30 (otuz) gün müddətində təsdiq edilmədikdə proqram təminatı vasitəsilə ləğv edilir və göndərilməmiş hesab olunur.

Qeyd. Bu Qaydaların 3.11-ci və 3.12-ci bəndlərində nəzərdə tutulan hallarda elektron qaimə-faktura çap edildikdə “Təhvil aldım” bölməsi vergi ödəyicisi kimi uçotda olan, lakin elektron kabineti olmayan alıcı tərəfindən doldurulur.

 

4. Elektron qaimə-fakturanın uçotunun aparılması

 

4.1. Elektron qaimə-fakturanın uçotu hər bir vergi ödəyicisi üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya  Sistemi - AVİS vasitəsilə həyata keçirilir.

4.2. Elektron qaimə-fakturanın seriyası və nömrəsi AVİS vasitəsilə verilir. Elektron qaimə-fakturanın eyni seriyada və eyni nömrədə təkrarlanmasına yol verilmir.

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə