Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 25 Bakı şəhəri, 2 fevral 2021-ci il

“İctimai işlər növündə cəza çəkən və ya ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin elektron nəzarət vasitəsindən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqın­da” Azərbaycan Respublikasının 2020-ci il 29 iyun tarixli 146-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respub­likası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 388 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 10 avqust tarixli 1123 nömrəli Fərmanının və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Res­publikasının 2020-ci il 29 iyun tarixli 148-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Res­publikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 10 avqust tarixli 1124 nömrəli Fərmanının 2.1-ci bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respubli­kasının Nazirlər Kabineti qərara alır:

1. “İctimai işlər növündə cəza çəkən və ya ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin elektron nəzarət vasitəsindən istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlan-ması və qəbul edilməsi qay­dası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 25 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

 

İctimai işlər növündə cəza çəkən və ya ictimai işlər növündə

inzibati tənbeh tətbiq olunmuş şəxslərin elektron nəzarət vasitəsindən istifadə

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 35.1-ci və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156-1.2-ci maddələrinə əsasən hazırlanmışdır və ictimai işlər növündə cəza çəkən və ya ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin (bundan sonra – şəxslərin) elektron nəzarət vasitəsindən istifadəsi ilə bağlı məsələləri tənzimləyir.

1.2. Elektron nəzarət vasitəsindən istifadə edən şəxslərin (bundan sonra – nəzarət subyektlərinin) qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmasına yol verilmir.

 

2. Şəxslərə istifadə üçün təqdim olunan

elektron nəzarət vasitəsi

 

2.1. Şəxslərə istifadə üçün təqdim olunan elektron nəzarət vasitəsi həmin şəxslərin müəyyən edilmiş vaxt ərzində ictimai işlərin yerinə yetirilməsi yerlərində olmasını avtomatlaşdırılmış rejimdə izlənil-məsini təmin edən və məlumatı monitorinq mərkəzinə ötürən elektron cihazdır. Elektron nəzarət vasitəsi istifadə üçün kiçik və yüngül olmalı, nəzarət subyektlərinə zərər verməyən materialdan hazırlanmalı, ictimai işlərin yerinə yetirilməsi ilə əlaqədar onların fəaliyyətinə çətinlik yaratmamalı, xarici səthi mexaniki zərbələrə davamlı olmalı, stasionar enerji qida mənbəyini dəstəkləməlidir. Elektron nəzarət vasitəsi barmaq izi skaneri, şəbəkə, enerji ehtiyatı və işıq indikatoru, fiziki və proqram müdaxiləsi detektorları, vibrasiya xəbərdarlıq siqnalı ilə təchiz edilməli, habelə GPS və GSM siqnalı vasitəsilə coğrafi yeri müəyyən etmək, monitorinq mərkəzi ilə data əlaqəsini yaratmaq və məlumatı ötürənədək yaddaşda saxlamaq funksiyaları ilə təmin olunmalıdır.

3. Elektron nəzarət sistemi

 

3.1. Elektron nəzarət vasitəsinin tətbiqi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Cəza çəkən məhkumlar və həbs edilmiş şəxslər” informasiya sisteminin elektron nəzarət üzrə altsistemi (bundan sonra – elektron nəzarət sistemi) vasitəsilə həyata keçirilir.

3.2. Yerli probasiya qurumlarında quraşdırılmış işçi stansiyalar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Cəza çəkən məhkumlar və həbs edilmiş şəxslər” informasiya sisteminə inteqrasiya olunurlar.

3.3. Elektron nəzarət sistemi vahid data mərkəzindən və onun proqram təminatından, Azərbaycan Respublikasının Ədliyyə Nazirli-yində quraşdırılan monitorinq mərkəzindən və bilavasitə elektron nəzarət vasitələrindən ibarətdir.

3.4. Data mərkəzi elektron nəzarət sisteminin fəaliyyətini təmin edən əsas və məkanca kənarda yerləşən ehtiyat surətlərdən ibarət olan avadanlıq və rabitə infrastrukturu kompleksidir.

3.5. Proqram təminatı elektron nəzarət vasitələrinin tətbiqi prosesinin təşkilini və ona nəzarətin həyata keçirilməsi üçün nəzarət subyektlərinin və onların üzərinə qoyulan vəzifələrin uçotunu, izləmə məlumatlarının vizuallaşdırılmasını və saxlanılmasını, pozuntu hallarının müəyyən edilməsini və digər funksiyaları həyata keçirən avtomatlaşdırılmış mühitdir.

3.6. Monitorinq mərkəzi elektron nəzarət vasitəsinin istifadəsi ilə aparılan bütün izləmə məlumatlarının qəbulunu, emalını, saxlanılmasını, idarə edilməsini və ötürülməsini, habelə şəxslərlə operativ əlaqəni təmin edən müvafiq texniki-proqram vasitələri ilə təchiz olunan, ilin bütün günləri 24 saat ərzində fasiləsiz fəaliyyət göstərən və elektron nəzarət sisteminə inteqrasiya edilmiş mərkəzdir.

 

4. Nəzarət subyektinin informasiya sistemində

qeydiyyata alınması

 

4.1. Şəxslərə istifadə üçün elektron nəzarət vasitəsi onlar barəsində məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarı əsasında Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq icra məmuru (probasiya üzrə) tərəfindən təqdim edilir.

4.2. İcra məmuru (probasiya üzrə) şəxslərə elektron nəzarət vasitəsini təqdim etməklə, onlara həmin vasitəni ictimai işlərin yerinə yetirildiyi vaxtların cədvəlinə uyğun olaraq üzərlərində daşımalı və istifadə etməli olduqlarını, işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydalarını, habelə hər hansı müdaxilənin və ya elektron nəzarət vasitəsindən istifadədən imtina edilməsinin yolverilməzliyini izah edir və bu barədə protokol tərtib edir.

4.3. Yaşadığı yer üzrə yerli probasiya qurumuna gəlmiş (gətirilmiş) nəzarət subyekti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Cəza çəkən məhkumlar və həbs edilmiş şəxslər” informasiya sistemində qeydiyyata alınır və ona nəzarət subyektinin eyniləşdirmə nömrəsi verilir.

4.4. İcra məmuru (probasiya üzrə) elektron nəzarət vasitəsini istifadə üçün təqdim edərkən yeni nəzarət subyektinin fərdi identifikasiya nömrəsini, soyadını, adını, atasının adını, doğum tarixini, əl-barmaq izini, eyniləşdirmə nömrəsini, verilmiş cihazın seriya nömrəsini və tələb olunan digər məlumatları elektron nəzarət sisteminə daxil edir.

4.5. İcra məmuru (probasiya üzrə) nəzarət subyektinə elektron nəzarət vasitəsini təqdim etdikdən sonra cihazın aktivləşdirilməsi üçün şəxslərin əl-barmaq izindən istifadə etməklə, monitorinq mərkəzinə elektron sorğu göndərir.

4.6. Monitorinq mərkəzində məsul növbətçi dispetçer daxil olan sorğunu yoxlayır və sorğu ilə bağlı suallar yarandıqda, məlumatı icra məmuru (probasiya üzrə) ilə dəqiqləşdirdikdən sonra nəzarət subyektini izləmə siyahısına daxil edərək, istifadə üçün təqdim edilmiş elektron nəzarət vasitəsini aktivləşdirir.

4.7. Bütün texniki proseslər yekunlaşdıqdan sonra icra məmuru (probasiya üzrə) nəzarət subyektinə təqdim edilən elektron nəzarət vasitəsinin sınaq məqsədilə izləmə şərtlərini və işlək vəziyyətdə saxlanılmasına dair tələbləri pozan hərəkətləri etməməyi tapşırır və həmin nəzarət vasitəsinin monitorinq mərkəzində qeydə alınan izləmə məlumatları ilə, habelə təqdim edilmiş cihaza daxil olan xəbərdarlıq siqnalları ilə uyğunluğunu yoxlayır.

4.8. Elektron nəzarət vasitəsinin aktivləşdirilməsi üzrə işlər yekunlaşdırılqdan sonra icra məmuru (probasiya üzrə) bu barədə protokol tərtib edir.

 

 

 

5. Elektron nəzarət vasitəsinin nəzarət subyektinə

təqdim edilməsi və ondan istifadə qaydaları

 

5.1. Elektron nəzarət vasitəsi nəzarət subyektinə istifadə üçün təqdim edilməmişdən əvvəl texniki mütəxəssislər tərəfindən yoxlanılmalı və sanitariya normalarına uyğun işlənilməlidir.

5.2. Nasaz, o cümlədən fiziki xəsarət, enerji ehtiyatı element-lərinin zəifliyi, korpusun hermetikliyinin pozulması və bu kimi digər əlamətlər müşahidə olunan elektron nəzarət vasitəsi nəzarət subyektinə təqdim edilə bilməz.

5.3. Şəxslərin elektron nəzarət vasitəsindən istifadə etməsinə nəzarət onların yaşayış yeri üzrə icra məmuru (probasiya üzrə) tərəfindən həyata keçirilir.

5.4. Şəxslər ictimai işlərin keçirildiyi yerlərə daxil olarkən əl-barmaq izi vasitəsilə monitorinq mərkəzinə məlumat ötürməklə elektron nəzarət vasitəsini aktivləşdirməli və ictimai işlərin təyin edilmiş müddəti başa çatdıqdan sonra əl-barmaq izi vasitəsilə onu söndürməlidirlər.

5.5. Şəxslər elektron nəzarət vasitəsindən istifadə edərkən həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməli, hər hansı müdaxiləyə yol verməməli və cihazdan istifadə etməkdən imtina etməməlidirlər.

5.6. Şəxslər elektron nəzarət vasitəsindən istifadə etməkdən imtina etdikdə, onu zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etmədikdə, müvafiq olaraq Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə və ya Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun tədbirlərin görülməsi üçün icra məmuru (probasiya üzrə) tərəfindən məhkəməyə təqdimat verilir və ya inzibati xəta haqqında protokol təqdim edilir.

 

6. İzləmə və pozuntu hallarında görüləcək tədbirlər

 

6.1. Bütün nəzarət subyektlərinin izlənilməsi monitorinq mərkəzinin dispetçerləri tərəfindən həyata keçirilir. İzləmə real vaxt rejimində aparılır.

6.2. İcra məmuru (probasiya üzrə) nəzarət subyektlərinin izləmə məlumatlarını yerli probasiya qurumunda quraşdırılmış işçi stansiyalar vasitəsilə real vaxt rejimində tam həcmdə əldə edir.

6.3. Onlayn rejimdə izləmə və baş çəkmə nəticəsində izləməni mümkünsüz edən hər hansı bir problem aşkar olunmadıqda, nəzarət avtomatlaşdırılmış rejimdə davam edir.

6.4. Avtomatlaşdırılmış izləmə rejimində daxil olan izləmə məlumatları proqram təminatı tərəfindən fasiləsiz təhlil edilir və yalnız pozuntu aşkar edildikdə, bu barədə pozuntunun təfərrüatlı təsviri ilə dispetçerə xəbərdarlıq siqnalı daxil olur və pozuntuya yol verən nəzarət subyektinin izləmə məlumatları vizuallaşdırılır.

6.5. Elektron nəzarət vasitəsinin nəzarət subyektinin üzərində olmasını yoxlamaq məqsədilə monitorinq mərkəzinin dispetçeri həmin cihaza əl-barmaq izinin təsdiqlənməsi ilə bağlı sorğu göndərir. Şəxslərdən əl-barmaq izinin təsdiqlənməsi ilə əlaqədar daxil olmuş məlumat yanlış olduqda və yaxud ictimai işlər təyin edildiyi yerdə olması təsdiq edilmədikdə, monitorinq mərkəzinin dispetçeri nəzarət subyekti ilə əlaqə yaratmağa cəhd edir və bu barədə icra məmuruna (probasiya üzrə) məlumat verir.

6.6. Pozuntu aşkar edildikdə və ya izləmə ilə bağlı məlumat daxil olmadığı halda dispetçer göstərilən ardıcıllıqla aşağıdakı hərəkətləri həyata keçirir:

6.6.1. baş verən hadisə, habelə onun aradan qaldırılması üçün görülməli olan işlər barədə nəzarət subyektinə telefon vasitəsilə məlumat verməyə cəhd göstərir;

6.6.2. pozuntu aşkar edildikdə və ya izləmə ilə bağlı məlumat daxil olmadıqda, bu hal 15 dəqiqə ərzində aradan qaldırılmadıqda və ya nəzarət subyekti ilə əlaqə saxlamaq mümkün olmadıqda, məsul icra məmuruna (probasiya üzrə) bu barədə məlumat verir və elektron sistem vasitəsilə onun aradan qaldırılması məqsədilə görülən işləri əhatə edən hesabatı müvafiq işçi stansiyalara ötürür.

6.7. Pozuntu aşkar edildikdə və ya izləmə ilə bağlı məlumat daxil olmadığı halda məsul icra məmuru (probasiya üzrə) göstərilən ardıcıllıqla aşağıdakı hərəkətləri həyata keçirir:

6.7.1. hadisə barədə məlumatı aldıqdan dərhal sonra nəzarət subyekti və ya işəgötürən ilə telefon vasitəsilə əlaqə saxlamağa cəhd göstərir;

6.7.2. nəzarət subyekti və ya işəgötürən ilə əlaqə saxladığı təqdirdə, hadisənin aradan qaldırılması və izləmənin normal rejimdə davam etdirilməsi üçün tədbirlər görür;

6.7.3. hadisənin səbəblərini öyrənərək, bu barədə məlumatı və hadisənin üzrlü səbəbdən baş verməsini sübut edən sənədlər olduqda isə, həmçinin onların skan versiyasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Cəza çəkən məhkumlar və həbs edilmiş şəxslər” informasiya sisteminə daxil edir;

6.7.4. nəzarət subyekti ilə əlaqə saxlamaq mümkün olmadıqda, onun yerinin müəyyən edilməsi və ya axtarışı üzrə tədbirləri həyata keçirir;

6.7.5. yol verilmiş pozuntu ilə bağlı Azərbaycan Respub-likasının Cəzaların İcrası Məcəlləsində və ya Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş tədbirləri görür.

 

7. İzləmə şərtlərinin və elektron nəzarət

vasitəsinin dəyişdirilməsi

 

7.1. İzləmə şərtlərində edilmiş dəyişikliklərdən asılı olaraq, elektron nəzarət vasitəsinin dəyişdirilməsi tələb oluna bilər. Belə dəyişikliklər yalnız daimi ola bilər. Bu halda elektron nəzarət vasitələri bu Qaydanın 8-ci hissəsinə müvafiq olaraq geri alınır və   5-ci hissəsinə müvafiq olaraq yenisi təqdim edilir.

7.2. İstifadə olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində aradan qaldırılması mümkün olmayan nasazlıqlar müşahidə olunduqda, o, yenisi ilə əvəz edilir. Bunun üçün icra məmuru (probasiya üzrə) nasaz avadanlığa baxış keçirməli və onun dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) bu Qaydanın 7.1-ci bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur.

 

8. Elektron nəzarət vasitəsinin təhvil alınması

 

8.1. İctimai işlərin müddəti bitdikdə, məhkəmə qərarı ləğv edildikdə və qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla ictimai işlər növündə cəzanın və ya ictimai işlər növündə inzibati tənbehin icrasına xitam verildikdə elektron nəzarət vasitəsi ondan istifadə etmiş şəxs tərəfindən icra məmuruna (probasiya üzrə) təhvil verilir.

8.2. Elektron nəzarət vasitəsi təhvil verilən zaman icra məmuru (probasiya üzrə) onun texniki vəziyyətini yoxlayır və mövcud olan bütün nasazlıqlar, o cümlədən fiziki xəsarət, enerji ehtiyatı elementlərinin zəifliyi, korpusun hermetikliyinin pozulması və bu kimi digər əlamətlər barədə akt tərtib edir.

8.3. Təhvil verilmiş elektron nəzarət vasitəsi onun texniki vəziyyəti barədə aktla birlikdə monitorinq mərkəzinə göndərilir.

8.4. Monitorinq mərkəzində təhvil verilmiş elektron nəzarət vasitəsinin texniki vəziyyəti qiymətləndirilir, avadanlıq bərpa olunması və digər nəzarət subyektinə təqdim edilməsi məqsədilə hazırlanması üçün aidiyyəti üzrə təhvil verilir.

 

9. Yekun müddəalar

 

9.1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Cəza çəkən məhkumlar və həbs edilmiş şəxslər” informasiya sisteminə toplanılan izləmə məlumatları elektron nəzarət vasitəsindən istifadə müddəti bitdikdən sonra arxivləşdirilir, 6 (altı) ay keçdikdən sonra isə ləğv olunur.

9.2. İzləmə zamanı baş verən hadisələr, onların səbəbləri və aradan qaldırılması müddəti, habelə izləmə şərtlərinin və elektron nəzarət vasitəsinin dəyişməsi barədə hesabat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Cəza çəkən məhkumlar və həbs edilmiş şəxslər” informasiya sisteminə ötürülür və orada 15 (on beş) il saxlanılır.

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə