Ən son xəbərlər
ABŞ Prezidenti Cozef Bayden NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığı aparıb. Bu barədə “Amerikanın səsi” Ağ ev rəsmisinə istinadən məlumat yayıb.
Xəbərdə qeyd edilir ki, ABŞ Prezidenti NATO rəhbəri ilə Rusiya, İraq və Əfqanıstan məsələlərini müzakirə edib. Prezident Baş katibə alyansa uğurlu rəhbərliyi üçün təşəkkür edib və Əfqanıstan, İraq və Rusiya da daxil olmaqla, ümumi təhlükəsizlik problemlərinin bütün spektri üzrə müttəfiqlərlə məsləhətləşmək, işləmək niyyətində olduğunu bildirib.
C.Bayden ABŞ-ın Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinə əsasən, kollektiv müdafiəyə sadiq qaldığını təsdiqləyib və transatlantik təhlükəsizliyin gücləndirilməsinin vacib olduğunu vurğulayıb.
Bu arada ABŞ və Rusiya prezidentləri arasında da telefon danışığı olub. Məlumata görə, Rusiya dövlətinin başçısı V.Putin amerikalı həmkarını prezident vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. Bildirib ki, Rusiya ilə ABŞ arasında əlaqələrin normallaşması hər iki ölkənin və beynəlxalq birliyin maraqlarına cavab verər. Prezidentlər, həmçinin Strateji Hücum Silahları haqqında Sazişlə əlaqədar əldə olunmuş razılıqdan məmnun olduqlarını ifadə ediblər.
Bundan əlavə, tərəflər ikitərəfli münasibətləri, beynəlxalq gündəmlə bağlı bir sıra aktual problemləri, o cümlədən ABŞ-ın Açıq Səma Sazişindən birtərəfli şəkildə çıxması, İranın nüvə proqramı, Ukrayna böhranının nizama salınması, Rusiyanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının sammitinin çağırılması məsələlərini müzakirə edib, koronavirus pandemiyası, iqtisadi-ticari sahədə əlaqələri nəzərdən keçiriblər.
Məsaim ABDULLAYEV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə