Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vaksinin fəsadını yox, xeyirini düşünmək lazımdır

Britaniyada koronavirusun 2021-ci ilin əvvəlində aşkarlanmış mutasiya olunmuş forması çox sürətlə yayılır və ehtimal edilir ki, o, əvvəlkilərdən daha təhlükəlidir. Bu barədə Cenevrədə keçirilən brifinqdə baş nazir Boris Conson bəyan edib. O deyib ki, daha sürətlə yayılan, Londonda və ölkənin cənub – şərqində aşkarlanan yeni ştammın, tez - tez baş verən ölüm hallarına səbəb ola biləcəyinə dair dəlillərin olduğu barədə məlumatlar var. O, eyni zamanda, hazırlanmış vaksinlərin koronavirusun hər iki variantına qarşı təsirli olacağını da açıqlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı ötən həftənin əvvəlində Britaniyada aşkarlanmış koronavirusun yeni va­riantının artıq dünyanın 60 ölkəsinə yayıldığını bəyan edib. ÜST-də hesab edirlər ki, Britaniya ştammının yüksək ölüm dərəcəsi səhiyyə sis­teminin həddindən artıq yüklənməsi ilə bağlı ola bilər. Bunu ÜST-ün Təcili Xəstəliklər Birliyinin texniki qrupu­nun rəhbəri Mariya Van Kerkxove bildirib. O deyib: “Əgər sizdə virusun ötürülmə sürəti artırsa, onda yoluxma halları daha da çoxalacaq. Bu, açıq-aşkar görünəcək. Çünki yoluxma halları artdıqca, xəstəxanalar daha çox yüklənir... Səhiyyə sistemi­nin həddindən artıq yükləndiyi vəziyyətdə ölüm halları çoxalır”.

Almaniya – Azərbaycan Radio­loji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev bildirib ki, sürətlə yayıldığı bildirilən muta­siyaya uğramış koronavirusun söylənənlərin əksinə olaraq, daha yüngül keçirilməsi mümkün ola bilər. Alim yeni ştammının daha öldürü­cü təsirə malik olması haqqında yayılmış müxtəlif fikirlərə münasibət bildirərkən deyib: "Tədqiqatlar nəticəsində virusun mutasiyaya uğramış formasının yoluxdurma əmsalının SARS – CoV-2-nin yo­luxdurma əmsalından 35 faiz daha böyük olduğu məlum olub. Eyni zamanda, mutasiya olunmuş viruslu xəstənin ətrafındakıları yoluxdurma faizi 15 faizdir".

Azərbaycanlı alim bildirib ki, aparılan ən böyük dörd tədqiqatla virusun mutasiyasının SARS – CoV – 2-dən daha sürətlə yayılma­sı təsdiqlənib və onun səbəbləri araşdırılır: "İlkin fərziyyələrə görə, virusun insan orqanizmindən xaric olması, onun zərərsizləşdirilməsi və məhv edilməsi prosesi daha uzun çəkir. Buna görə də müddətin uzanması xəstənin daha çox insanı qısa zaman ərzində yoluxdurmasına gətirib çıxarır. Amma tədqiqatlarda bu, tam təsdiq edilməyib və bunun virusun daha sürətlə yayılmasının səbəbi olmadığı göstərilib".

N.Abdullayev tədqiqatçılar tərəfindən irəli sürülən digər fərqli fikirlər, ehtimallarla bağlı isə bildirib: "Digər elmi iddialardan biri odur ki, virusun mutasiyasına yoluxan şəxslərin xəstəliyi simp­tomsuz keçirməsi infeksiyanın sürətlə yayılmasına gətirib çıxaran əsas amillərdən biridir. Ola bilər ki, mutasiyaya yoluxmuş şəxslərin əksəriyyəti xəstəliyi simptomsuz keçirir deyə, o, yoluxduğundan xəbərsiz olur və gündəlik həyat tərzinə davam edir, canlı ünsiyyət isə digər insanların da yoluxmasına səbəb olur. Beləliklə, virusun muta­siyası sürətli və geniş yayılmaqda davam edir. Bu istiqamətdə olan tədqiqatlar hələ dayandırılmayıb".

Qeyd etmək lazımdır ki, ölkəmizdə dekabrın 14-dən etibarən, bir aydan çox müddətə, yanvarın 18-dək sərt karantin rejimi tətbiq olundu. Nəticədə, koronaviru­sa yoluxma saylarında kifayət qədər azalma müşahidə edildi. Həmin günlərdə test edilən hər üç nəfərdən birinin nəticəsi pozitiv çıxırdı. Hazır­da COVID – 19 əleyhinə vaksinlərin gəlməsi və tətbiqinin başlaması ilə bağlı olaraq karantin rejimi müəyyən qədər yumşaldıldı. Onu da deməliyik ki, ötən həftə test edilən hər 22 – 24... hətta dekabrın 25-də 57 nəfərdən birinin virusa yoluxduğu aşkarlanıb. Artıq yoluxanların sayı iki rəqəmlə ifadə olunur. Ümid edirik ki, yanvarın 18-dən başlanan vaksi­nasiya prosesi yaxın günlər ərzində geniş əhali kütləsi arasında da tətbiq ediləcək. Bu da sərt karantin rejiminə bir daha ehtiyac yaranma­yacağına ümid verir.

İnfeksionistlər bildirirlər ki, peyvənd olunmaq bu infeksiya­dan 100 faiz qorunmaq demək deyil. Bəziləri çox səhv olaraq düşünürlər ki, peyvənd edildikdən sonra daha izolyasiya qaydalarına riayət etməyə, maska taxmağa, gigiyena qaydalarını, sosial məsafə prinsiplərini gözləməyə ehtiyac qalmayacaq. Bu, tamamilə yanlış fikirdir. Çünki əhali arasında hələ də xəstəlik keçirməyənlər, həssas qruplar var. Bunlar virus daşıyıcıları ola bilərlər. Mütəxəssislərin fikrincə, peyvənd tətbiq olunduğu gündən bir ay keçəndən sonra qoruyuculuğunu göstərməyə başlayır. Belə ki, ilkin doza tətbiq olunduqdan 21 gün son­ra ikinci doza vurulur. İkinci dozadan təxminən 10 gün sonra müəyyən qədər qoruyucu hesab olunmaq olar ki, bu da təxminən 30 – 31 gün edir. Çünki orqanizmə yeridilən vaksin immun sisteminə təsir göstərir və müəyyən immun zülalların forma­laşmasına kömək edir. Formalaşma prosesi də müəyyən qədər vaxt alır. Odur ki, vaksin vurdurandan dərhal sonra onun təsir göstərməsi mümkün deyil.

Qeyd etməliyik ki, tədqiqatçıların fikrincə, tarixən pandemiyalarla, xüsusilə, respirator pandemiyalar­la mübarizədə bir neçə mərhələ olub. Bütün dünya, o cümlədən ölkəmiz pandemiyalar zamanı həmin mərhələlərdən keçib. Doğ­rudur, bu mərhələlər zamanı tətbiq edilən mexanizmlərin heç biri ideal hesab olunmur. Hər bir tədbirin üstün və çatışmayan cəhətləri olub. Növbəti tətbiq olunan tədbir özündən əvvəlkinin boşluqlarını doldurub. COVID – 19 pandemiyası zamanı bəzi vətəndaşları maska istifadəsi və gigiyena qaydaları ilə qorundu. Həmin üsullarla qoruna bilməyənlər kütləvi məkanlardan uzaq durmaqla mühafizə olundular. Bəziləri özlərində xəstəliyi vaxtında aşkarlayıb izolyasiya olunmaqla ətrafdakıları qorudular. Amma bütün bunlar pandemiyadan tam xilas yolu olmadı. Son və ən effektiv mərhələ isə sırf vaksinasiya mərhələsidir. Vaksinasiya özündən əvvəlki boş­luqları doldurmaqla, pandemiyaya qalib gəlməkdə ideala yaxın bir nəticə əldə edilməsinə kömək edə bilər. Bütün dünyada, o cümlədən ölkəmizdə də əhalinin, heç olmaz­sa, 60 faizdən çoxu qısa müddət ərzində kütləvi şəkildə vaksinasiya olunarsa, bu zaman təsirli nəticədən danışmaq olar.

Vaksin alınması məsələsində Azərbaycan Çinin “Sinovac” şirkətinin peyvəndinə üstünlük verdi. Hökumət bu peyvəndin daha effektli olacağını hesab etdiyinə görə, məhz bu vaksinin gətirilməsinə razılaşdı. Amma onu da deməliyik ki, ölkələrarası ikitərəfli danışıqlar davam etdirilir. Yaxın gələcəkdə Azərbaycana Almaniya, Türkiyə istehsalı olan digər vaksinlərin də gətirilməsi nəzərdə tutulub. İlin sonunadək başqa vaksinlərdən faydalanmaq imkanı olacaq.

Dövlət külli miqdarda vəsait sərf edərək, 4 milyon doza vaksinin ölkəmizə gətirilməsinə nail olub. Vaksin, hələlik, iki milyon nəfərə vurulacaq. Amma tək ölkəmizdə de­yil, bütün dünyada bir qrup şəxslər var ki, peyvəndləmə prosesinin qəti əleyhinədirlər. Bu peyvəndin yarana bilən yan təsirləri ilə bağlıdır. İnfeksionistlər peyvəndin yüngül və ciddi yan təsirləri olduğunu inkar etmirlər. Yüngül yan təsirlər dedikdə, peyvənd olunan nahiyədə qızartı, şişkinlik, müəyyən istilik, ümumi bədən temperaturunun yüksəlməsi, halsızlıq nəzərdə tutulur. Bunu başa düşmək lazımdır ki, vaksin orqanizmdə müəyyən xəstəlik əlaməti formalaşdırmalıdır ki, ona qarşı immun sistemimiz aktivləşsin və immunitet formalaşsın. Bu hallar bir neçə gün ərzində baş verə bilər və əhəmiyyətsizdir.

Ciddi yan təsirlərə isə nadir hallarda rast gəlinən anafilaktik şok, yəni allergik reaksiya aiddir ki, o da ilk 30 – 40 dəqiqə ərzində baş verir. Peyvənd olunanların 20 – 30 dəqiqə müddətində vaksin vurdur­duqları məntəqədə gözləmə zalında nəzarətdə olacağını düşünsək, deyə bilərik ki, bunun da qarşısını almaq mümükün olur. Anafilaktik şok çox nadir hallarda baş verir və ölümlə nəticələnməsi milyonda bir halda ola biləcək hadisədir. Maraqlı və təssüfedici hal odur ki, bir dəfə baş verən yan təsir, peyvəndin orqanizmə olan faydasının üstündən xətt çəkir, müsbət tərəflər unudulur. Onu da qeyd etməliyik ki, yalnız peyvəndə qarşı deyil, istənilən dərman preparatına qarşı da insanda allergik reaksiya, anafilak­tik şok baş verə bilər. Təəssüf ki, insanlar peyvəndin və ya hansısa dərman vasitəsinin yaxşı tərəfini düşünmürlər. Yəni kimsə peyvənd olunduqdan sonra xəstələnmədiyini, faydasını gördüyünü deyil, yan təsir baş verdikdə, onu yadda saxlayır.

ÜST-ün Baş direktoru Tedros Qebreyesus Cenevrədə keçirilən brifinqdə bildirib ki, “Pfizer – Bi­oNTech” və “AstraZeneca/Oxford” şirkətlərinin COVID – 19-a qarşı istehsal etdiyi vaksinlərin alınması və bu məhsulların çatdırılması barədə razılıq əldə edilib. Beləliklə, ümid etməyə əsas var ki, bu ilin sonuna qədər COVAX layihəsi çərçivəsində bütün dünya üzrə 2 milyard, o cümlədən gəlir səviyyəsi aşağı olan ölkələrə 1,3 milyard doza vaksin çat­dırmaq mümkün olacaq. Bildirilib ki, cari ilin birinci rübündə “AstraZeneca/Oxford” Eksperimental vaksininin 150 milyon dozası da əlçatan olacaq. Ha­zırda ÜST bu preparatın fövqəladə şəraitdə tətbiq edilməsi üçün onun sertifikatlaşdırılması üzərində işləyir. “Pfizer” şirkətinin rəhbəri, Albert Burla həmin brifinqdə bildirib ki, preparatın 40 milyon dozası COVAX layihəsi çərçivəsində maya dəyəri üzrə satıla­caq. Onun sözlərinə görə, gələcəkdə bu vaksinin əlavə dozalarının da satılması nəzərdə tutulur.

Baş direktor T.Qebreyesusun sözlərinə görə, COVAX layihəsinə qoşulmuş 190 ölkənin hamısı bu ayın sonuna qədər onlara hansı vaksinlərin göndəriləcəyi barədə məlumat alacaqlar. Bu, hökumətlərin öz əhalisini vaksinləşdirmə strate­giyası yaratmasına və bu prosesin birinci mərhələsini başa çatdırmağa imkan verəcək.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

27 Yanvar 2021 22:42 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə