Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkəmizdə əlillərə və şəhid ailələrinə göstərilən dövlət qayğısı gənclərin vətənpərvərlik duyğularını da gücləndirəcəkdir

Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən, dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır və onların problemlərinin həlli üçün əsaslı tədbirlər görürlər.

Prezident İlham Əliyevin diqqəti daim şəhid ailələrinin, müharibə veteranlarının və onların ailələrinin üzərində olub. Hər şeydən öncə, məhz xalqımızın qürur yeri olan bu ailələrin problemlərinin həlli əsas sosial prioritet kimi müəyyənləşdirilib. Böyük Vətən müharibəsində qazandığımız tarixi qələbədən sonra Vətən müharibəsi qəhrəmanılarına ən yüksək təqaüd müəyyən edilib, şəhid ailələrinə və müharibə əlillərinə, milli qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği xeyli artırılıb.

Şəhid ailələrinin uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Onların bir sıra üstünlükləri var: işə düzəlmələrində güzəştlər olunur, şəhid ailələrinin övladlarının ali məktəbdə oxuması üçün dövlət təminatı var, onlara güzəştli şərtlərlə mənzil tikmək üçün torpaq sahəsi ayrılır, güzəştli ipoteka kreditləri verilir. Bütövlükdə, Azərbaycanda şəhid ailələrinə həm maddi, həm də mənəvi diqqət göstərilir. Bütün bunlar dövlət başçısının şəhid ailələrinə olan diqqət və qayğısının ardıcıl və davamlı ifadəsidir.

Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti qurumlar tərəfindən İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinə və müharibə əlillərinə qayğı və diqqət nəinki dövlət qurumlarının, həm də cəmiyyətin vətəndaşlıq borcuna və vəzifəsinə çevrilib. Bu isə cəmiyyətdə birliyin və qarşılıqlı etimadın yeni təzahür forması kimi bütün təbəqədən olan insanlar tərəfindən xoş ovqatla qarşılanır, onların dövlətimizə və müzəffər Prezidentimizə inam hisslərini və məhəbbətini günü-gündən durmadan artırır.

Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fondunun yaradılması, fond tərəfindən qısa müddətdə ciddi işlərin görülməsinə başlanılması nəticəsində davamlı olaraq müharibə əlilləri və şəhid ailələrinin, o cümlədəm müharibə veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən intensiv tədbirlər artıq öz nəticələrini verməkdədir. Şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsi tədbirləri nəzərə çarpacaq dərəcədə gücləndirilmış, o cümlədən onlara yönələn sosial ödənişlər dəfələrlə artırılmışdır. Eyni zamanda, şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə, müharibə əlillərinin avtomobillə təminatı tədbirləri yüksək səviyyədə davam etdirilir.

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli sərəncamı da bu istiqamətdə həyata keçirilən tədbirlərin davamlı olduğunun yeni bariz nümunəsidir.

Bu sərəncama əsasən, 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-dəki qəzanın ləğvi, o cümlədən hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinə mənzil ehtiyaclarını qısa zaman kəsiyində ödəməyə imkan yaradacaqdır.

Bu sərəncam, həmçinin əlil olmuş vətəndaşların və şəhid ailələrinin sosial müdafiəsində həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindəndən biri kimi onlara böyük sevinc bəxş edəcək, şəhid ailələrinin sosial müdafiəsi daha da yaxşılaşacaqdır. Bu sahədə həyata keçirilən tədbirlər hər zaman olduğu kimi, ictimaiyyət tərəfindən yüksək qiymətləndiriləcək, böyük rəğbət və məmnunluqla qarşılanacaqdır.

Tam qətiyyətlə inanıram ki, Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə mövcud problemlərin aradan qaldırılması üçün mütəmadi olaraq dövlətimizin rəhbərliyi tərəfindən xüsusi diqqət və qayğı göstərilməsi bundan sonra da davam etdiriləcək. Məhz bu vacib qayğı nəticəsində minlərlə əlillərimiz müəyyən müddətdən sonra öz sağlamlıqlarını bərpa edəcək, onların böyük bir qismi aldıqları yaraların ağrısını xeyli yüngülləşdirəcək və gündəlik həyatda fəal iştirak edəcək.

Bu, həmçinin gənc nəslin vətənpərvərlik hisslərini və duyğularını daha da gücləndirəcək. Hər bir gənc istənilən anda doğma Vətənin müdafiəsini özünün müqəddəs vəzifəsi hesab edərək, bu yolda həyatını fəda etməyi özünün müqəddəs oğulluq borcu biləcəkdir.

Səbinə XASAYEVA,Milli Məclisin deputatı

27 Yanvar 2021 22:35 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə