Ən son xəbərlər
30 ildir ki, ölkəmizdə və ondan kənarda yaşayan 50 milyonluq xalqımızın Yeni il şənliklikləri ilə eyni vaxtda birlikdə qeyd etdiyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ümummilli lider Heydər Əliyevin ən yeni tariximizə bəxş etdiyi möhtəşəm bir ümumxalq bayramıdır. Bu bayram dünya azərbaycanlılarına bir ananın övladları olduqlarını anladır, onları məfkurə telləri ilə bir-birinə bağlayır, milli varlığımızın çevrəsinə, xalqımızın birlik və həmrəylik yoluna gur işıq salır.
Ötən 3 onillikdə böyük rəhbərin bu tarixi töhfəsinin həm ölkə, həm də dünya miqyasında yüksək qiymətləndirilməsi, geniş təhlil və təbliğ olunması həm də milli dövlətçilik məfkurəmiz olan azərbaycançılıq ideologiyasının, milli ideallarımızın təntənəsi deməkdir. Əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu dünyada yaşayan azərbaycanlıların həmrəyliyi ideyasını müasir mərhələdə Azərbaycan dövləti uğurla gerçəkləşdirir. Ulu öndərin ideya və əməllərinin ən layiqli varisi Prezident İlham Əliyevin bu xətti davam etdirməsi heç bir alternativ qəbul etməyən zərurət olub, azərbaycançılıq ideologiyasını zənginləşdirən, ona güclü enerji verən, məzmununu bütövləşdirən konseptual siyasətdir.
Ulu öndərin dövlətçilik ideologiyası səviyyəsinə qaldırdığı və Prezident İlham Əliyevin daim rəhbər tutduğu azərbaycançılıq məfkurəsi isə artıq dünyada yaşayan hər bir soydaşımızın qəlbinə hakim kəsilərək, onları ciddi ümummilli hədəflərə yönləndirib. Ötən ilin son aylarında xalqımızın Qarabağda apardığı Vətən müharibəsi günlərində dünyada yaşayan soydaşlarımızın bu haqq işimizə göstərdiyi maddi və mənəvi dəstək Azərbaycanın dünyada yaşayan soydaşlarımızın yurd sevgisi və milli öyünc mərkəzi olduğunu qəti surətdə təsdiq etdi.
Əlbəttə, qloballaşan müasir dünyada azərbaycanlıların siyasi- inzibati sərhədləri aşaraq bir-birlərilə sıx ünsiyyətə girmələri, ümummilli maraqlarını humanizm, insan hüquqları çərçivəsində təmin etmələri yalnız milli yox, həm də ümumbəşəri bir ehtiyacdır ki, əlahiddə hadisə olmayıb, bütün millətə xasdır. Ümummilli lider Heydər Əliyevin və dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının dünya miqyasında milli-mənəvi, mədəni bütövlüyünün möhkəmlənməsi üçün müstəqillik illərində məqsədyönlü, inadlı, ardıcıl mübarizə aparılmışdır ki, bunun yüksək nəticələrini görməmək mümkün deyil.
Tarixi tale elə gətirmişdir ki, azərbaycanlıların və ya Azərbaycan türklərinin bu gün yalnız beşdən-biri müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Təxmini hesablamalara görə, dünya azərbaycanlılarının beşdən-dördü öz tarixi Vətənində min illərlə necə məskun olmuşdursa, bu gün də elə yaşayır.
Azərbaycan xalqının və insanının dünyanın inkişaf etmiş xalqları ilə müqayisədə ikinci, hətta üçüncü dərəcəli olması təsəvvürlərinin sürətlə aradan qaldırılması baxımından görülən işlər və onun uğurlu nəticələri də olduqca sevindiricidir. Azərbaycançılıq anlayışının bütün dünyada yüksəldilməsi nəticəsində bu gün heç bir azərbaycanlı özünü bir rusdan, bir almandan, bir fransızdan, nə də bir ingilisdən aşağı hesab etmir. Milli qürur yalnız sözdə deyil, həm də işdə, əməldədir.
Ölkədə abadlaşan, yeni rəmzlərini yaradan şəhərlər, xüsusilə, paytaxt Bakı, kəndlər, çəkilən yollar, yaradılan təhsil müəssisələri, tətbiq edilən müasir idarəçilik texnologiyaları, dünya standartları ilə müqayisə olunan müxtəlif təsisatlar, idmanda, mədəniyyətdə indiyə qədər bu miqyasda görünməmiş beynəlxalq uğurlar Azərbaycan insanını ruhən yüksəldən, belə demək mümkünsə, onun mənəvi saflaşmasını təmin edən hadisələrdir. Bütün bu deyilənlər yalnız bugünlə məhdudlaşmayıb, Azərbaycan insanının gələcək taleyini, xarakterini də müəyyən edir. Bu taleyüklü işlər, əməllər Azərbaycan xalqının yeni tipli, modern düşüncəli lideri Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi tarixi ildönümünün xoş duyğularını yaşamaqda davam etdiyimiz bir məqamda azərbaycançılıq məfkurəsinin dünya boyu uğurla yayıldığını, soydaşlarımızı vahid bir hədəfə– milli həmrəyliyə səfərbər etdiyini düşünmək olduqca qürurverici bir duyğu-düşüncədir. Azərbaycançılıq ideologiyası bütün azərbaycanlıları vacib məqsədlər ətrafında birləşdirir. Bu məqsədlər birlik və həmrəylik, müstəqil dövlətimizin inkişafına və daha da gücləndirilməsinə xidmət etməkdən ibarətdir.
İlham Əliyevin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünya azərbaycanlılarına təbrikində qeyd etdiyi kimi, Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra yaxın keçmişimizin bir çox tarixi sınaq anlarında mütəşəkkil birlik və həmrəylik nümayiş etdirərək, bütün sahələrdə böyük inkişafa və uğurlara nail olub.
Son 17 ilin hər bir ili kimi 2020-ci il də, “gizli müharibə” adlandırılan qlobal pandemiya və Vətən müharibəsi adlandırdığımız II Qarabağ savaşının gətirdiyi ağrı-acı və çətinliklərə baxmayaraq, Azərbaycanın tarixinə uğurlar, üstəlik, tarixi zəfər ili kimi yazıldı. Hesab edirəm ki, Azərbaycanın qazandığı bu qələbələr bütün dünyada yaşayan azərbaycanlıların nailiyyəti kimi dəyərləndirilə bilər. Çünki müasir müstəqil Azərbaycan dövləti bütün dünyada yaşayan azərbaycanlıların Vətəni hesab olunur.
Prezident İlham Əliyevin vurğuladığı kimi, dünyanın ayrı-ayrı bölgələrində mürəkkəb etno-siyasi proseslərin, din və məzhəb qarşıdurmalarının, humanitar fəlakətlərin baş verdiyi bir vaxtda Azərbaycan sabitliyin, etnik-dini tolerantlığın və multikultural ənənələrin qorunub saxlanıldığı unikal məkandır. Məhz bunun nəticəsidir ki, bəşəriyyəti narahat edən bir çox problemlər Bakıda müzakirə olunur, ölkəmiz bu istiqamətdə mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir.
Azərbaycan son illərdə dünyada sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlıq məkanı kimi tanınır. Bu dövrdə ölkəmizin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti Zirvə Görüşünə, Dünya dini liderlərinin II Sammitinə, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünə ev sahibliyi etməsi və növbəti 2 ildə bu hrəkata sədrliyin Azərbaycana keçməsi dövlətimizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir.
Nəhayət, Prezident, Ali Baş Komandan İlham Əliyevin yeritdiyi mükəmməl, müdrik, tarazlı daxili və xarici siyasət xalqımıza 33 ildən bəri hədsiz bəlalar, faciələr və mərhumiyyətlər gətirmiş Qarabağ münaqişəsinin həllini Azərbaycanın bu ilin payızında Qələbə ilə başa çatdırmasını təmin etdi. Azərbaycan rəhbərinin hərbi və siyasi, diplomatiya və informasiya cəbhələrində apardığı misilsiz döyüş Silahlı Qüvvələrimizin dünya müharibələri tarixində görünməmiş bir strtategiya və taktika ilə 30 ildə işğal olunmuş ərazilərimizi 44 gündə azad etməsi ilə nəticələndi.
Erməni işğalçılarına qarşı Azərbaycan xalqının 44 günlük müzəffər hərbi, ictimai, siyasi, diplomatik və informasiya mübarizəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin Sözü– xalqa müraciətləri, dünyanın müxtəlif nüfuzlu informasiya vasitələrinə verdiyi müsahibələr son dərəcə önəmli və təsirli rol oynadı. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir uğur, məxsusi olaraq onun Ali Baş Komandanlığı altında Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ulu öndər Heydər Əliyevin zəkasının təcəssümü, onun irsən qoyub getdiyi milli tərəqqi ideyalarının təzahürüdür.
Bu il Qarbağda qazandığımız tarixi zəfər 2020-ci ili ikiminillik tariximizə ən böyük döyüş qələbəsi kimi yazdı. Dünya azərbaycanlılarının yurd sevgisi, milli öyünc günü olan 31 Dekabr ümummilli həmrəylik bayramını və Yeni ili ötən günlərdə belə bir qələbənin yaratdığı sonsuz sevinc və qurur duyğuları ilə qeyd etməyimiz misilsiz bir qismətdir.
Belə bir vaxtda 50 milyonluq dil, din və məfkurə qardaş-bacılarımız bir-birini ürəkdən təbrik etdilərr, xalqımıza doğma Azərbaycanımız naminə daha böyük fəaliyyətlər və nailiyyətlər arzuladılar. Qoy növbəti illərdə də nəsibimiz möhkəm cansağlığı, səadət və ümummilli uğurla sevinmək olsun!
Nizami CƏFƏROV,
Milli Məclisin deputatı, akademik
Köhnə versiyamızdan xəbərləri izlə