Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan dünyada müasir nəqliyyat və texnologiyalar sahələrində lider mövqedədir

Azərbaycan iqtisadiyyatının digər sahələrində olduğu kimi, tranzit-logistika istiqamətində fəaliyyətin səmərəli qurulması bir neçə amillə bağlıdır. Əvvəla, son illərdə gerçəkləşdirilən mühüm layihələr nəticəsində respublikamızın Avrasiyabo­yu strateji beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində əlverişli geoiqtisadi mövqedə yerləşməsi, eləcə də güclü tranzit potensialı Azərbaycanın transregional ticarətdə mühüm qovşağa çevrilməsini təmin edib. Ölkəmiz beynəlxalq aləmdə “Şərq–Qərb”, “Şimal–Cənub”, “Cənub–Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin, o cümlədən, “Viking” Qatarı layihəsinin fəal iştirakçısı kimi tanınıb. Respublika daxilində də infrastrukturun müasirləşdirilməsi uğur­la gerçəkləşdirilib. Belə ki, son illərdə həm magistral, həm də şəhərlərarası, kəndlərarası və qəsəbədaxili yollarla bağlı böyük layihələr yüksək səviyyədə reallaşdırılıb. Bu isə ölkəmizin qeyri-neft sektorunun, xüsusən də regionların inkişafına mühüm təsir göstərib, işsizlik prob­leminin həllində, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasnda böyük rol oynayıb.

Azərbaycanda infrastruktur layihələri uğurla və ardıcıl şəkildə davam etdirilir

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri təyin olunması ilə əlaqədar videofor­matda qəbul edərkən yuxarıda vurğulanan məsələr barədə ətraflı danışıb. Dövlətimizin başçısı çıxı­şında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahələrini daim diqqət mərkəzində saxladığını, son illərdə bu sahələrin uğurla inkişaf etdiyini vurğulayıb. Eyni zamanda, Prezident kimi fəaliyyətə başla­dığı ilk illərdə həm nəqliyyatda, həm də rabitədə vəziyyətin qa­needici olmadığını xatırladıb: “O vaxt yüksək texnologiyalardan, ümumiyyətlə, söhbət getmirdi, yollar bərbad vəziyyətdə idi, dəmir yolları infrastrukturu köhnəlmişdi, dəniz nəqliyyatı sahəsində hər hansı bir irəliləyiş yox idi, əksinə, bizim donanmamız böyük dərəcədə köhnəlmişdi. Bütövlükdə bu sahədə vəziyyət ürəkaçan deyildi...”.

Aradan ötən illər ərzində həyata keçirilən tədbirlər, reallaşdırılan layihələr nəticəsində hazırda Azərbaycan dünyada nəqliyyat sahəsində lider dövlətlərdən biri kimi tanınır. Bunu nüfuzlu beynəlxalq təşkilatların reytinqlərindən də görmək olar. Məsələn, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında Azərbaycan inkişaf etməkdə olan 74 ölkə arasında infrastruktur layihələri ilə bağlı dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava yolları xidmətlərinin səmərəliliyinə görə 12-ci, avtomobil yollarının keyfiyyətinə görə isə 24-27-ci yerlərdədir.

Əlbəttə, qeyd edildiyi kimi, bütün bu uğurlar böyük səy, düşünülmüş siyasət hesabına gerçəkləşib. Təbii ki, burada nəqliyyat infrastruktu­runa vəsait qoyuluşunun diqqət mərkəzində saxlanılması da önəmli rol oynayıb. Bu isə son nəticədə ölkəmizin iqtisadi, xüsusilə qeyri-neft sektorunun inkişafına müsbət təsir göstərib. Bununla bağlı Prezident İlham Əliyev çıxışında deyib: “Yol olmayan yerdə inkişaf da olmur. Yol olmayan yerdə fermer öz məhsulunu bazara çatdıra bilmir. Dəmir yolları olmayan yerdə heç bir tranzit im­kanından söhbət gedə bilməz. Ona görə biz, ilk növbədə, ölkə daxilində infrastrukturu tamamilə yenidən qur­duq. Eyni zamanda, ölkəmiz üçün çox vacib olan və uzunmüddətli inkişaf strategiyamıza uyğun olan tranzit imkanları da yaratmışıq”.

Bu, statistik göstəricilərdə də öz ifadəsini tapıb. Belə ki, son 17 il ərzində əhalinin rahat gediş-gəlişinin təmini istiqamətində yazının əvvəlində xatırlatdığımız kimi, böyük layihələr reallaşdırılıb. Paytaxt Bakının qəsəbədaxili yolları yenidən qurulub. Respublikanın ən ucqar kəndlərinə belə müasir, beynəlxlaq standartlara cavab verən yollar çəkilib. Ümumiyyətlə, 17 min kilometrdən çox avtomobil yolu inşa olunub.

Ölkə daxilində dəmir yolu nəqliyyatı sahəsində də önəmli layihələr icra edilib, dəmir yolları­nın reabilitasiyası gerçəkləşdirilib, şəhərlərdə dəmir yolu vağzalları tiki­lib. Bakı dairəvi dəmir yolu istifadəyə verilib və bütün bunlar sərnişin daşımalarına, insanların rahatlığına müsbət təsir göstərib.

Dövlətimizin başçısı çıxışında bu prosesin hazırda da davam etdirildi­yini diqqətə çatdırıb: “Azad edilmiş torpaqlarda da yol infrastrukturunun yaradılmasına bu il start verilmişdir. Biz bu işləri planlı şəkildə görəcəyik. Füzulidən Şuşa şəhərinə açılmış yeni yol onu göstərir ki, biz bu işləri faktiki olaraq ən qısa müddət ərzində görə bilirik”.

Yeri gəlmişkən, bu il yanvarın 14-də dövlətimizin başçısı, Ali Baş Ko­mandan İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Azərbaycanın işğaldan azad edilmiş mədəniyyət paytaxtı Şuşa şəhərinə səfərləri çərçivəsində Füzuli–Şuşa avtomobil yolunun və Füzuli rayonu ərazisində beynəlxalq hava limanının təməli qoyulub.

Azərbaycan artıq beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib

Prezident İlham Əliyev nitqində ölkəmizin təşəbbüsü ilə inşa edilən Bakı–Tbilisi–Qars dəmir yolunun bölgəmizdə və bütövlükdə Avrasiya­da yeni nəqliyyat xəritəsi yaratdığını, Azərbaycanın tərəfdaşları tərəfindən hazırda bu yoldan səmərəli istifadə edildiyini vurğulayıb. Dövlətimizin başçısı fikrinə əlavə edərək daha sonra diqqətə çatdırıb: “Azərbaycan ərazisindən keçən yolların çoxşaxəli olması bizim imkanlarımızı bö­yük dərəcədə artırır. Pandemiya dövründə bütövlükdə bütün dünyada iqtisadiyyatın tənəzzülə uğraması­na baxmayaraq, bildirməliyəm ki, Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi təxminən 20 faiz artmışdır. Bizim dəmir yolu infrastrukturumuzdan bir çox ölkələr istifadə edir. Hazırda Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Avropa marşrutu, eyni zamanda, Əfqanıstan–Türkmənistan–Xəzər dənizi–Azərbaycan–Avropa marşrutu mövcuddur. Bakı–Tbilisi–Qars dəmir yolunu faktiki olaraq Lapis-Lazuli yolu ilə birləşdirdik və əlbəttə ki, burada çoxşaxəli nəqliyyat infrastrukturu öz rolunu oynamışdır”.

Ölkə rəhbəri çıxışında gəmiçiliyin inkişafı istiqamətində görülən işlərdən də ətraflı bəhs edərək, bir neçə il bundan əvvəl istismara verilən Bakı gəmiqayırma zavodun­da bu gün bütün növ gəmilərin isteh­sal olunduğunu, istehsal prosesinin hər il artırıldığını diqqətə çatdırıb.

Dövlətimizin başçısı hazırda müəssisədə tankerlərin, Ro-Ro və yük gəmilərinin istehsal olunduğunu, bu sahədə xaricdən asılılığın artıq aradan qaldırıldığını, bununla da minlərlə iş yerinin açıldığını, habelə neft-qaz əməliyyatlarında iştirak edən şirkətlər üçün geniş imkanlar yaradıldığını xüsusi vurğulayıb.

Prezident İlham Əliyev çıxışın­da, həmçinin Xəzər Gəmiçiliyinin müasirləşdirildiyini, Azərbaycanın Xəzərdə ən böyük donanmaya sahiblik etdiyini və hər il donanmaya yeni gəmilər təqdim olunduğunu da bildirib: “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər dənizində yükdaşımaların təşkili üçün əvəzolunmaz rol oynayır. Birincisi, biz limanı Bakı şəhərindən çıxar­dıq. Bu, Bakının ekoloji vəziyyətinə müsbət təsir göstərmişdir, eyni zamanda, yeni istirahət zonası yara­dılıb. Ələtdə ən müasir dəniz ticarət limanının işə düşməsi bizim imkan­larımızı böyük dərəcədə artırıbdır”.

Videoformatda qəbulda hava nəqliyyatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər haqqında da danışılıb. Bu gün təyyarə parkımızın ən müasir parklardan biri olduğu, həm yük, həm də sərnişin təyyarələrinin müasirləşdirildiyi, onların dünyanın aparıcı şirkətləri tərəfindən istehsal edildiyi qeyd edilib. Eyni zamanda, Heydər Əliyev Beynəlxalq Hava Limanının beşulduzlu hava limanı kimi dünyadakı 10 limandan biri, MDB-də isə birinci yerdə olduğu diqqətə çatdı­rılıb. Dövlətimizin başçısı daha sonra xatırladıb: “Mənim göstərişimlə digər şəhərlərimizdə inşa edilmiş hava limanları bizim nəqliyyat potensialı­mızı böyük dərəcədə gücləndirir. Son illərdə 7 hava limanı inşa edilmişdir. Onlardan 6-sı beynəlxalq statusa malikdir və bütün növ təyyarələri, o cümlədən, ən ağır yük təyyarələrini qəbul edə bilir. Bildiyiniz kimi, Füzuli şəhərində yeni beynəlxalq hava limanının inşasına start verilib və azad edilmiş torpaqlarda – ya Laçın, ya Kəlbəcər rayonlarının ərazisində ikinci beynəlxalq hava limanı inşa ediləcək”.

Azərbaycan kosmik sənaye ölkələri arasında mövqeyini getdikcə möhkəmləndirir

Dövlətimizin başçısı çıxışında Azərbaycanda texnoloji inkişaf­la bağlı görülmüş işlər arasında peyklərin fəaliyyətini yüksək dəyərləndirib. Yeri gəlmişkən, respublikamızda peyk xidmətləri göstərən “Azərkosmos” ASC-nin fəaliyyəti Strateji İnkişaf Planı əsasında qurulub, burada korpora­tiv idarəetmənin ən son yenilikləri tətbiq edilib. Bütün bunların nəticəsi olaraq, “Azərkosmos” kommersiya fəaliyyətinə başladığı gündən ötən dövrdə peyklərin istismarından böyük həcmdə gəlir əldə edib.

“Azerkosmos” ASC bu gün xidmət ixracında səmərəli fəaliyyət göstərməklə bərabər, suverenliyi­mizin qorunması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, kənd təsərrüfatında məhsuldarlığın dəqiq müəyyən edilməsində, habelə torpaqlardan istifadənin və əkin sahələrinin uçotu ilə bağlı konkret layihələrin həyata keçirilməsində önəmli rol oynayır.

Bütün bu məsələlərin gerçəkləşməsinə kadr potensia­lı əhəmiyyətli təsir göstərib.Yeri gəlmişkən, “Azərkosmos” ASC-nin fəaliyyətə başladığı 2011-ci ildən etibarən qurum Azərbaycanda kosmik sahədə kadr potensialının yaradılmasına xüsusi dəstək verib. ASC toplanan təcrübənin tələbələrə ötürülməsi və yerli mütəxəssislərin hazırlanması istiqamətində mühüm tədbirlər həyata keçirib. “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində texniki ixtisaslara üs­tünlüyün verilməsi “Azərkosmos”un azərbaycanlı gənclərdən ibarət texniki heyətinin formalaşması za­manı seçim imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib.

Bu gün Azərbaycan peykləri tam şəkildə yerli mütəxəssislər tərəfindən idarə olunur. “Azərkosmos” ASC-də aparılan müşahidələrə əsasən, ötən əsrin 80-90-cı illərində doğulan, bu gün ölkəmizin əmək bazarının əhəmiyyətli hissəsini – 40 faizini təşkil edən və “minilliyin gəncliyi” ad­landırılan bu yaş qrupunun öz spe­sifik xüsusiyyətləri var. Bu gəncliyi qeyri-maddi motivatorlar maddi rifahdan daha çox düşündürür. Onlar gördükləri işin ali məqsədə xidmət etməsini istəyir və üzərlərinə məsuliyyət götürərək sərbəst çalış­mağa üstünlük verirlər.

“Azerspace” və “Azersky” kimi layihələrin həyata keçirilməsi gənclərimizə müsbət mənada özlərini tapmaq, potensiallarını reallaşdırmaq imkanı verir, vətənimizdən “beyin axı­nının” qarşısını alır və ən əsası, ölkə olaraq Azərbaycanı dördüncü sənaye inqilabına hazırlayır. Bu sənaye inqi­labının əsas aparıcı qüvvəsini insan potensialı, xüsusilə də onun intellekti təşkil edir. Əminliklə demək olar ki, hazırda “Azərkosmos” da daxil olmaqla, möhtərəm Prezidentimizin müvafiq fərman və sərəncamları ilə yaradılmış texnoloji şirkətlərdə çalışan potensiallı gənclərimizin bir qrupu yaxın gələcəkdə öz startap layihələri ilə yeni iş yerləri yaradan innovativ sahibkarlara çevriləcək.

Prezident İlham Əliyev çıxışın­da da bu məqamlara toxunaraq qeyd edib: “Bu sahədə çalışan kadrlar artıq bizim ümumi intellek­tual potensialımızı gücləndirirlər. Eyni zamanda, Vətən müharibəsi dövründə düşmənin hərəkətlərini onlayn formatda izləmək və onların təxribatlarının qarşısını almaq əlbəttə ki, bizə əlavə üstünlük yaratdı. Təsadüfi deyil ki, Vətən müharibəsi, Azərbaycanın apardığı əməliyyatlar dünyada hərbi ekspertlər tərəfindən XXI əsrin müharibəsi adlandırıldı. Çünki bu, texnoloji inkişaf baxımın­dan bir yenilik idi”.

Texnoloji sahədə də dövlət-özəl sektor tərəfdaşlığı diqqətdə saxlanılmalıdır

Bu gün texnologiya və telekom­munikasiya sahələrində bir çox yerli şirkətlər yaranıb və onlar həm Azərbaycanda, həm də xaricdə fəaliyyət göstərirlər. Həmin özəl qurumlara dəstək verilməsinin zəruriliyindən danışan dövlətimizin başçısı burada da dövlət-özəl sektor tərəfdaşlığının bir nümunə olması­nın əhəmiyyətinə toxunub. Bildirib ki, bu sahə hər bir ölkənin gələcəyi üçün həlledici önəm daşıyır. Çünki texnoloji inkişaf dövlətin tərəqqisini sürətləndirən vacib amildir. Buna görə də bu məsələ, xüsusilə yeni peşələrin meydana çıxma­sı diqqətdə saxlanılmalıdır. Kadr potensialımız da dünyada gedən sənayeləşmə, xüsusilə Dördüncü Sənaye İnqilabı ilə bağlı proseslərdə fəal iştirak etməlidir. Təsadüfi deyil ki, Davos Ümumdünya Forumu­nun məhz Azərbaycanı Dördüncü Sənaye İnqilabının mərkəzlərindən biri seçməsi də bu məqamın daim diqqətdə saxlanılmasını şərtləndirir.

Prezident İlham Əliyev bu­nunla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin üzərinə böyük vəzifələr düşdüyünü qeyd edərək deyib: “Mən sizdən əvvəl bu vəzifədə çalışmış nazirin fəaliyyətindən də razıyam. O da öz vəzifə borcunu şərəflə yerinə yetirirdi, bir çox önəmli məsələləri həll etmişdir, Azərbaycanın bu sahədəki inkişafını təmin etmişdir. Ancaq hər yerdə islahatlar gedir, islahatlar labüddür və ölkə qarşısın­da yeni vəzifələr durur. Mən hesab edirəm ki, siz bu vəzifələri icra edə bilərsiniz”.

Bu gün bölgədə nəqliyyat-kommunikasiya sahəsində böyük layihələr müzakirə edilir

Azad edilmiş ərazilərdə hazır­da böyük nəqliyyat layihələrinin icrasına başlanılıb. Füzuli hava limanının, Füzuli-Şuşa avtomo­bil yolunun inşasına start verilib. Bununla paralel olaraq, indi bölgədə nəqliyyat-kommunikasiya sahəsində böyük layihələrin müzakirəsinə başlanılıb. Burada, əlbəttə, Horadiz-Zəngilan, daha sonra Zəngilan-Naxçıvan, Naxçıvan-Türkiyə dəmir yolu layihələri və digər layihələrin gerçəkləşdiriləcəyi nəzərdə tutulub.

Müharibədən sonra yaranmış vəziyyətin bölgə ölkələri üçün yeni imkanlar açdığını vur­ğulayan dövlətimizin başçısı deyib: “Azərbaycan bu sahədə əməkdaşlığa hazırdır və bu işə öz töhfəsini verməkdədir. Mənim tərəfimdən göstəriş verildi ki, Horadiz-Ağbənd dəmir yolunun layihələndirilməsi başlasın. Ar­tıq start verildi və digər layihələr də, həmçinin. Burada ən müasir texnologiyalar tətbiq edilməlidir ki, Azərbaycan bu sahədə də daim liderliyi öz əlində saxlaya bilsin”.

Prezident İlham Əliyev qeyd edib ki, müharibə bir çoxlarına Azərbaycanın potensialının nədən ibarət olduğunu göstərib. “Biz döyüş meydanında qələbə qazandıq, biz mülki sahədə qələbə qazan­dıq. Çünki əgər güclü iqtisadiyyat qurmasaydıq, güclü ordu qura bilməzdik. Ona görə bütün amillərin sintezi həm qələbəni şərtləndirdi, həm də bundan sonra bizim inkişaf dinamikamızı da şərtləndirəcək. Hətta pandemiya dövründə də bizim qeyri-neft sənayemiz artmışdır, özü də böyük dərəcədə. Keçən il qeyri-neft sənayemiz 12,5 faiz artmış­dır. Nəyə görə? Texnoloji inkişaf, sənayeləşmə, investisiyalar, güzəştli şərtlərlə kreditlərin verilməsi, dövlət-özəl sektor tərəfdaşlığı – bütün bu amillər öz rolunu oynayıb”, – deyə Prezident İlham Əliyev əlavə edib.

“Ölkəmizdə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası işlənməli və tətbiq edilməlidir”

Dövlətimizin başçısı çıxışında azad edilmiş torpaqlarda bərpa işlərinin aparılması zamanı mütləq yüksək texnologiyalardan istifadə olunması zəruriliyini vurğulayıb. Ölkə rəhbəri hazırda minalardan təmizləmə prosesinin getdiyini qeyd edərək, bununla bərabər şəhərsalma layihələrinin hazırlan­dığını da diqqətə çatdırıb. Eyni za­manda, bu iş yekunlaşandan sonra artıq praktiki inşaat işlərinə start veriləcəyini, infrastruktur layihələri ilə yanaşı, nəqliyyat və texnologiya­lar sahələrinin də diqqət mərkəzində saxlanılacağını xatırladıb.

Prezident İlham Əliyev bildirib ki, azad edilmiş ərazilərdə qurulacaq şəhərlər və kəndlər “smart-city”, “smart-village”, – yəni, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında qurulmalıdır. Həmin yerlərdə şəhərsalma aparılarkən, layihələr icra edilərkən dünyanın ən qabaqcıl texnologiyalarının tətbiqi üçün işlər indidən planlaşdırmalıdır. Digər şəhər və kəndlərimizdə də buna oxşar layihələrin icrasına önəm verilməlidir.

Dövlətimizin başçısı daha sonra deyib: “Bildiyiniz kimi, Davos Ümumdünya İqtisadi Forumunda iştirakım zamanı 10-larla şirkətlə görüşlərim olur, onların böyük əksəriyyəti texnoloji şirkətlərdir. Bu görüşlər əsnasında görürəm ki, dünyada hansı yeniliklər var, hansı müsbət inkişaf var və çalışıram ki, o şirkətləri Azərbaycana cəlb edim. Ona görə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası işlənməlidir və tətbiq edilməlidir”.

Azərbaycan Prezidenti çıxışında işğaldan azad edilmiş ərazilərdə ya­şıl enerji zonasının, günəş və külək enerjisi növlərinin yaradılması üçün hər cür imkanın mövcudluğunu, su resurslarımızın kifayət qədər geniş həcmli olmasını xatırladaraq, bu işlərə xarici tərəfdaşları, investorları cəlb etməyin, habelə yerli şirkətlərə şərait yaratmağın əhəmiyyətindən də ətraflı danışıb.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

27 Yanvar 2021 22:25 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə