Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağda “ağıllı şəhər” konsepsiyasının tətbiqi bölgənin inkişafını daha da sürətləndirəcək

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib ki, azad edilmiş ərazilərdə qurulacaq şəhərlər və kəndlər “smart-city”, “smart-village”, – yəni, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında qurulmalıdır. Həmin yerlərdə şəhərsalma layihələri icra edilərkən dünyanın ən qabaqcıl texnologiyalarının tətbiqi üçün işlər indidən planlaşdırılmalıdır. Digər şəhər və kəndlərimizdə də buna oxşar layihələrin icrasına önəm verilməlidir.

Dövlətimizin başçısı daha sonra deyib: “Bildiyiniz kimi, Davos Ümumdünya İqtisadi Forumunda iştirakım zamanı onlarla şirkətlə görüşlərim olur, onların böyük əksəriyyəti texnoloji şirkətlərdir. Bu görüşlər əsnasında görürəm ki, dünyada hansı yeniliklər var, hansı müsbət inkişaf var və çalışıram ki, o şirkətləri Azərbaycana cəlb edim. Ona görə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası işlənməlidir və tətbiq edilməlidir”.

Yeri gəlmişkən, “ağıllı şəhər”, yaxud “ağıllı kənd” konsepsiyası ilə bağlı onu qeyd etmək istərdim ki, bu, elm və texnologiyanın yüksək in­kişafı nəticəsində şəhər və kəndlərin əhalisinin həyat tərzinin fərqli yön almasının ifadəsidir. Fikrimi bir qədər də aydınlaşdırmaq üçün konkret ünvan göstərməyi zəruri bilirəm. Belə ki, Yaponiyanın Fudzisava yaşayış məntəqəsi dünyada “ağıllı şəhər” kimi tanınır. Tokiodan bir saatlıq məsafədə yerləşən bu qəsəbə gələcəyin enerji səmərəli, ekoloji və rahat şəhərləri üçün model kimi düşünülüb. Layihə “Mitsui & Co”, “Accenture”, “Tokyo Gas” daxil olmaqla Yaponi­yanın bir sıra firmalarının iştirakı ilə “Panasonic” şirkəti tərəfindən reallaşdırılıb.

Hazırda Fudzisava “ağıllı şəhərində” artıq təxminən yüzlərlə ev tikilib və satılıb, layihə isə 1000 ailə üçün hesablanıb. Yüksək texnolo­giyalı qəsəbə “adi” Fudzisava şəhərində 19 hektar ərazini tutur. Ötən əsrin 60-cı illərinin ortalarından bu meydançada bir neçə on illiklər “Panasonic”in məişət texnikası və elektronika istehsalı yerləşib.

Belə ki, hazırda 3 min nəfər əhalisi olan şəhərin bütün evlərində yalnız günəş enerjisindən istifadə edilir. Əsas nəqliyyat vasitələri elektriklə işləyən avtomobil və velosipeddir. Küçələr sensorlu işıqlandırma sistemləri ilə təchiz olunub. Zəlzələ və digər fövqəladə hadisələr zamanı şəhər özünü 3 gün ərzində saxlaya bilir.

Ölkəmizdə də “ağıllı şəhər” konsepsiya­sının tətbiqi ilə bağlı təkliflər hazırlanır. Bu, Prezident İlham Əliyevin sərəncamı ilə imza­lanan “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda da öz əksini tapıb. Belə ki, bu planda nəzərdə tutulduğu müddətdə “ağıllı şəhər” konsepsi­yasının tətbiqi ilə bağlı araşdırma aparılacaq və pilot layihə həyata keçirilməsi imkanlarının müəyyənləşdiriləcəyi qeyd edilib. Layihənin icrası Nəqliyyat, Rabitə və Yüksək Texnolo­giyalar Nazirliyi, AzərbaycanRespublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalarüzrə Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib.

Nəhayət, layihə ixtisaslı kadrların işlə təmin olunması və onlar üçün daha çox iş yerlərinin yaradılmasına imkan yaradır. Başqa sözlə, bu ixtisaslı kadrların daha qısa zamanda işlə təmin olunması sistemidir. Əsas üstünlük odur ki, “ağıllı şəhər”in özündə məşğulluğun təmin edilməsi və kadrların işlə təminatına imkan yaradılır.

Vəkil HÜSEYNOV,
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru

27 Yanvar 2021 22:22 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə