Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Proqnozlar nikbinlik yaradır

Beynəlxalq Valyuta Fondu (BVF) dünya iqtisadiyyatının gələcəyi ilə bağlı ənənəvi hesabatını açıqlayıb. Fondun ekspertlərinin hesablamalarına əsasən qlobal iqtisadiyyatda 2021-ci ildə 5,5 faiz, 2022-ci ildə isə 4,2 faiz artım gözlənilir. Müvafiq artım tendensiyaları qlobal ticarətdə də davam edəcək və növbəti iki ildə, müvafiq olaraq 8,1 və 6,3 faizlik artım trendi müşahidə olunacaqdır.

İqtisadi İslahatların Təhlili və Kommunikasi­ya Mərkəzindən verilən məlumatda bildirilir ki, Mərkəzin departament rəhbəri Ayaz Müseyibov qeyd edib ki, qlobal səviyyədə qeyri-müəyyən vəziyyətə baxmayaraq, əvvəlki hesabatla müqayisədə iqtisadi artım proqnozları 0,3 faiz artırılıb. Bu isə dekabr ayın­dan başlayaraq vaksinasiya proseslərinin güclənməsi ilə birgə nəhayət ki, pandemiyanın bitəcəyi ilə bağlı proqnozlar və ABŞ, Yaponiya kimi böyük iqtisadiyyatlarda ilin sonunda qəbul edilən iqtisadi dəstək siyasəti ilə bağlıdır. Başa çatmaqda olan ilin göstəriciləri üzrə qlobal iqtisadiyyatda azalma ötən ilin ikinci yarısında baş verən iqtisadi hadisələrə bağlı olaraq gözləniləndən 0,9 faiz az olub. Bu, növbəti 2 il üzrə artım gözləntiləri üçün yaxşı baza rolunu oynayır.

BVF-in hesablamalarına görə qlobal iqti­sadiyyatın gələcəyi ilə bağlı artım göstəriciləri pandemiya ilə mübarizənin nəticələrindən asılı olaraq müəyyənləşəcəkdir. Belə ki, qlobal miqyasda vaksinasiya və müalicə proseslərinin daha sürətli və uğurlu olması fonunda paralel olaraq karantin tədbirlərinin zəiflədilməsi isteh­lak, investisiyalar və məşğulluğun daha yüksək inkişafı ilə nəticələnə bilər.

İqtisadi artım və böyümə proqnozları ölkələr üzrə fərqlidir və səhiyyə xidmətləri, dəstək siyasətləri və digər spesifik xüsusiyyətlərdən asılı olaraq dəyişir. Azərbaycanın da daxil olduğu inkişafda olan ölkələr qrupunda iqtisa­di artımın mərhələli bərpası daha çox özünü göstərəcəkdir. Belə ki, qrup ölkələrində növbəti iki ildə iqtisadi artım 6,3 və 5 faiz, ticarətin həcmi isə 9,2 və 6.7 faiz proqnozlaşdırılır. BVF-nin proqnozlarına görə mərkəzi banklar 2022-ci ilin sonunadək faiz dərəcəsi siyasətini müəyyən olunan dəhliz çəçivəsində saxlayacaqlar və inki­şafda olan ölkələr üçün bu istiqamətdə maliyyə vəziyyəti daha da yaxşılaşacaqdır. İnkişaf etmiş ölkələrdə inflyasiya göstəricilərinin hədəf diapo­zununu ötməyəcəyi və 1,5 faiz təşkil edəcəyi, inkişafda olan ölkələr üzrə də analoji trendin davam edərək 4 faiz üzərində olacağı və bu göstəricinin qrup ölkələri üçün tarixi minimum təşkil edəcəyi hesablamalarda öz əksini tapıb.

A.Müseyibov qeyd edib ki, hesabatda diqqət çəkən mühüm bir məqam da dün­ya əmtəə bazarlarında neft qiymətləri ilə bağlıdır. Qlobal yenidənbərpanın da təsirləri ilə müvafiq əmtəənin qiymətlərinin 2020-ci illə müqayisədə 21,2 faiz artacağı proqnozlaşdırılır.

Brent, Dubay və WTI neftinin orta qiyməti əsasında hesablanan bu proqnozlarda 2021- ci ildə dünya bazarlarında neft qiymətlərinin 50 ABŞ dolları/barelə çatacağı proqnozlaşdırıl­mışdır ki, bu da oktyabr üzrə müvafiq proqnoz göstəricilərindən 4 ABŞ dolları/barell daha yüksək göstəricidir. Azərbaycan üçün qeyri-neft sektorunun inkişafı və smart iqtisadi modelin qurulması prioritet təşkil etsə də, indiki hal­da neft qiymətləri ilə bağlı pozitiv proqnozlar Azərbaycan iqtisadiyyatında iqtisadi artım drayverlərini tətikləyəcəkdir.

Hesabatdan çıxan mühüm nəticələrdən biri də ondan ibarətdir ki, BVF-nin məlumatına əsasən inkişafda olan ölkələr pandemiya ilə mübarizə çərçivəsində ciddi borc problemləri ilə üzləşib. Buna müvafiq olaraq, hesabatda pandemiya ilə mübarizə aparılması məqsədi ilə qlobal miqyasda çoxvektorlu əməkdaşlıq siyasətinin qurulması, vaksinasiyaya bərabər çıxış imkanlarının təmin edilməsi və inkişafda olan ölkələrin artmaqda olan borc problemləri və gözlənilən likvidlik problemlərinə diqqət yönəldilir.

Qeyd edək ki, bu baxımdan Azərbaycan pandemiya ilə mübarizəni yalnız öz daxili fiskal resursları hesabına təmin etməklə xarici borc səviyyəsinə görə ən yaxşı ölkələrdən biri kimi öz mövqeyini qoruyub saxlayıb. Beləliklə, nüfuzlu beynəlxalq agentlik və təşkilatların proqnozları, həmçinin Qarabağın maddi və qeyri-maddi resursları ilə Azərbaycan iqtisadiyyatının dövriyyəsinə cəlb olunması 2021-ci ildə ölkəmizi iqtisadi inkişaf meqatrendlərinin gözlədiyini göstərir.

“Xalq qəzeti”

27 Yanvar 2021 22:17 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə