Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Biz bu torpaqlarda əbədi yaşayacağıq”

Mən Şuşaya son dəfə 39 il bundan əvvəl gəlmişəm. 39 il bundan əvvəl iki dəfə gəlmişəm və birinci dəfə yanvarın 14-də gəlmişəm. Bax, bu gün, yanvarın 14-də yenə də buradayıq. Bu dəfə müzəffər Azərbaycan Ordusunun, qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi gəlmişəm.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Yanvarın 14 də Prezident İlham Əliyevin ailə üzvləri ilə birlikdə Şuşaya səfəri, orada Azərbaycan Bayrağını qaldırması, məscidləri ziyarət etməsi, sonra da məşhur Cıdır düzündə birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə birlikdə çay süfrəsinə qonaq olmaları uzun müddət xatirələrdən silinməyəcək. Dövlətimizin başçısının çay süfrəsi arxasında “Cıdır düzündə armudu stəkanda çay, paxlava ilə. Dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun!” mesajı tarixi qələbəmizin bəxş etdiyi sevinc idi.

Çay dəsgahının vahiməsi

Möhtərəm Prezidentimizin bu mesajı və Cıdır düzündəki çay dəsgahı düşmənlərimizi necə vahiməyə saldısa, bəziləri öz ailə üzlərini də götürüb gecəykən Moskvaya qaçdı. Ermənistan mətbuatının yazdığına görə, Anna Akopyan Moskvada gizləndiyi ün­vanı, hətta əri Paşinyana da demir. Hazırda bu məsələ Ermənistanda müzakirə mövzusuna çevrilib. Müxalifətin nümayəndələri uşaqları ilə bərabər Moskvada gizlənən Anna Akopyanın ünvanına sərt mesajlar göndəriblər. Deyiblər ki, ötən il Pa­şinyanın arvadı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı Şuşaya dəvət edirdi. Onun dediklərinə bu gün də Ermənistan mediasında daha tez-tez rast gəlinir: “Mən Mehriban Əliyevanı Qarabağa dəvət etmək istəyirəm. Əgər o, Qarabağ­da muğam dinləməyi arzulayırsa, bunun bir yolu var: “Artsaxla” yaxşı qonşuluq münasibətləri. Onlar Qara­bağa gələ, gözəl təbiətin qoynunda çay içə, muğama qulaq asa bilərlər”.

A.Akopyanın ironiya ilə dediyi bu sözlərdən çox keçmədi ki, Brinci vitse-prezident Mehriban xanım Əliyeva ailə üzvləri ilə birlikdə Cıdır düzünə getdi, hətta çay da içdilər. Ancaq Anna Akopyan qorxusundan hələ də üzə çıxmır. Ermənistan mətbuatı yazır ki, budur, Mehriban Əliyeva Cıdır düzündə çay içir, Anna Akopyan yoxdur, qorxusun­dan Moskvaya qaçıb. İlham Əliyev və Mehriban Əliyeva arzularına çatdılar, amma Akopyanın dediyi kimi yox.

Xəyanətin qurbanı

Şuşanın 29 il əvvəlki işğalı hələ də yaddaşlardan silinməyib və hələ bundan sonra da uzun müddət silinməyəcək. Çünki həmin dövrdə ölkədə baş alıb gedən hərc-mərclik, özbaşınalıq, hakimiyyəti ələ keçirmək üçün satqınlıq, xəyanətkarlıq özünü açıq büruzə verirdi. Hətta bu yolda şəhərlərimizi və digər yaşayış məntəqələrimizi ermənilərə verməyə də hazır olan satqınlar deyirdilər ki, gəlin, filan şəhəri ermənilərə verək, bununla da ölkə rəhbərliyini şantaj edib vəzifəsindən uzaqlaş­dıraq, hakimiyyəti ələ keçirəndən sonra yenidən həmin əraziləri geri alarıq. Göründüyü kimi, vəzifəyə gəlməkdən ötrü sanki ərazilərimizi qumara qoymuşdular. Təbii ki, bu dayaz düşüncə tərzi o vaxt hakimiyyəti silah gücünə ələ ke­çirmiş AXC–Müsavat cütlüyünun başbilənlərinə məxsus idi. Elə də etdilər. Şuşa ilk hədəf, xəyanətin qurbanı oldu.

Dövlətimizin başçısı Şuşaya səfəri zamanı bu faktı bir daha xatırlatdı. Ölkə Prezidenti hərbçilərlə görüşü zamanı dedi ki, 1992-ci ilin mayında o vaxtkı Azərbaycan rəhbərliyinin və hakimiyyət uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa işğal altına düşdü. O vaxt ermənilər öz “əməliyyatına” bir ad vermişdilər – “Dağlarda toy”. Hal­buki, heç əməliyyat da keçirilməmişdi. Şuşa şəhəri boşaldılmışdı. O vaxtkı müdafiə naziri “Şuşa əldən getsə, başıma güllə çaxacağam” – desə də, sonda qorxaqcasına Şuşadan qaçmışdı. Ondan sonra isə ermənilər, guya bu əməliyyat haqqında əfsanələr uydurmuşdular – “Dağlarda toy”.

Təəssüf ki, “Şuşa əldən getsə, başıma güllə çaxacağam”, – deyən o vaxtkı müdafiə naziri başına heç çırtma da vurmadı və bu gün də ölkədə araqarışdırmaq, münaqişə yaratmaqla məşğuldur. Yaşının bu çağında törətdiyi qanunsuz əməllərə görə tez-tez polisə hesabat verən həmin şəxs şahiddir ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz ermənilərə necə toy tutdu. Hətta 28 il əvvəlki “Dağlarda toy” əməliyyatı tamamilə unuduldu. İşğalçı ölkə bu “toy”u əbədi olaraq yadda saxla­yacaq. Dövlət başçımızın qeyd etdiyi kimi, qəhrəman Azərbaycan övladları mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirdilər və Şuşanı işğalçılardan azad etdilər. Uzun fasilədən – 28 il yarımdan sonra – noyabrın 8-də Şu­şada Azərbaycan Bayrağı qaldırıldı.

Bu tarixi qələbənin memarı Prezident, Ali Baş Komandan İlham Əliyevin düzgün müəyyənləşdirdiyi strategiyası, polad iradəsi Azərbaycanın beynəlxalq aləmdəki reytinqini daha da yüksəltdi, mövqeyini möhkəmləndirdi və silahlı qüvvələrimizin dünyanın 50 ən güclülərindən biri olduğunu təsdiqlədi.

Münaqişənin hərbi yolla həlli varmış

İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Biz Şuşaya, eləcə də işğaldan azad edilmiş digər ərazilərimizə qayıtmışıq! Artıq abad­lıq-quruculuq işlərinə start verilib. Bu tarixi qələbəni, yenidənqurma işlərinə başlamamızı döyüş mey­danında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaq bu şanlı qələbəmizi döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. “Münaqişənin hərbi yolla həlli yox­dur” – deyən riyakarlar da gördülər ki, var imiş!

30 il davam edən Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dünyada baş alıb gedən ikili standartların, islamofobiyanın, ayrı-seçkiliyin əsirinə çevrilmiş­di. Bu müddət ərzində nüfuzlu beynəlxalq qurumlar Ermənistanın işğalçı siyasətini pisləyən, qeyd-şərtsiz işğal etdikləri Azərbaycan ərazilərindən öz qoşunlarının çıxarılmasını tələb edən qətnamələr qəbul etsələr də, buna əhəmiyyət verən olmurdu. Həmin qətnamələr artıq əhəmiyyətsiz kağız parça­sına çevrilmişdir. Münaqişənin tənzimlənməsində vasitəçilik mis­siyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu ildə bir neçə dəfə eyni məzmunlu bəyanatlar verməklə öz vəzifəsini “beynəlxalq hüquq norma­ları çərçivəsində həll etmiş olurdu”. Təəssüf ki, bu müddət ərzində beynəlxaql təşkilatların əsas vəzifəsi işğalçıya dəstək vermək, ərazisi işğal olunmuş Azərbaycana təzyiq və təhdid göstərmək olub. Guya, münaqişənin sülh yolu ilə həllinə ça­lışdıqlarını, insan hüquq və azadlıq­larının qorunmasına “böyük üstünlük verdiklərindən” qan tökülməsini istəmirlərmiş. Halbuki, işğalçı Ermənistan ordusu sərhədboyu ərazilərdə hər addımbaşı atəşkəs rejimini pozur, dinc əhalini qətlə ye­tirir, yaşayış məntəqələrini yararsız hala salırdılar. Ancaq beynəlxalq təşkilatlar, nədənsə, ermənilər tərəfindən insan haqlarının pozun­tusunu gömür və ya eşitmirdilər. Elə hey deyirdilər ki, münaqişənin hərbi yolla həlli yoxdur.

Təbii ki, bu özbaşınalıq uzun müddət davam edə bilməzdi və bu işğalın sonu olmalı idi. Bunu rəşadətli ordumuz döyüş meydanın­da da sübut etdi. Dövlət başçımızın dedyi kimi, 30 ilə yaxın mənasız da­nışıqlar bizi heç bir nəticəyə yaxın­laşdırmadı. Tarixi torpaqlarımız 30 ilə yaxın işğal altında qaldı. Danışıq­lar prosesində Ermənistan, sadəcə olaraq, vaxt udmağa çalışır və sta­tus-kvonu əbədi etmək istəyirdi. Bu illər ərzində ölkəmizə qarşı dəfələrlə müxtəlif güc mərkəzlərindən göndərilən siqnallarda əsas məqsəd Azərbaycanı bu vəziyyətlə barış­mağa sövq etmək idi. Ancaq dövlət başçımızın qətiyyəti, siyasi iradəsi, xalqın sıx həmrəyliyi milli maraqları­mıza cavab verməyən hər hansı bir razılaşmaya imkan vermədi.

Prezident İlham Əıliyev dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan etmişdi ki, torpaqlarımızın, ərazi bü­tövlüyümüzün bərpa edilməsi əsas vəzifəmizdir və biz bu vəzifəni icra edirik. 30 il davam edən danışıqlar heç bir nəticə vermədi. Ermənistan rəhbərliyi müxtəlif vasitələrlə danışıqlardan yayındı. Çünki o vaxtkı vəziyyət işğalçı ölkəni qane edirdi. Havadarlarının dəstəyindən şirniklənən Ermənistan ordusu sentyabrın 27-də böyük iştahla yenidən ölkəmizə hücuma keçdi. Ancaq bu dəfə qarşılarında güclü və yenilməz Azərbaycan Ordusunu gördü.

Prezident, Ali Baş Komandan İlham Əliyev işğalçı Ermənistana status-kvonun ömrünü uzatmağa şərait yaradanlara sübut etdi ki, münaqişənin hərbi yolla həlli var. Biz xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına Ermənistanı diz çökdürdük, torpaq­larımızı işğalçılardan azad etdik və 30 illik yurd həsrətinə birdəfəlik son qoyduq. Dövlət başçımızın vurğula­dığı kimi, düşməni məcbur etdik ki, qabağımızda diz çöksün, kapitul­yasiya aktına imza atsın. Belə də oldu və alçaldıcı kapitulyasiya aktı tarixdə əbədi qalacaq. Üçtərəfli 10 noyabr bəyanatı da bunu bir daha təsdiqlədi.

İndi bütün dünya Azərbaycanın şanlı qələbəsindən danışır. Dün­yanın aparıcı kütləvi informasiya vasitələri qazandığımız parlaq qələbədən yazırlar. Tanınmış ictimai-siyasi xadimlər, diplomatlar bu qələbəmizin memarı Prezident İlham Əliyevə təbriklər ünvanlayırlar.

Dövlətimizin başçısı Şuşada hərbçilərlə görüşü zamanı buraya necə gəldiyini də açıqladı: “Mən Şuşaya qələbə yolu ilə gəlmişəm. O yol indi açılıbdır, yol yox idi. Dağlardan, meşələrdən, dərələrdən keçərək, onlarla kilometr məsafəni qət edərək, qəhrəman Azərbaycan hərbçiləri yol boyunca kəndləri, qəsəbələri düşməndən azad edib, Şuşa şəhərinə yaxınlaşıb, Daşaltı kəndini azad edib və ondan sonra Şuşanı işğalçılardan azad edib.”

Abadlıq və quruculuq dövrü

Artıq işğaldan azad edilmiş ərazilərdə abadlıq və quruculuq işlərinə start verilib. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva, həmçinin qızları Leyla Əliyeva həmin işlərin təməlqoyma mərasimlərində iştirak edir, öz xeyir-dualarını verirlər. Füzuli rayonunda Beynəlxalq Hava Limanının və Füzulu – Şuşa yolunun təməlqoyma mərasimlərində də bunun şahidi olduq. Artıq Şuşa şəhərində də bir sıra kommunikasiya işlərinə başlanılıb. Ermənilərin xarabalığa çevirdikləri yaşayış məntəqələrimiz bir neçə ildən sonra əvvəlkindən də gözəl olacaq. Prezident İlham Əliyevin qətiyyətlə dediyi sözlər xalqımızda tam əminlik yaradıb: “Biz bu torpaqlarda əbədi yaşayacağıq! Biz Şuşanı və dağıdılmış bütün başqa şəhər və kəndlərimizi bərpa edəcəyik. Dağıdılmış bütün tarixi abidələrimizi bərpa edəcəyik”.

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

27 Yanvar 2021 22:16 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə