Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Proqramlaşdırma və riyaziyyat üzrə yarışmanın nəticələri açıqlanıb

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində dekabrın 25-də başlayan proqramlaşdırma və riyaziyyat üzrə qış onlayn yarışmasının qalibləri elan olunub.

Təhsil Nazirliyindən "Xalq qəzeti"nə verilən məlumata görə, ümumi təhsil müəssisələrinin 8-15 yaşarası məktəbliləri üçün nəzərdə tutulan yarışma şagirdlərin asudə vaxtlarını səmərəli və əyləncəli keçirməsi, eyni zamanda, proqramlaşdırma və riyaziyyat üzrə bacarıqlarının təkmilləşdirilməsi məqsədi daşıyıb.

Məktəblilərin marağına səbəb olan yarışmaya ölkə üzrə bütün bölgələrdən 18 minə yaxın şagird qoşulub. Yarışmanın süjetinə əsasən, 3-6 nəfərlik komandalar şəklində yarışmada iştirak edən şagirdlər dekabrın 31-dək qarşıdan gələn Yeni ili pandemiyadan xilas etməli, bunun üçün isə yarışmanın mərhələlərindən uğurla keçməli idilər. Yarışmanın ilkin mərhələsi test tapşırıqlarının düzgün həll edilməsi olub. Bu mərhələdən 636 şagird müvəffəqiyyətlə keçərək sertifikatla təltif olunub. Növbəti mərhələdə şagirdlər yaradıcılıq bacarıqlarını nümayiş etdirib və yekun mərhələyə keçən finalçılar öz layihələrini yaradaraq təqdim ediblər. Nəticədə aşağıda adları qeyd olunan 3 komanda yarışmanın qalibləri elan olunub:

I yer – “6ч” komandası, Bakı şəhəri 18 nömrəli tam orta məktəb;

II yer – “Nizami” komandası, Gəncə şəhəri 4 nömrəli tam orta məktəb və Bakı şəhəri Anadolu Liseyi;

III yer – “Xaker” komandası, Bakı şəhəri “Tərəqqi” liseyi.

Qalib komandalar sertifikat və hədiyyələrlə mükafatlandırılacaq.

Qeyd edək ki, “Rəqəmsal bacarıqlar” layihəsi 2017-2018-ci tədris ilindən etibarən Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq təhsil şirkəti tərəfindən həyata keçirilir. Layihə hazırda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Biləsuvar, Şamaxı, Lənkəran, Şirvan, Şəki rayon və şəhərləri üzrə 222 məktəbi, 120 minədək şagirdi əhatə edir.

27 Yanvar 2021 10:33 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə