Ən son xəbərlər
ABŞ Nümayəndələr Palatası dünən impiçment maddələrini Senata göndərib. Bu maddələrdə sabiq Prezident Donald Tramp yanvarın əvvəllərində Konqres binasına hücuma görə üsyana təhrikdə ittiham olunur. Bu barədə “Amerikanın səsi” radiosu məlumat yayıb.
Xəbərdə qeyd olunur ki, Senatda məhkəmənin başlanması 8 fevrala təyin olunub. Bu tarix Demokratlar və Respublikaçılar arasında həm qanunvericilər, həm də D.Trampın vəkillərinə məhkəməyə hazırlaşmaq üçün əlavə vaxt vermək barədə razılıq əldə olunduqdan sonra müəyyən edilib.
D.Trampın rəsmən impiçment elan edilməsi üçün Senatda üçdə iki çoxluğun razılığı tələb olunur. Hazırda Senatda Respublikaçılarla Demokratlar arasında mandat nisbəti 50:50-yə nisbətindədir. Beləliklə, bütün Demokratların razılığı nəzərə alınmaqla, əlavə olaraq 17 Respublikaçının D.Trampın məhkum edilməsinə səs verməsi tələb olunur. Əgər Senat D.Trampa qarşı impiçmenti təsdiq edərsə, ona bir də yenidən federal vəzifə tutmaq qadağan oluna bilər.
Xatırladaq ki, D.Tramp yeganə ABŞ prezidentidir ki, ölkənin 245 illik tarixində iki dəfə impiçment olunub. Senatda Demokrat çoxluğun lideri Cak Şumer məhkəmənin vacibliyini vurğulayaraq, onun sürətlə keçəcəyini proqnozlaşdırıb.
“Hamı Amerika tarixindəki bu bədnam səhifəni arxada qoymaq istəyir. Lakin onun “palaz altına süpürülməsi” bizə şəfqət gətirməyəcək,” – deyə Şumer bildirib.
Məsaim ABDULLAYEV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə