Ən son xəbərlər
Dünyada koronovirusa yoluxanların sayı hər ötən gün artır. Pandemiyanın statistikasını aparan “Worldometer” saytının yaydığı məlumata görə, dünən dünyada koronavirusa yoluxma sayı 100 milyon 83 min 169 nəfəri keçib. İnformasiyanı TASS verib.
Son məlumatlara görə, infeksiya səbəbindən ölənlərin sayı 2 milyon 144 min 729 nəfərə, sağalanların sayı isə 72 milyon 18 min 234 nəfərə çatıb.
COVID-19 infeksiyasına yoluxanların sayına görə dünyada ABŞ liderlik edir. Bu ölkədə koronavirusa 25 milyon 741 min 585 yoluxma halı aşkarlanıb, 429 min 820 nəfər ölüb, 15 milyon 479 mindən çox insan sağalıb.
Yoluxanların sayına görə ikinci yerdə qərarlaşan Hindistanda 10 milyon 677 min 710 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 153 min 624 nəfər vəfat edib, sağalanların sayı isə 10 milyon 345 min nəfəri ötüb.
Bu göstəriciyə görə üçüncü yeri Braziliya tutub. Burada pandemiya dövrü ərzində 8 milyon 850 min 135 nəfər virusa yoluxub, onlardan 217 min 133 nəfər həyatını itirib, 7 milyon 653 min nəfər sağalıb.
Saytın məlumatına görə, hazırda dünya üzrə hər milyon nəfərə düşən ölüm sayı 274,4 nəfər təşkil edir. ABŞ-da bu göstərici 1293, Braziliyada 1017, Hindistanda isə 111 nəfərdir.
Türkiyədə isə yeni növ koronavirus (COVID-19) infeksiyasına mübarizə tədbirləri çərçivəsində sərtləşdirilmiş məhdudiyyətlər davam edir. Dünən Türkiyə vaxtı ilə saat 21.00-da növbəti 8 saatlıq “Evdə qal” rejimi qüvvəyə minib. Bu ölkənin Səhiyyə Nazirliyi xəbər verib ki, yanvarın 25-da ölkə üzrə 151 min 109 nəfər koronavirus testindən keçirilib. Onlardan 5 min 642 nəfərdə infeksiya aşkarlanıb, 671 nəfər infeksiya səbəbindən xəstəxanalara yerləşdirilib. Sutka ərzində 137 nəfər məlum infeksiyadan ölüb, 6 min 682 nəfər sağalıb.
Hazırda Türkiyədə iki hissədən ibarət sərtləşdirilmiş rejim tətbiq olunur. Həftənin ilk beş günü Ankara vaxtı ilə 21.00-dan 5.00-dək davam edən “Evdə qal!” rejimi cümə günləri eyni saatda başlayıb bazar ertəsi saat 5.00-dək qüvvədə olur.
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə