Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ənənələr bərpa edilir

Bizi yenə Şuşada “Xarı bülbül” festivalı gözləyir. Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa şəhərini ölkənin Mədəniyyət paytaxtı elan etməsi, Vaqif poeziya günlərini və “Xarı bülbül” festivalını bərpa etməsi ölkənin mədəni həyatında əlamətdar hadisələrdir.

Xarı bülbül çiçəyi Vətənə bağlılıq rəmzidir. Məlumdur ki, xarı bülbül çiçəyi may–iyun aylarında açılır. Ömrü cəmi bir aydır. Üstündə beş-yeddi çiçəyi olur. Hər gün aşağıdan yuxarı bir çiçəyi açılır Hamısı açılandan son­ra yenə də aşağıdan yuxarıya gündə biri solmağa başlayır. Xarı bülbül öz doğma Vətənindən-- torpağından savayı heç yerdə bitmir.

Dillərdə dastan, əfsanə olan xarı bülbül gülü Şuşanın rəmzi, təbiətin möcüzəsidir. Xarı bülbül sanki gülün üzərinə qonmuş bülbülü xatırladır. Bül­bülün bağrının altındakı gül al-qırmızı rəngə boyanıb. Tarix boyu Qarabağa qonaq gələnlər hər zaman xarı bülbülə maraq göstərirlər. Qarabağda bu gülün şöhrəti o qədər yayılıb ki, onun şəninə konsertlər verilib, festivalar təşkil edilib. Həmin konsertləri böyük sənətkarlar öz ifaları ilə bəzəyiblər.

"Xarı bülbül" Beynəlxalq Festivalı ilk dəfə məşhur xanəndə Seyid Şu­şinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlanıb. Festival hər il may ayında təkcə Azərbaycan deyil, həm də xarici ölkə sənətçilərinin iştirakı ilə keçirilib.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun Şuşanı azad etməsi “Xarı bulbul” fes­tivalının yenidən keçirilməsi ənənəsini dirçəltməyə imkan yaratdı. Artıq fes­tivalın keçirilməsi ilə bağlı işlərə start verilmişdir. Bu barədə mədəniyyət naziri Anar Kərimov Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) və Türk Mədəniyyət və İrsi Fondunun nümayəndə heyəti ilə görüşündə deyib.

Xarici ölkə mətbuatında da bu festivalla bağlı məlumatlar yer alıb. Məsələn, Özbəkistanın "uchildiz.uz" saytında “ Xarı bülbül” Beynəlxalq Festivalının parlaq tarixi” adlı məqalə verilib. Məqalə müəllifi "Xarı bülbül" festivalının adının Qarabağda Üçmıx dağında bitən Xarı bülbül çiçəyinə həsr edildiyini bildirir. Müəllif vurğula­yır ki, dünyada yalnız Azərbaycanda– Qarabağda bitən xarı bülbül çiçəyi bülbülə və arıya bənzədiyi üçün onu bu cür adlandırmışlar.

Festivalın təşkilatçılarından olan, həmin dövrdə Mədəniyyət Nazir­liyinin nəşriyyat şöbəsində böyük redaktor vəzifəsində çalışan və “Xarı bülbül” musiqi festivalının ssenari müəllifi olan tanınmış sənətşünas, tədqiqatçı Binnət Hümbətoğlu 31 il bundan əvvəl birinci dəfə keçirilən “Xarı bülbül” festivalında baş verənlər barədə müsahibələrinin birində maraqlı məqamlara toxunub: “Azərbaycan musiqi mədəniyyəti tarixində öz bənzərsizliyi ilə seçilən ümumittifaq səviyyəli “Xarı bülbül” musiqi festivalı ilk dəfə 1989-cu il mayın 21-də Şuşanın əsrarəngiz Cıdır düzündə keçirilib. Bu festivalın 1989-cu ildə keçirilməsi təsadüfi deyildi. Bilirsiniz ki, 1988-ci ildən başlayaraq ermənilər Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyə, tarixi ərazilərimizə sahib olmaq kimi çirkin niyyətlərini səsləndirməyə başladılar. Ermənilərin Şuşaya qarşı da əsassız iddiaları baş qaldırmağa başlamışdı. Məhz həmin dövrdə “Xarı bülbül” festivalının təsis edilməsi və onun keçirilməsinin Şu­şaya salınması məsələsi gündəmə gəldi. Bu, bir zərurət idi və biz o festivalı ermənilərin əsassız iddia­larına cavab olaraq məhz Şuşada, Cıdır düzündə keçirdik, bununla bütün keçmiş İttifaq məkanına mesaj verdik ki, Qarabağ bizimdir, Şuşa bizim tarixi şəhərimizdir, Cıdır düzü babalarımızın yurdlarından biri­dir. Onu da deyim ki, “Xarı bülbül” musiqi festivalı Azərbaycan SSR Mədəniyyət Nazirliyinin təşəbbüsü və rəhbərliyi, Azərbaycan Həmkarlar İttifaqı Şurası və Azərbaycan Bəstəkarlar İttifaqının iştirakı ilə Qarabağda keçirilib. “Xarı bülbül” bir musiqi festivalı olmaqla yanaşı, həm də bir siyasi-ideoloji tədbir idi, amma bədii formada.

Cıdır düzü o gün qaynar bir həyatı əks etdirirdi -- musiqi ilə çələnglənmiş həyatı. Şuşa şəhər mədəni-maarif müəssisələrinin musiqi kollektivləri, Qırğızıstan, Türkmənistan, Başqır­dıstan respublikalarından, Volqa­boyundan gələn muğam ifaçıları, Ağdam rayonunun incəsənət ustaları, Naxçıvanın, Ağcabədi, Cəlilabad, Qasım İsmayılov (indiki Goranboy), Şəki, Şamaxı, Cəbrayıl, Dəvəçi (indiki Şabran), Salyan rayonlarının, Bakı, Gəncə şəhərlərinin muğam və musiqi ifaçıları, Şuşa pəhləvanları, Ağdaş rayonun kəndirbazları bu ecazkar həyatı öz ifaları, təqdimatları ilə bəzəyirdilər...

Bu festival erməniləri çox narahat edirdi. Hətta yadımdadır ki, ermənilər yığışıb festivala Topxanadan baxırdı­lar. Topxana Cıdır düzündən aşağıda­dır. Əfsus ki, Azərbaycan Televiziyası Şuşada Cıdır düzündə keçirilən “Xarı bülbül” festivalını çəkmədi, o tarixi anları əbədiləşdirmədi. Onlar Şuşaya çəkiliş maşınlarını çıxarmadılar.

“Xarı bülbül” festivalını Ağdamın Abdal Gülablı kəndindən başladıq, Şuşada böyük tədbirimizi, yekun konserti isə Ağdamda keçirdik. Şuşada festivalda iştirak edənlərin hamısı gəlib Ağdamda toplaşdı və orada konsert verdı. Əsas tədbir isə Şuşada keçirildi. Bu tədbirdə bizim meydan tamaşası estetikasının bütün elementləri ifadə edilib. Cıdır vardı, pəhləvanların, kəndirbazların iştirakı ilə səhnələr qurulmuşdu, qurban kəsilmə mərasimi əks olunmuşdu, yeddi əsas muğamı­mızla bağlı yeddi hücrə qurulmuşdu. Bu hücrələrin içində muğam, musiqiçi dəstələri oturmuşdu”.

Prezident İlham Əliyev dedi ki, Şuşanı dirçəldəcəyik, orada hər şeyi yüksək səviyyədə bərpa edəcəyik. Ümid edirəm ki, Şuşanın dirçəlişi Cıdır düzündə keçirilən “Xarı bülbül” festivalı ilə başlayacaq.

M.MÜKƏRRƏMOĞLU,“Xalq qəzeti”

27 Yanvar 2021 01:29 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə