Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“PROACT – Care” ilkin səhiyyə modelinin yaradılması üçün əhəmiyyətlidir

“Hər bir böhran yeni dəyişikliklər üçün imkan yarada bilər. Davam etməkdə olan pandemiya səhiyyə sistemlərində olan çatışmazlıqları da görməyimizə kömək etdi.

Biz bu pandemiyanı Azərbaycandakı ilkin səhiyyə xidmətlərinin transformasiya­sı üçün imkan olaraq nəzərdən keçirmək istəyirik”. Bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı “PROACT – Care” layihəsinin ölkəmizdə ilkin səhiyyə modeli üçün uzunmüddətli baxışın müzakirə olunduğu onlayn koordina­siya görüşündə bildirib. O, həmçinin vurğulayıb ki, təşkilatın araşdırması göstərir ki, ilkin səhiyyə hipertoniya­nın diaqnostikasının, müalicəsinin və xəstələrin nəzarətdə saxlanılma­sını yaxşılaşdırmaq, il ərzində 24 min insanın həyatını xilas etmək və nəticədə 600 milyon manata qənaət etmək potensialına malikdir. Bu baxımdan “ilkin səhiyyənin inkişa­fı ölümlərin sayının azaldılması, səhiyyə xidməti ilə bağlı xərclərin aşağı salınması, iqtisadi itkilərin mi­nimallaşdırılması və məhsuldarlığın artırılmasına yardımçı ola bilər”.

Görüş zamanı, həmçinin, tərəfdaşlara “PROACT – Care” nü­mayiş layihəsinin həyata keçirilməsi ilə bağlı ən son yeniliklər, o cümlədən ötən il baş tutmuş iki ehti­yacların qiymətləndirilməsi missiyası barədə məlumat verilib. Qeyd edək ki, həmin layihənin icrasına rəsmi olaraq, gələn ay Şamaxı rayonunda başlanılacaq.

Görüşdə layihə ilə bağlı ÜST əməkdaşlarının təqdimatları ilə bərabər, TƏBİB – in İdarə Heyətinin sədri Ramin Bayramlı, Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili Şöbəsinin müdiri Teymur Musayev, Milli Məclisin Səhiyyə komitəsinin üzvü, Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Soltan Məmmədov və TƏBİB – in Tibbi Xidmətlər Departamentinin rəhbəri Firəngiz Əliyeva çıxış edib. Tədbirdə həmçinin layihənin donorları olan USAID, UK Aid və RoAid – in nümayəndləri, eləcə də Şamaxı Rayon İcra Hakimiyyətinin başçı­sı Tahir Məmmədov, UNICEF- in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin, BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyinin rəhbəri Fərid Babayev, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru Ehtiram Rüstəmzadə, İcbari Tibbi Sığor­ta üzrə Dövlət Agentliyinin və digər təşkilat və tibbi qurumların təmsilçiləri iştirak edib.

Ramin Bayramlı çıxışında “pandemiyaya qarşı mübarizə aparılan bir vaxtda bu cür layihənin həyata keçirilməsi bizim üçün də önəmlidir” – deyib və “PROACT – Care” – nin ilkin səhiyyə sahəsində nəzərdə tutulan islahatlara böyük töhfə verəcəyinə ümid etdiyini bildirib. ÜST-nın eksperti İbrahim Durak görüş iştirakçılarına ötən ilin avqust və dekabr aylarında Şamaxı rayonunda keçirilmiş ehtiyacla­rın qiymətləndirilməsi missiyaları barədə ətraflı məlumat verib və bildirib ki, “Şamaxıda hipertoniya­dan əziyyət çəkən hər 9 nəfərdən cəmi 1 nəfərinə (11 faiz) diaqnoz qoyulub və bu xəstəlikdən müalicə alan hər 11 nəfərdən cəmi 1-inə (9 faiz) yaxşı nəzarət edilir.” Təşkilatın digər eksperti En Yohansen vurğu­layıb ki, qeyri - yolxucu xəstəliklər səbəbindən il ərzində ümumdaxili məhsulun 4 faizi itirilir. “Mükəmməl ilkin səhiyyə qarşısı alına bilən ölüm hallarının 25 faizində xəstənin həyatnı xilas edə bilər” – deyə o bil­dirib. Həmçinin qeyd edilib ki, layihə çərçivəsində cari ilin 8 fevral – 15 mart tarixində Şamaxıda 100-dən çox tibb işçisinə COVID – 19, kar­diometabolik risklər və ana və uşaq sağlamlığı mövzularında təlimlər keçiriləcək.

“PROACT – Care” barədə fikirlərini bölüşən Teymur Musayev bildirib ki, layihə Şamaxı rayonun­da mövcud səhiyyə resurslarından daha səmərəli istifadəyə imkan verəcək sistemin yaradılması və insan resurslarının formalaşdı­rılmasına kömək edə bilər. Sol­tan Məmmədov ilkin səhiyyənin gücləndirilməsinin icbari tibbi sığortanın ölkəmizdə tətbiqinin əsas tələblərindən biri olduğunu əlavə edib və digər rayonlarda da ehtiyac­ların qiymətləndirilməsi missiyaları­nın keçirilməsini təklif edib.

Görüş barədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyindən Fənarə Bünyadzadənin verdiyi məlumatda bildirilir ki, tədbirdə çıxış edən digər tərəfdaş və maraqlı tərəflər də “PROACT – Care” layihəsinə dəstəklərini ifadə ediblər və layihənin Azərbaycanda dayanıqlı ilkin səhiyyə modelinin yaradılması üçün əhəmiyyətini vurğulayıblar.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

27 Yanvar 2021 01:18 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə