Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətəndaşların sosial problemləri ön plandadır

Ötən il Azərbaycan tarixi zəfərə imza atdı, Qarabağ torpağı işğalçılardan təmizləndi, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə terror aktları zamanı həlak olan günahsız insanların qisası döyüş meydanında alındı, Ermənistana layiq olduğu yer göstərildi. Bu qələbəni xalqımıza yaşadan isə Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrikliyi, qətiyyəti, siyasi iradəsi oldu.

Döyüşlər başa çatandan sonra dövlətimizin başçısının tapşırığına uyğun olaraq Vətən müharibəsi şəhidlərinin ailələrinin, qazilərin sosial dəstəklə, yaralanmış hərbçilərin tibbi-sosial reabilitasiya xidmətləri, müasir protezlərlə təmin olunması qarşıya mühüm vəzifə kimi qoyuldu.

Prezident İlham Əliyevin 2021- ci il 25 yanvar tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyü­nün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamı da həmin kateqoriyadan olan əhali qruplarına dövlət başçısının xüsusi qayğısının bariz ifadəsidir. Bu, eyni zamanda, dövlət başçısının xalqı­mızın, xüsusilə həssas təbəqənin rifahının daha da yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlamasın­dan xəbər verir.

Onu da qeyd edək ki, Vətən müharibəsinin başladığı ilk gündən etibarən ölkə rəhbərinin diqqət və qayğısı erməni vandalizmindən zərər çəkmiş vətəndaşlarımızın üzərində idi. Hələ müharibənin aktiv fazası başa çatmamış yaşayış yerləri erməni vəhşiləri tərəfindən dağıdılmış əhalinin müvəqqəti məskunlaşdırılması üçün müvafiq addımların atılması, onların həyat şəraitinin təmin olunması məqsədilə ardıcıl tədbirlərin görülməsi bir daha Azərbaycan Prezidenti üçün insan amilinin hər şeydən önəmli olduğunu göstərdi.

Adı çəkilən sərəncam 2020-ci ildə Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar za­manı şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın ailələrinin və bu müharibə ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslərin də yaxın dövrdə mənzil və ya fərdi evlə təminatını nəzərdə tutur.

Sənəddə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müəyyən kateqoriyadan olan şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi tapşırılır. Bu zaman mənzil və ya fərdi evlə təminat ilk növbədə 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanla­rında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyənləşdirilən şəxslərin, şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmaya­raq, Çernobıl AES-də qəzanın ləğvi və hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi ilə əlaqədar əlilliyi təsdiqlənən şəxslərə aid edilir.

Daha sonra isə yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bü­tövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyənləşdirilən şəxslər və şəhid ailələrinin mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulur.

Sərəncamda yerli icra hakimiyyəti orqanlarına qeyd edilən şəxslər barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmələri, Nazirliyin müraciəti əsasında həmin şəxslərin mənzil və fərdi evlə təminatı məqsədləri üçün torpaq sahələrinin ayrılmasını reallaş­dırmaları, hər il görülmüş işlər barədə Azərbaycan Prezidentinə məlumat vermələri tapşırılıb.

Xatırladaq ki, indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 9100-dən çox mənzil və fərdi ev şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib. Yeri gəlmişkən, postmüharibə dövründə artıq 11 mindən çox şəhid ailəsi üzvü, qazi, müharibədən zərər çəkən şəxs sosial dəstəklə əhatə olunub. O cümlədən, 2650 şəhidin 6500 ailə üzvünə sosial ödənişlərin təyin edilib, eləcə də qeyd edilən kateqoriyalardan olan şəxslərin aktiv məşğuluq proqramlarına cəlb olunub, onlara sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri göstərilib.

Son bir ildə daha 1500 şəhid ailəsi və müharibə ilə əlaqədar əlilliyi olan şəxs mənzil və fərdi evlə, 400 müharibə əlili avtomobillə təmin edilib. İndiyədək isə bu kateqoriya­lardan olanlara 9100-dən çox mənzil və fərdi ev, 7200-dən çox avtomobil verilib. Keçmiş köçkünlər üçün tikilmiş mənzillərin Prezident İlham Əliyevin göstərişi ilə şəhid ailələrinə verilməsi üçün həmin mənzillərin nazirliyin balansına verilməsi prosesi də ye­kunlaşmaq üzrədir. Bu yeni mühüm proqramın şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin evlə təminatında növbəti ciddi irəliləyişə imkan verəcəyi gözlənilir.

Son iki ildə 10-dan çox bölgədə, o cümlədən 2020-ci ildə 6 bölgədə (Lənkəran, Xaçmaz, Şirvan, Şəki, Sumqayıt, Göygöl) müasir reabilita­siya və sosial xidmət müəssisələri açılıb. Yaxın aylarda isə 4 müa­sir reabilitasiya və sosial xidmət müəssisəsinin də istifadəyə verilməsi nəzərdə tutulub. Ümumilikdə son illər qurulan müasir reabilitasiya sistemi yaralanmış qazilərimizin səmərəli tibbi-sosial reabilitasiya xidmətləri ilə əhatə olunmasına şərait yaradıb. Eyni zamanda, yaralanmış qazilərimiz re­abilitasiya vasitələri, xüsusilə də mü­asir, yüksək texnologiyalı protezlərlə təminatı istiqamətində ardıcıl işlər aparılıb. Son bir ayda onlara 530 reabilitasiya vasitəsi verilib, həmçinin 6 qazi yüksək texnologiyalı 8 protezlə təmin olunub. Hazırda da bu sahədə işlər davam etdirilir.

Xatırladaq ki, dövlət başçısının sosial sahəyə xüsusi qayğısı sosial təminatın ildən-ilə güclənməsinə imkan verib. Ötən il ərzində də so­sial təminat növləri üzrə ödənişlərə əvvəlki ilə nisbətən 20 faiz və ya 1 milyard manat çox olmaqla 5 milyard 743 milyon manat, o cümlədən pensi­ya üzrə 20 faiz, Prezidentin təqaüdü və müavinət üzrə 18 faiz, ünvanlı sosial yardım üzrə 41 faiz çox vəsait yönəldilib.

Dövlət başçısının fərmanları ilə şəhid ailələri və müharibə iştirakçı­larına növbəti dəstək kimi, cari ilin əvvəlindən onlara yönələn təqaüdlər əhəmiyyətli dərəcədə artırılıb, yeni təqaüd növləri təsis edilib, 100 minədək insan bu fərmanlarla əhatə olunub.

Ötən il sosial ödənişlərin davam­lılığı təmin olunub, ünvanlı sosial yardım proqramı genişləndirilib, bu proqrama əlçatanlıq artırılıb və proqramın şərtləri yumşaldılıb. dığını bildirib.

Cari ildə qarşıda duran sosial hədəflər sırasına isə postmüharibə dövrü üzrə sosial dəstək tədbirlərinin daha da genişləndirilməsi, so­sial ödənişlərinin davamlılığının təmin edilməsi, işğaldan azad edilmiş ərazilərdə sosial infrast­rukturun qurulmasına başlanması, sosial proqramların, o cümlədən mənzil və avtomobillə təminat, özünüməşğulluq və s. proqramla­rın daha da genişləndirilməsi, yeni DOST, reabilitasiya və sosial xidmət mərkəzlərinin yaradılması, nazirlik üzrə e-xidmətlərin sayının 61-dən 100-ə çatdırılması və s. daxildir.

V.BAYRAMOV, “Xalq qəzeti”

27 Yanvar 2021 01:07 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə