Ən son xəbərlər
Azərbaycanla İran tarixən bir-biri ilə sıx bağlı olan ölkələrdir. Son illərdə iki ölkə arasında əməkdaşlığın səviyyəsi də yüksəlib və bu, hər iki tərəfi qane edir. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edərkən də əməkdaşlığın məmnunluq doğurduğunu bildirib. Azərbaycan lideri son illərdə prezidentlər səviyyəsində 10-dan çox görüş keçirildiyini qeyd edib. Digər yüksək rütbəli rəsmilər səviyyəsində də görüşlər keçirilib və bu görüşlərin hamısı çox səmərəli olub.
Son bir neçə ildə iki qardaş ölkənin siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığı çox yaxşı nəticələr verib. Enerji infrastrukturu ilə bağlı layihələr uğurla inkişaf edir. Şimal-Cənub nəqliyyat dəhlizi işləyir. Ötən il bu dəhlizlə yük daşımalarının həcmi, demək olar ki, 20 faiz artıb. Prezident İlham Əliyev bildirib ki, regionda yaranmış yeni vəziyyətlə əlaqədar yeni imkanlar, özəl investorlar, eləcə də dövlət qurumları üçün əməkdaşlığa geniş qapılar açır. Hazırda yeni nəqliyyat əlaqələri müzakirə mərhələsindədir, Xudafərin su anbarı ilə bağlı əməkdaşlıq və elektrik stansiyasının tikintisi ilə əlaqədar gələcək planlar artıq çox aktiv fazadadır. Bir neçə il əvvəl yüksək səviyyədə razılaşdırılmış layihə - Ordubad və Marazad elektrik stansiyaları ilə bağlı işlər uğurla gedir. Tezliklə yeni körpünün təməlqoyma mərasimi keçiriləcək.
Dövlət başçısı deyib: “Bizim müzakirə edəcəyimiz çox məsələlər var... Əlbəttə ki, biz işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcək şirkətlər arasında İran şirkətlərini görməyə çox şad olarıq. Bu, təbiidir, çünki dediyim kimi, yalnız dost ölkələr bizim tərəfdaşımız olacaq. Sözsüz ki, İran şirkətlərinin bizə yaxın yerləşməsi, logistika və böyük təcrübə kimi üstünlükləri var”.
Prezident, eyni zamanda, tarixi Xudafərin körpüsü ərazisinə səfər edərkən həmin sərhədi dostluq sərhədi adlandırdığını bildirib: “Bu, məhz dost və qardaş xalqların sərhədidir”.
Məhəmməd Cavad Zərif isə Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını ərazilərimizi azad etməyimiz münasibətilə təbrik edərək deyib ki, bu, region dövlətləri arasında dinc və normal münasibətlərin başlanğıcı olacaq: “Mən Sizin “3+3” əməkdaşlıq formatı təklifinizə uyğun olaraq, regionun 6 ölkəsini ziyarət edəcəyəm, yəni 5 üstəgəl İran. Sizin sülhlə bağlı təqdim etdiyiniz baxışınızın müzakirəsi və onun reallığa çevrilməsini təmin etmək üçün çalışacağam, çünki region ölkələrinin bir-biri ilə əməkdaşlıq edə bilməsi hamımızın maraqlarına uyğundur”.
Nazir deyib: “Energetika, yenidənqurma və geri dönəcək əhalinin yaşayışı üçün vasitə ola biləcək kənd təsərrüfatı kimi sahələr bizim üçün prioritet təşkil edir və şirkətlərimiz işə başlamağa hazırdırlar. Zati-aliniz tərəfindən qeyd edilən layihələrə gəldikdə, bildirmək istəyirəm ki, biz Sizin rəhbərliyiniz altında bu günə qədər həyata keçirdiyimiz səfərlər, o cümlədən ölkənizin Baş nazirinin müavini və xarici işlər nazirinin İrana olduqca uğurlu səfərlərini yüksək qiymətləndiririk. Biz Şimal-Cənub və Cənub-Qərb dəhlizləri çərçivəsində həmin sahələr üzrə işləmək arzusundayıq. Buraya elektrik enerjisinin istehsalı, energetika, “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları ilə bağlı əməkdaşlıq və digər məsələlər də aiddir. Çox şadıq ki, rəsmilərinizin İrana səfərləri zamanı bu layihələr üzrə sürətli irəliləyiş əldə olunmuşdur və artıq biz ölkələrimiz arasında daha uzun birgə dostluq sərhədinə sahib ola bilərik”.
Təbii ki, Azərbaycan və İran arasında mövcud olan tarixi, mədəni və dini bağlar ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişafı üçün mühüm şərtlərdir. İran hər zaman Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını dəstəkləyib, xüsusilə 44 günlük Vətən müharibəsi zamanı bütün səviyyələrdə ölkəmizin mövqeyini müdafiə edib. Hazırda rəsmi Tehranın işğaldan azad olunmuş ərazilərimizin bərpasında iştirak etməklə bağlı arzusu da diqqətəlayiqdir. Bütün bunlar isə hər iki ölkənin gələcəkdə daha sıx əməkdaşlıq edəcəyinə zəmanət verir.
Nizami SÜLEYMANOV, tarix elmləri doktoru
Köhnə versiyamızdan xəbərləri izlə