Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Biz Qarabağ bölgəsində cənnət yaradacağıq”

Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycan Ordusunun sentyabrın 27-dən işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı apardığı 44 günlük əks-hücum əməliyyatı nəticəsində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Eləcə də düşmənin texnikası tam şəkildə sıradan çıxarıldı, canlı qüvvəsinə ciddi zərbə vuruldu və beləliklə, Ermənistan ordu­su darmadağın edildi. Bu məğlubiyyət nəticəsində işğalçı Ermənistan məcbur olub kapitul­yasiya aktına imza atdı və 3 rayonumuz siyasi yolla geri qaytarıldı. Bununla da ermənilərin “Böyük Ermənistan” və “Dağlıq Qarabağ respublikası” xülyalarına birdəfəlik son qoyuldu, 30 il davam edən danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsi isə birdəfəlik ara­dan qaldırıldı.

Beləliklə, otuz il müddətində işğalçılıq siyasəti yürütməsi ilə özü haqqında “məğlubedilməzlik” mifi yaradan Ermənistan silahlı qüvvələri ordumuzun güc-qüdrəti sayəsində 44 gün ərzində tamamilə darmada­ğın edildi. Eyni zamanda, haqqı­mızda əsassız yerə səsləndirilən “məğlub xalq” sindromu aradan qaldırıldı, əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı haqqında isə bütün dünyada danışılmağa başlandı. Bütün bunlarla bərabər, Azərbaycanın öz torpağında apardı­ğı müharibənin haqq-ədalət savaşı olduğu sübuta yetirildi.

Vətən müharibəsində işğalçı Ermənistanın həm də terrorçu dövlət olduğu bir daha təsdiqini tapdı. Düşmən döyüşdə uduzduğunu anladığına görə, respublikamızın cəbhə xəttindən kilometrlərlə uzaq ərazisini əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutdu. Azərbaycanın ikinci bö­yük şəhəri Gəncənin mülki əhalisinin sıx yaşadığı məntəqələrinə, eyni zamanda, ölkəmizin əsrlərdən bəri qorunub saxlanan tarixi məkanlarına zərbələr endirdi. Qəbələ, Kürdəmir və Siyəzən istiqamətlərində raketlər buraxdı, mülki vətəndaşlarımızı atəşə tutmaqla, infrastrukturumuzu dağıtmaqla qeyri-insani xislətini, beynəlxalq hüquqa, ali bəşəri dəyərlərə zərrə qədər də olsun məhəl qoymadığını nümayiş etdirdi. Bununla da işğalçı beynəlxalq hüqu­qun norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozdu.

Azərbaycan Respublikasının Baş Prokurorluğunun məlumatına görə, Vətən müharibəsinin gedişində erməni silahlı birləşmələri tərəfindən dinc əhalinin atəşə tutulması nəticəsində 93 nəfər, o cümlədən 12 azyaşlı və 27 qadın qətlə yetirilib, 407 nəfər, o cümlədən 50 azyaşlı və 101 qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Döyüşlər zamanı respublikamızın rayon və şəhərlərinin ərazisinə ümumilikdə 30 minə yaxın mərmi və 227 raket atılıb, çoxsaylı əmlaka zi­yan vurulmaqla, fərdi yaşayış evləri, yardımçı tikililər, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış sahələri, ayrı-ayrı dövlət qurumlarına məxsus inzibati binalar, dini obyekt, məscid, kilsə və qəbiristanlıqlar dağıdılıb.

Erməni vəhşiliklərinin dünya dövlətlərinin hüquq- mühafizə orqanlarına və aidiyyəti beynəlxalq təşkilatların diqqətinə çatdırılması məqsədilə BMT-nin İnsan Hüquqla­rının Müdafiəsi üzrə Komissarına, Avropa Şurasının İnsan Hüquqla­rının Müdafiəsi üzrə Komissarına, MDB ölkələrinin üzv dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurası və digər beynəlxalq təşkilatlara, eləcə də 25 ölkənin baş prokuror və ədliyyə nazirlərinə Ermənistanın törətdiyi cinayətlər haqqında məktublar, 37 xarici dövlətin səlahiyyətli orqanına 46 hüquqi yardım göstərilməsinə dair vəsatətlər göndərilib.

Erməni vandalları tərəfindən təkcə müharibə dövründə deyil, həm də 30 il işğal altında saxlanılan bü­tün yaşayış məntəqələrimiz–kənd, qəsəbə və şəhərlərimiz, maddi-mədəni abidələrimiz yerlə-yeksan edilib, bir qismi isə saxtalaşdırılaraq erməniləşdirilib.

Prezident İlham Əliyev işğaldan azad olunmuş rayonlara səfərlərinin birində bu barədə deyib: “Yol boyunca dağıdılmış kəndləri və Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Dağıdıblar, evləri dağıdıb­lar, bütün infrastrukturu dağıdıblar, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik. Təkcə Füzuli yox, Ağdam şəhəri nə gündədir, başqa şəhərlər. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Hər şeyi dağıdıb, talan edib, bizim mədəni, tarixi, dini irsimizi silmək istəyib, ancaq istədiyinə nail ola bilməyib”.

Xatırladaq ki, işğaldan azad edilən ərazilərin bərpasına başlanıl­ması ilə bağlı dövlətimizin başçısı hələ ötən il noyabrın 6-da “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Res­publikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və ara­dan qaldırılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəyən ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb.

Prezident İlham Əliyev yanva­rın 18-də Sumqayıt Kimya Sənaye Parkında təməlqoyma və açılış mərasimlərindən sonra Azərbaycan Televiziyasına müsahibəsində bildi­rib ki, Qarabağ bölgəsi bir çoxunun fikrinə görə, növbəti inkişafımızın aparıcı qüvvəsinə çevriləcək. Mən, əlbəttə, bu fikri bölüşürəm. Sadəcə olaraq, azad edilmiş torpaqlarda hər şey planlı şəkildə, düzgün aparılma­lıdır: “ Azad edilmiş torpaqların idarə edilməsi ilə bağlı məndə fikirlər var. Bu fikirlər yaxın zamanlarda həyata keçiriləcək. O bölgələrdə möv­cud olan vəziyyətə uyğun müasir idarəetmə sistemi qurulmalıdır ki, orada hər şey planlı şəkildə təmin edilsin - şəhərsalma, dövlət orqanla­rının funksiyaları...”.

Dövlətimizin başçısı daha sonra əvvəllər olduğu kimi, bu gün də fəaliyyətində Qarabağ bölgəsinin bərpasının xüsusi yer tutduğunu, azad olunan torpaqların bərpası üçün bütün tədbirlərin həyata keçiriləcəyini xatırladıb.

Bu gün işğaldan azad edilən regionların faydalı qazıntılarla zəngin olması, kənd təsərrüfatının və turizmin inkişafı üçün yüksək potensialın, habelə iqtisadiyyatın digər sahələrinin tərəqqisi baxımın­dan münbit şəraitin mövcudluğu nəzərə alınaraq dövlətimizin başçı­sının tapşırığı ilə həmin ərazilərdə infrastrukturun qurulması, tikinti-abadlıq işlərinin aparılması, kiçik və orta sahibkarlığın inkişafına dəstək göstərilməsi istiqamətində hazırlıq işləri görülür, yeni layihələr hazırlanır.

Dövlətimizin başçısının tapşırığı ilə bu işlərin sürətli icrası məqsədilə respublikada Əlaqələndirmə Qərargahı yaradılıb və bütün aidiyyəti dövlət strukturları Qaraba­ğın bərpası tədbirlərinə cəlb olunub.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin təşəbbüsü ilə Qaraba­ğın dirçəldilməsi prosesinə töhfə vermək məqsədilə Qarabağ Dirçəliş Fondunun yaradılması da xalqımız və dövlətimiz üçün mühüm tarixi hadisədir.

Ermənilər tərəfindən barbar­casına dağıdılan ərazilərdə daya­nıqlı məskunlaşmanın reallaşdı­rılması, müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, bir sözlə, Qarabağın dirçəldilməsi prosesinə töhfə vermək məqsədilə dövlətimizin başçısının 2021-ci il 4 yanvar tarixli fərmanı əsasında yaradılan Qarabağ Dirçəliş Fondu müvafiq layihələrə maliyyə dəstəyi göstərəcək, sərmayələrin cəlb edilməsi, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi, habelə ölkə daxilində, eləcə də ölkə xaricində zəruri təşviqat işlərinin həyata keçirilməsi tədbirlərini publik hüquqi şəxs kimi gerçəkləşdirəcək.

Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin yanvarın 25-də keçirilən müşavirəsindəki çıxışında Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilər üzrə Strateji Fəaliyyət Planının hazırlandığını və bütün ərazilərin, eləcə də şəhərlərin bərpasının vahid konsepsiya əsasında həyata keçiriləcəyini diqqətə çatdırıb. Baş nazir, eyni zamanda, dövlətimizin başçısının tövsiyələrinə əsasən işğaldan azad edilən ərazilərin bərpası zamanı hər bir iqtisadi rayo­nun təbii-iqlim şəraitinin və profilinin nəzərə alınacağını, heyvandarlıq, bağçılıq, tərəvəzçilik, üzümçülük və taxılçılıq sahələrinin inkişafına önəm veriləcəyini, torpaq islahatının aparılması üçün yeni mexanizm və meyarların işlənib hazırlanacağını, Qarabağ bölgəsinin turizm marş­rutlarının müəyyənləşdiriləcəyini vurğulayıb.

Nəzərdə tutulmuş beynəlxalq hava limanlarının, yeni dəmir yolu xətlərinin tikintisi isə bölgənin inkişafına, o cümlədən məşğulluğa əhəmiyyətli təkan verəcəkdir.

Bərpa proqramında işğal­dan azad edilən torpaqların su ehtiyatlarından səmərəli istifadə məsələlərinə, ən müasir suvarma sistemlərinin yaradılmasına, bu ərazilərin yaşıl enerji zonasına çevrilməsinə, əhalinin öz dədə-baba yurdlarına qaytarılması prosesinin xüsusi proqram əsasında reallaşdı­rılmasına mühüm önəm veriləcəkdir.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

26 Yanvar 2021 23:33 - SİYASƏT
SİYASƏT
28 Fevral 2021 | 02:12
Qələm dostumuzun xatirəsinə
28 Fevral 2021 | 01:22
Sərsəm xülyaların iflası

Köhnə versiyamızdan xəbərləri izlə