Ən son xəbərlər
Regionda yeni vəziyyətlə əlaqədar yeni imkanlar, sözsüz ki, özəl investorlar, həmçinin dövlət qurumları üçün əməkdaşlığa geniş qapılar açır. Hazırda yeni nəqliyyat əlaqələri müzakirə mərhələsindədir və sözsüz ki, bizim Xudafərin su anbarı ilə bağlı əməkdaşlığımız və elektrik stansiyasının tikintisi ilə əlaqədar gələcək planlar artıq çox aktiv fazadadır. Ümidvaram ki, qarşıdakı bir neçə ildə bu layihəni tamamlaya və hər iki tərəfi yeni elektrik enerjisi istehsalı ilə təmin edə biləcəyik.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 25 yanvar 2021-ci il
Ölkəniz və region baxımından bu qələbə Sizin rəhbərliyiniz və Azərbaycan xalqının mətanəti sayəsində mümkün olmuşdur. Ümid edirik ki, bu, region dövlətləri arasında dinc və normal münasibətlərin başlanğıcı olacaqdır... Sizin sülhlə bağlı təqdim etdiyiniz baxışınızın müzakirəsi və onun reallığa çevrilməsini təmin etmək üçün çalışacağam, çünki region ölkələrinin bir-biri ilə əməkdaşlıq edə bilməsi hamımızın maraqlarına uyğundur.
Məhəmməd CAVAD ZƏRİF
İran İslam Respublikasının xarici işlər naziri
Bakı, 25 yanvar 2021-ci il
Ulu öndər Heydər Əliyevin işləyib hazırladığı xarici siyasət kursumuzda yaxın qonşularımız və İslam ölkələri ilə hərtərəfli əməkdaşlığın genişləndirilməsi bu gün mükəmməl səviyyədə davam etdirilir və özünün nəticələrini verməkdədir. Ümummilli liderin həmin kursunda İran İslam Respublikası ilə dostluq və qardaşlıq əlaqələrinin inkişafına xüsusi önəm verilirdi. Sevindirici haldır ki, bu gün həmin ənənə məhz ulu öndərin arzuladığı səviyyədə davam etdirilir.
Həmin arqumentimizi əsaslandırmaq üçün bir məqamı yada salmaq kifayətdir. Belə ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ötən il noyabrın 16-da işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar. Cəbrayıla gedərkən avtomobili özü idarə edən Prezident İlham Əliyevin dediyi “Gedirik Xudafərin körpüsünün yanına. Xudafərin körpüsü qabaqdadır. Bu da Azərbaycan vətəndaşlarının vəhşi düşmən tərəfindən dağıdılmış evləridir. Araz çayı, Azərbaycan – İran sərhədi. Dostluq sərhədidir” fikirləri həm ölkəmizdə, həm də dost və qardaş ölkə olan İranda çox böyük əks-səda vermişdir.
Yeri gəlmişkən, həmin səfərdən xeyli sonra görüşüb söhbət etdiyimiz İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əli Purmərcan dövlət başçımızın Cəbrayılda dediklərinə belə münasibət bildirmişdi: “Cənab İlham Əliyevin həmin sözləri tarixə ehtiram, gələcəyə isə xidmətdir”. Otuz il işğal altında olan ərazilərimizdəki tarixi, mədəni və dini abidələrin dağıdılmasını vəhşilik adlandıran həmsöhbətim əlavə etmişdi ki, bu, təkcə Azərbaycan mədəniyyətinə dəyən zərbə deyil, bu, bütövlükdə İslam mədəniyyətinə vurulan ağır zərbədir.
Dövlət başçımızın Azərbaycan – İran sərhədini dostluq sərhədi adlandırmasının gələcəyə xidmət olduğunun sübutunu çox gözləməli olmadıq. Belə ki, Prezident İlham Əliyevin yanvarın 25-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul etməsi zamanı həm ölkələrimiz, həm də region üçün çox mühüm əhəmiyyət kəsb edən məqamlardan danışıldı. Azərbaycan Prezidenti xatırlatdı ki, biz ölkələrimiz arasında əməkdaşlığın səviyyəsindən çox məmnunuq: “Bildiyiniz kimi, biz çoxsaylı – prezidentlər səviyyəsində 10-dan çox, eləcə də digər yüksək rütbəli rəsmilər səviyyəsində görüşlər keçirmişik. Bu görüşlərin hamısı çox səmərəli olub. Bu yaxınlarda ölkənizdə səfərdə olan Baş nazirin müavini Şahin Mustafayev mənə aparılan müzakirələr və razılaşmalar barədə hesabat verdi. Biz planlaşdırdığımız bütün işləri həyata keçirmişik. Biz son bir neçə ildə iki qardaş ölkənin çox yaxın olduğu siyasi sahədə, iqtisadi sahədə, nəqliyyat, enerji sahələrində çox yaxşı nəticələr görürük”.
Xatırladaq ki, Azərbaycanın İranla müştərək töhfələr verdiyi Şimal – Cənub nəqliyyat dəhlizi kimi bütün layihələr, enerji infrastrukturu ilə bağlı layihələr uğurla inkişaf edir. Şimal– Cənub nəqliyyat dəhlizi işləyir. Prezident İranın baş diplomatına xatırlatdı ki, ötən il yükdaşımaların həcmi, demək olar ki, 20 faiz artıb. Ekspertlərin fikrincə, bu, çox müsbət nailiyyətdir.
Dövlət başçımız yada saldı ki, bizim bir neçə il əvvəl yüksək səviyyədə razılaşdırdığımız layihə – Ordubad və Marazad elektrik stansiyaları ilə bağlı işlər uğurla gedir: “Beləliklə, bizim geniş gündəliyimiz var. Bundan əlavə, ümidvaram ki, tezliklə çay üzərindən yeni körpünün təməlqoyma mərasimi keçiriləcək və bir çox digər məsələlər”.
Dövlət başçımız söhbət zamanı ikitərəfli əlaqələrimizi, onların səviyyəsini, inkişaf tempini, nailiyyətləri və yeni planları yüksək qiymətləndirdiyini dilə gətirdi və İran tərəfə yeni təkliflər təqdim edirmiş kimi dedi: “Əlbəttə ki, biz işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcək şirkətlər arasında İran şirkətlərini görməyə çox şad olarıq. Bu, təbiidir, çünki dediyim kimi, yalnız dost ölkələr bizim tərəfdaşımız olacaq. Sözsüz ki, İran şirkətlərinin bizə yaxın yerləşməsi, logistika və böyük təcrübə kimi üstünlükləri var”.
Cənab Məhəmməd Cavad Zərifin də fikirləri sübut etdi ki, dost ölkənin diplomatı İlham Əliyevin regionda yaranmış yeni vəziyyətdən hamının bəhrələnməsi üçün irəli sürdüyü təklifləri səmimiyyətlə dəstəkləyən dövlətin iradəsini dilə gətirir: “ Ümid edirik ki, bu, region dövlətləri arasında dinc və normal münasibətlərin başlanğıcı olacaqdır. Mən Sizin “3+3” əməkdaşlıq formatı təklifinizə uyğun olaraq, regionun 6 ölkəsini ziyarət edəcəyəm, yəni 5 üstəgəl İran. Sizin sülhlə bağlı təqdim etdiyiniz baxışınızın müzakirəsi və onun reallığa çevrilməsini təmin etmək üçün çalışacağam, çünki region ölkələrinin bir-biri ilə əməkdaşlıq edə bilməsi hamımızın maraqlarına uyğundur”.
Ancaq bizim üçün daha maraqlı olan məqam İran dövlətinin işğaldan azad edilmiş Azərbaycan ərazilərinin bərpasında iştirak etmək istəyinin səsləndirilməsi idi. Nazir bəyan etdi ki, energetika, yenidənqurma və geri dönəcək əhalinin yaşayışı üçün vasitə ola biləcək kənd təsərrüfatı kimi sahələr bizim üçün prioritet təşkil edir və şirkətlərimiz işə başlamağa hazırdır. Dövlət başçımız tərəfindən qeyd edilən layihələrə gəldikdə isə cənab Cavad Zərif bildirdi ki, biz Azərbaycanın Baş nazirinin müavini və xarici işlər nazirinin İrana olduqca uğurlu səfərlərini yüksək qiymətləndiririk.
Araz çayı üzərindəki birgə layihələrə gəlincə isə İran tərəfinin mövqeyi rəsmi Bakının mövqeyi ilə tamamilə üst-üstə düşür: “Biz Şimal-Cənub və Cənub- Qərb dəhlizləri çərçivəsində həmin sahələr üzrə işləmək arzusundayıq. Buraya elektrik enerjisinin istehsalı, energetika, “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları ilə bağlı əməkdaşlıq və digər məsələlər də aiddir. Çox şadıq ki, rəsmilərinizin İrana səfərləri zamanı bu layihələr üzrə surətli irəliləyiş əldə olunmuşdur və artıq biz ölkələrimiz arasında daha uzun birgə dostluq sərhədinə sahib ola bilərik”.
Bu isə o demək idi ki, Azərbaycan Prezidentinin noyabrın 16-da dilə gətirdiyi “Dostluq sərhədi” ifadəsi həm Bakıda, həm də Tehranda hələ çox illər boyu işlədiləcək.
Dost ölkə diplomatının Azərbaycana səfəri barədə hazırladığımız qəzet materialını ulu öndər Heydər Əliyevin adı ilə başladığımız kimi, onun sözləri ilə də yekunlaşdırmaq istəyirik: “...İran – Azərbaycan əlaqələrinin tarixi böyükdür. Bu tarix əsrlərə gedib çıxır. Xalqlarımız əsrlər boyu birlikdə, bir-birinin yanında yaşamış, bir kökə sahib olmuş, eyni adət-ənənələrə malik və bir-birinə arxa olmuşlar... Məsəl var deyərlər, yaxın qonşu uzaq qohumdan yaxşıdır”.
İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə