Ən son xəbərlər
Ukrayna mütəxəssisləri tərəfindən yüksək təzyiqə davamlı “M-16ИХП-3У” mühərrik yağının hazırlanması barədə daxil olan müraciətə əsasən, AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan Təcrübə-Sənaye Zavodunun mütəxəssisləri Aşqarlar Kimyası İnstitutunun (AKİ) tədqiqatçıları ilə birgə bu istiqamətdə təcrübələr aparmış, mühərrik yağının 10-15 növ nümunəsi hazırlanmışdır.
AMEA Yüksək Texnologiyalar Parkının mətbuat katibi Nərgiz Qəhrəmanovadan aldığımız məlumata görə, Ukrayna mütəxəssislərinin tələblərinə cavab verən parametrlərə uyğun “M-16ИХП-3У” mühərrik yağı Ukraynada texnikalarda sınaqdan keçirilərək qənaətbəxş nəticə göstərmişdir. Ukrayna mütəxəssisləri tərəfindən müsbət rəy alan bu yağın gələcəkdə sifariş olunması nəzərdə tutulur.
Qeyd edək ki, istehsal olunan bütün məhsulların tərkibi, keyfiyyət göstəriciləri Azərbaycan Respublikası Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində akkreditasiyadan keçib. Avropa standartlarına cavab verən, zavodun Elmi-Tədqiqat və Sınaq laboratoriyasındakı müasir cihaz və avadanlıqlar vasitəsilə təyin edilən həmin məhsullara analitik nəzarət olunduqdan sonra keyfiyyət pasportları hazırlanıb.
Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə