Ən son xəbərlər
Fransa Elmi Şurasının prezidenti Jan- Fransua Delfresi bildirib ki, ölkədə koronavirusla bağlı çətin vəziyyət gözlənilir. O, bununla bağlı fransızları xəbərdar edib. Məlumatı “İnterfaks.ru” verib.
Alim bildirib ki, hazırda yaranmış durum ürəkaçan deyil. Onun sözlərinə görə, qonşu ölkələrdəki, xüsusilə də İrlandiya və Böyük Britaniyadakı vəziyyət Fransada təkrarlana bilər. Ona görə də yeni növ koronavirusla mübarizədə onların təcrübəsindən nümunə götürmək lazımdır.
Jan-Fransua Delfresi qeyd edib ki, vəziyyət bir müddət də bu cür davam edərsə, ölkədə yeni təcridolma rejimi tətbiq edilməlidir. Alim bu barədə siyasi hakimiyyət tərəfindən qərar qəbul edilməli olduğunu bəyan edib.
Delfresi mövcud vəziyyətin uzun zaman davam edə bilməyəcəyini, virusun yeni ştammlarının ölkədə yayılması ilə vəziyyətin get-gedə daha da gərginləşəcəyini vurğulayıb. Onun fikrincə, koronavirusun yeni ştammları ikinci pandemiyanın ekvivalenti ola bilər. Virusun yeni ingilis ştammının yayılmasının qarşısını almaq mümkün deyil.
Koronavirusun yeni ştammlarına qarşı mübarizədə təcridolma rejiminin vacibliyini deyən Elmi Şuranın prezidenti peyvənd kampaniyasına da toxunaraq bildirib ki, səhiyyə naziri yaranmış vəziyyətlə əlaqədar nə qədər optimist davransa da, yaya qədər əhalinin yalnız 40 faizi peyvənd oluna biləcək.
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə