Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AMEA “Qarabağın təbii ehtiyatları atlası”nı nəşrə hazırlayıb

AMEA Geologiya və Geofizika İnstitutunun təşəbbüsü və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərişi ilə Milli Elmlər Akademiyası alimlərinin tərtib etdiyi “Qarabağın təbii ehtiyatları atlası” albom şəklində çap olunmaq üçün Ekologi­ya və Təbii Sərvətlər Nazirliyinin Bakı Kartoqrafiya Fabrikinə təqdim edilmişdir.

Bu barədə redaksiyamıza məlumatı verən AMEA Geologiya və Geofizika İnstitutu Geotek­tonika və regional geologiya şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Tələt Kəngərli bildirdi:

– Qarabağın təbii ehtiyatları atlası”nın (miqyas 1:770000) işlənib hazırlanmasına Geologiya və Geofizika İnstitutunun alimləri ilə yanaşı, AMEA-nın Goğrafiya, Botanika, Zoologiya İnstitutlarının və Respublika Seysmo­loji Xidmət Mərkəzinin əməkdaşları, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri cəlb edil­mişdir. Atlasda Qarabağın dağlıq və düzən ərazilərinin geoloji quruluşu və faydalı qazıntı ehtiyatları, seysmikliyi, relyef və geomorfologiyası, iqlim və aqroiqlim şəraitləri, yeraltı və səth suları, torpaq və torpaq ehtiyatları, bitki örtüyü, heyvanlar aləmi, landşaftlar üzrə təyinatlı xəritələr, inzibati rayonla­rın yeni məlumatlarla zənginləşdirilmiş mükəmməl ümumcoğrafi xəritələr yer almışdır.

Bundan əlavə, alimlər bir neçə yeni xəritə – faydalı qazıntı yataqları, metal və qeyri-metal xammalın minerageni­yası, təbiət abidələri, oroqrafiya, çay şəbəkəsi, meşə örtüyü xəritələri atlası da hazırlamışlar. Yeni nəşr xüsusi üs­lubda tərtib edilmişdir. Belə ki, oxucu­ların daha ətraflı məlumatlandırılması məqsədilə hər xəritə ayrılıqda Azərbaycan, ingilis, rus dillərində iza­hedici mətn ilə müşayiət olunur.

“Qarabağın təbii ehtiyatları atlası” regionla bağlı ilk sanballı kartoqrafik məlumat bazası olmaqla böyük prakti­ki əhəmiyyətə malikdir. Şübhə yoxdur ki, yeni hazırlanmış xəritələr toplusu erməni işğalından azad olunmuş Qa­rabağ ərazilərinin bərpası və sosial-iqtisadi inkişafı istiqamətində başla­nılmış geniş və məqsədyönlü işlərin həyata keçirilməsi üçün çox dəyərli mənbə olacaq, orta məktəblərdə isə maarifləndirici vəsait kimi istifadə ediləcək. Atlasın məzmunu regionun təbiət irsinin rəngarəngliyi barədə yerli və beynəlxalq içtimaiyyətin məlumatlandırılması baxımından faydası da şübhəsizdir.

Alimin dediklərinə əlavə ola­raq bildirək ki, AMEA Geologiya və Geofizika İnstitutunda Azərbaycanın geoloji-təbiət irsinə aid kitab və atlasların nəşri və geniş auditoriyaya çatdırılması istiqamətində ardıcıl işlər davam etdirilir. Son illər ərzində elmi müəssisədə “Dünya palçıq vulkanla­rının atlası” (Azərbaycan, rus, ingilis dillərində), “Azərbaycanın dördüncü dövr (kvarter) sisteminin paleontoloji atlası”, “Azərbaycanın filiz yataqlarının atlası”, bir neçə kollektiv monoqrafiya – “Azərbaycan Respublikasının geoloji irsi”(Azərbaycan, rus, ingilis dillərində), “Azərbaycanın geoloji irsi: Naxçıvan diyarı”, “Azərbaycanda geologiya elmi” (ingilis dilində) və digər gərəkli nəşrlər hazırlanmış və çap etdirilmişdir.

Tahir AYDINOĞLU, “Xalq qəzeti”

25 Yanvar 2021 23:53 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə