Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vaksinin əsas prinsipi spesifik immun yaranmasını təmin etməkdir

Nazirlər Kabinetinin sərəncamı ilə “Azərbaycan Respublikasında COVID – 19 xəstəliyi əleyhinə 2021–2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, yaşı 65-dən yuxarı olan şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvənd olunmalıdır. Məqsəd ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.

Ötən həftənin əvvəlindən etibarən Azərbaycanda koronavirus əleyhinə vaksinasiyaya start verilib. Artıq səhiyyə müəssisələrinin bir çoxun­da peyvəndləmə işi başa çatdırılıb. Kollektivi çox olan xəstəxana və digər tibb müəssisələrində bu iş davam etdirilir. Virusa qarşı immun sistemini gücləndirmək üçün bu aksiyada könüllü iştirak edən, peyvənd olunan insanlarda hər hansı mənfi təsir aşkar olunmayıb.

Azərbaycan Tibb Universitetinin müəllimi, Dünya Tibbi Hüquq Asso­siasiyasının üzvü Aidə Bəndəliyeva ilə vaksinasiya ilə bağlı söhbətləşdik, fikirlərini öyrəndik.

– Aidə xanım, pandemiyanın qarşısının alınması üçün vaksinin ən sınanmış vasitə olduğunu bilirik. Məhz peyvəndləmənin nəticəsidir ki, ölkəmizdə bir sıra yoluxucu xəstəliklərə rast gəlinmədiyi də məlumdur. Hazırda ölkədə başlamış peyvəndləmə ilə bağlı fikirlərinizi bilmək istərdik.

– Artıq hamıya məlumdur ki, hazırda koronavirus pandemiyası, xüsusilə də yüksək riskli qruplar arasında COVID – 19 -a yoluxma və yüksək ölüm faizi dünya səhiyyəsinin ən böyük problemlərindən biridir. Tibbi ekspertlərin məqsədi Ümumdünya Səhiyyə Təşkilatı ilə fəal əməkdaşlıq şəraitində beynəlxalq nəzarətin artı­rılması və genişləndirilməsilə hər bir ölkədə baş verən pandemiyanın daha geniş vüsət almasının qarşısını almaq­dan ibarətdir.

Gözlənilən yüksək yoluxma dərəcəsi, fəsadlaşmalar, ölümlə nəticələnən pandemiyanın ağırlığının minimuma endirilməsində həlledici rolu ölkə və beynəlxalq səviyyələrdə pandemiya dövründə fəaliyyət göstərən milli səhiyyə sistemi oynamaqdadır. 2020-ci ildə bu sahədə baş verənlər onu göstərdi ki, pandemiyanın yayıl­masının qarşısını almaq üçün tətbiq olunan nə sərt karantin, nə mövcud məhdudiyyətlər, nə mütləq evə qapan­maq, nə maska, nə əlcək, nə cərimə, nə qorxu, nə də başqa vasitələr bu problemin tam şəkildə həlli deyildir. Bütün görülən tədbirlər bu təhlükəli pro­sesin sürətlənməsinin qarşısını yalnız müvəqqəti olaraq, cüzi şəkildə ala bilir. Amma tarix sübut etmişdir ki, müxtəlif dövrlərdə baş verən pandemiyaların qarşısının mütləq şəkildə alınmasının yolu yeganə olaraq əhalinin kütləvi şəkildə vaksinasiyasıdır.

– Təbii ki, müəyyən qrup insanlar var ki, övladlarını kiçik yaşlardan yaşadıqları ərazi üzrə poliklinikalar­da müxtəlif yoluxucu xəstəliklərə qarşı peyvənd etdirsələr də, vaksinin nə olduğunu, onun əsas prinsipini bilmirlər...

– Ümumiyyətlə, vaksin nədir və necə əldə edilməsi haqqında az bilgiyə malik olan insanlar üçün bildirmək istəyirəm ki, vaksin həm gen mühəndisliyi yolu ilə istehsal edilən, həm də öldürülmüş və ya zəiflədilmiş mikroorqanizmlərin həyat məhsulları olub, onların ifraz etdiyi bəzi antigen xassəli maddələrdir. İnsanın immun sistemi bu maddələri antigen kimi qəbul edir və ona qarşı antiteller (humoral immunitet) yaradır.

Vaksinin əsas prinsipi aktiv immu­nizasiyanı, yəni, müəyyən infeksion törədiciyə qarşı spesifik immun cava­bın yaranmasını təşkil etməkdir. Hər kəs bilməlidir ki, hər bir vaksin yüksək keyfiyyətli müasir texnologiya ilə hazır­landığı üçün onun sterillik və təmizlik dərəcəsi də çox yüksək olur. Və bu cür vaksinlərin tətbiqi zamanı normal insan­larda heç bir ciddi narahatlıq və fəsad yaranmır. Lakin vaksinlərə və digər preparatlara qarşı yüksək həssaslığı və allergik göstərişləri, enzim patolo­giyaları olan şəxslər istisna qrupuna aid edilirlər. Bunun üçün onlar peyvənd olunmazdan əvvəl mütləq sağlamlıqları barədə məlumatlı olmalı və yan təsirlər yaranmaması üçün bu barədə peyvənd aparılan zaman bildirməlidirlər.

– Sosial şəbəkələrdə vaksina­siya ilə, onun hətta öldürücü təsirə malik olması ilə bağlı yanlış xəbərlər dolaşır. Belə məlumatların hər hansı bir əsasının olmadığını bilirik. Necə düşünürsünüz, peyvəndin nə kimi yan təsirləri ola bilər?

– Belə yanlış, heç bir əsaslı fakta söykənməyən xəbərlər yeniliklərlə bağlı həmişə olub, olacaq. Amma onu qeyd etmək lazımdır ki, hazırda dünyanın bir çox ölkələrində, o cümlədən respubli­kamızda COVID – 19 əleyhinə aparılan vaksinasiya prosesi zamanı insanlar arasında heç bir ciddi fəsadlara rast gəlinməməsi bir daha onu sübut edir ki, bəzi mənbələrdə bu prosesin gedişinə mənfi mənada kölgə salmaq məqsədilə aparılan söhbətlərin heç bir elmi əsası yoxdur. İnsanların fiziki sağlamlığının qorunması üçün ölkəmizdə pandemiya əleyhinə aparılan COVID – 19 vaksina­siyası prosesilə bağlı olan əks təbliğat yolverilməzdir. Buna görə də kimsə bu cür əsassız şaiyələrə əhəmiyyət verməməli və öz sağlamlığının qorun­masına məsuliyyətlə yanaşmalıdır.

Aidə Bəndəliyevanın fikirlərinə əlavə olaraq onu da qeyd edək ki, vaksin insanların həyatını qurtar­mağa yönəldilməklə, koronavirus pandemiyası ilə mübarizədə dönüş nöqtəsi olacaq. Yalnız bundan sonra insanlar normal həyatlarına dönə biləcək. Vaksin edildikdən sonra im­munitet sistemi virusu tanıyır, onunla mübarizə aparan anticisimlər yaranır. Azərbaycanda əhalinin vaksinasiya olunması üçün istifadə olunan Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” peyvəndi ənənəvi, eti­barlı və sınanmış inaktiv platformada hazırlanıb. Vaksin klinik sınaqlar­dan keçirilib, çox təsirlidir və mənfi təsirləri yoxdur.

Müsahibəni apardı: Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

25 Yanvar 2021 23:51 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə