Ən son xəbərlər
Son vaxtlar Naftalanın daha da gözəlləşməsi üçün bütün imkanlardan səmərəli istifadə olunur. Söhbət təkcə sanatoriya və digər müalicə ocaqlarının gözəlləşdirilməsindən, ən müasir müalicə metodlarının tətbiqindən və burada dincələnlər üçün lazımi şəraitin yaradılmasından getmir. Söhbət həm də Naftalan şəhərinin özünün abadlaşdırılmasından və yenidən qurulmasından gedir. Qarşıya belə bir məqsəd qoyulub: Naftalan qonaqların yaddaşında təkcə möcüzəvi müalicəsi ilə deyil, həm də gözəl və müasir şəhər olması ilə yadda qalmalıdır!
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov burada işlədiyi bir il ərzində əsas fəaliyyətini məhz bu istiqamətdə qurmuşdur və etiraf etmək lazımdır ki, şəhər hamının gözü qarşısında hər gün, hər saat öz görkəmini dəyişir. Baxmayaraq ki, pandemiya müəyyən işlərin tam həcmdə görülməsinə imkan vermir, hər halda sakinlər bu inkişafın davamlı olacağına inanırlar. Hiss olunur ki, şəhərin yeni rəhbərliyi təşəbbüskardır, yenilikçidir, islahatlara həvəs göstərəndir, kreativdir. Son bir ildə Naftalan kurort şəhərinin simasının daha da gözəlləşməsi və müasirləşməsi, əhalinin rahatlığının təmin edilməsi istiqamətində aparılan abadlıq-quruculuq işləri bunu deməyə əsas verir.
Şəhər icra hakimiyyətinin və Dövlət Turizm Agentliyinin birgə layihəsinə uyğun olaraq hazırda Naftalanın mərkəzi küçəsində yerləşən ticarət və digər xidmət obyektlərinin qarşısı, eləcə də dam örtükləri şəhərin memarlıq üslubuna uyğun olaraq müasir, daha gözoxşayan dizaynda quraşdırılır.
Hərəkət məhdudiyyəti olanların və uşaq arabalarının rahat hərəkətini təmin etmək üçün şəhər ərazisində, parklarda panduslar quraşdırılır, yeni yaşıllıqlar salınır. Çoxmənzilli yaşayış binalarının dam örtüklərində cari təmir işləri aparılır, binaların eyvanlarına dekorativ bəzək gülləri düzülür. Həmçinin şəhərin müxtəlif küçələrində, çoxmənzilli yaşayış binalarının qarşısında, yol kənarlarında səliqə-sahman yaradılılması hər zaman diqqət mərkəzində saxlanılır.
Görülən işlər çərçivəsində Heydər Əliyev parkında işıq dirəklərinə xüsusi dizaynlı dibçəklərdə əkilmiş dekorativ bəzək gülləri quraşdırılmış, parkın bir hissəsində ağacların arasına münbit torpaq yayılaraq səth hamarlanmış və ərazi düzlənmişdir. Şəhərin Z.Tağıyev və İ.Nəsimi küçələrində piyadaların rahat gediş-gəlişi üçün mövcud yararsız səkilərə yeni daş örtüyü döşənərək bərpa edilmiş və yeni səkilər salınmışdır.
Görülmüş işlərin nəticəsidir ki, şəhərin parkları sakinlərin və turistlərin sevimli istirahət məkanına çevrilmişdir.
Şəhər icra hakimiyyətinin başçısı deyir ki, «Naftalanın əvvəlki şöhrətini qaytaraq» şüarı sözdə deyil, əməldə olmalıdır. Vüqar Novruzov dönə-dönə vurğulayır ki, Naftalanda görülən işlər birbaşa ölkə Prezidenti cənab İlham Əliyevin göstərdiyi sonsuz diqqət və qayğının nəticəsində həyata keçirilir. Gərək dövlət başçımızın bizə yaratdığı bu imkandan maksimum yararlanaq və etimadı doğruldaq.
Hamlet QASIMOV, “Xalq qəzeti”nin bölgə müxbiri
Köhnə versiyamızdan xəbərləri izlə