Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şuşada müasir təhsil strukturu yaradılır

Bunu Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev dedi. Məlumat üçün bildirək ki, T.Əliyev 1959 cu ildə Şuşada anadan olmuşdur. 1981-ci ildə Xankəndi Pedoqoji İnistitunu riyaziyyat ixti­sası üzrə bitirmiş, 1981–1991-ci illərdə Şuşa Rayon Şırlan kənd və Şuşa şəhər 3 nömrəli məktəblərdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 1991–1996-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyası­nın Şuşa şöbəsində baş müəllim, 1991-ci ildən 2008-ci ilədək Şuşa Rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifələrində işləmişdir. 2008-ci ildən Şuşa Rayon Təhsil Şöbəsinin müdiridir. Əməkdar müəllimdir.

Təvəkkül müəllim deyir ki, işğaldan əvvəl Şuşada mükəmməl təhsil sistemi mövcud idi. Şuşa rayonunda 1992-ci ilin may ayınadək 23 ümumtəhsil məktəbi (onlardan biri fizika-riya­ziyyat təmayüllü internat məktəb idi, əlavə 2 internat məktəb və bir xüsusi internat məktəb) fəaliyyət göstərmişdir. Bundan əlavə, Şuşa şəhərində Azərbaycan Pedaqoji İnstitutunun fili­alı, ADNA-nın şöbəsi, dörd orta ixtisas məktəbi, bir texniki-peşə məktəbi, bir Meşə Sağlamlıq Məktəbi, 7 məktəbəqədər, 6 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərmişdir. Ümumtəhsil müəssisələrində 4500-ə yaxın şagirdin təlim-tərbiyəsi ilə 565 müəllim məşğul olmuşdur. İşğaldan sonra həmin ümumtəhsil müəssisələrindən 21-i yenidən Bakı, Mingəçevir şəhərlərində və Ağdam, Bərdə, Göyçay, İsma­yıllı, Qəbələ rayonlarında fəaliyyətə başlamışdır. Hazırda 21 ümumtəhsil və 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Bu təhsil müəssisələrində 5300 şagirdin təlim-tərbiyəsi ilə 580-ə yaxın müəllim məşğul olur.

Kollektivimiz cənab Prezidentin Şuşanın dirçəldiləcəyi ilə bağlı çıxışlarını dinləyərkən, həqiqətən, böyük qürur hissi keçirir. Şuşalılar bu günü 28 ildir ki, səbirsizliklə gözləyirdilər.

Biz yaxşı bilirik ki, bədnam erməni vandalları bu şəhərdə çox şeyi yerlə-yeksan ediblər. O cümlədən, məktəblərimizi, muzeylərimizi , tarixi və dini abidələrimizi dağıdıblar. Biz bu yaxınlar­da cənab Prezidentin, Birinci vitse-prezidentin və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Şuşaya səfərlərini televiziya vasitəsilə diqqətlə izlədik. Şuşanı gəzdilər, Cıdır düzündə oldular. Bu, çox qürur­verici bir səhnə idi. Şuşada olarkən etdiyi çıxışla Ali Baş Komandan dünyaya mühüm mesajlar verdi.

Dövlət başçımız dedi: “Biz bu şəhəri bərpa edəcəyik. Mənim göstərişimlə böyük bir qrup ezam edildi, bütün təhlil aparıldı. Dünən mənə ilk dəfə olaraq məruzə edildi, artıq müvafiq göstərişlər verilibdir. Yaxın zamanlarda biz Şu­şanın bərpasını planlı şəkildə təmin edəcəyik. Əlbəttə ki, bundan sonra biz Şuşanı göz bəbəyi kimi qorumalıyıq. Bizim hərbçilərimiz, bizim qəhrəman övladlarımız Şuşanı qoruyacaqlar ki, düşmən heç bu tərəfə baxmağa özündə cəsarət tapmasın. Mən demişəm ki, əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, cavabımız çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər”.

Bəli, Şuşada təhsilin müasir strukturunu yaradacağıq. Orta ümumtəhsil məktəblərimiz, kolleclərimiz, ali təhsil müəssisələrmizi öz fəaliyyətlərini tezliklə bərpa edəcəklər. Prezi­dentimizin çağırışına cavab olaraq bütün şuşa­lılar öz doğma yurdlarına qayıdacaqlar. Şuşada elə bu il “Xarı bülbül” beynəlxalq festivalı, Vaqif poeziya günləri keçiriləcək. Məktəblilərimiz də bu tədbirlərdə fəal iştirak edəcəklər.

Şuşalılar Vətən, yurd sevən insanlardır. On­lar əvvəlkidək bu torpağı cənnətə çevirəcəklər. Bu gün Şuşa etibarlı əllərdədir. Ona heç bir düşmən təxribatı yaxın düşə bilməz. Cənab Prezident də dedi ki, heç kim bizim qabağı­mızda dura bilməz. Bundan sonra həmişə belə olacaq. Azərbaycan Ordusu, xüsusi təyinatlılar, bizim qəhrəman övladlarımız, hərbi birləşmələrin döyüşçüləri Şuşanı və azad edil­miş bütün torpaqları göz bəbəyi kimi qoruma­lıdırlar ki, düşmən bir daha belə cəhd etməsin. Cəhd edərsə, axırları lap pis olacaq.

Əslində, bunu düşmən də yaxşı bilir. Onlar bilirlər ki, bir kimsə bu torpağa xain baxsa, “dəmir yumruq” onu məhv edəcək. Azad Şuşa­mız etibarlı əllərdədir.

Noyabrın 8-də Prezident İlham Əliyev Şəhidlər xiyabanından Azərbaycan xalqına Şuşanın azad edilməsi müjdəsini verərkən çıxışının sonunda demişdir: “ Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”

Bu gün eyni sözləri təkrarlayıram: Şuşa bizimdir! Qarabağ Azərbaycandır!

Qələmə aldı: M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

25 Yanvar 2021 23:48 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə