Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gömrük Akademiyasının yaranmasının 9 ili tamam olur

Dövlət Gömrük Komitəsinin Akademiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 yanvar 2012-ci il tarixli Sərəncamına əsasən yaradılıb. Akademiya ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir.

Akademiyanın yaradılmasında əsas məqsəd gömrük orqanlarında xidmət etmək üçün yüksək ixtisaslı, peşəkar mütəxəssislərin hazırlanması, gömrük orqanlarında xidmətə qəbul olunan əməkdaşlar üçün ilkin hazırlıq və gömrük xidməti əməkdaşları üçün ixtisasartırma təlimlərinin təşkil edilməsi, bununla yanaşı, elmi-tədqiqat işlərinin aparılmasıdır.

2014/2015-ci tədris ilində Dövlət Gömrük Komitəsinin Akademiyası ilk tədris ilinə başlayıb, 2017/2018-ci tədris ilində ilk məzunlarını yola salıb.

Akademiyanın prioritetlərindən ən başlıcası gömrük orqanlarında çalışmaq üçün lazım olan bütün ixtisaslar üzrə kadrların hazırlanmasıdır. Hazırda akademiyada bakalavr pilləsi üzrə 4 ixtisas – hüquqşünaslıq, iqtisadiyyat, informasiya təhlükəsizliyi və beynəlxalq ticarət və logistika ixtisası üzrə tələbələr təhsil alırlar. İnformasiya təhlükəsizliyi ixtisası üzrə tələbə qəbulu 2019/2020-ci tədris ilindən, beynəlxalq ticarət və logistika ixtisasına qəbul 2020/2021-ci tədris ilindən etibarən aparılır.

2019/2020-ci tədris ilindən başlayaraq, “Gömrük işi” və “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası” ixtisaslaşmaları üzrə magistr hazırlığı da həyata keçirilir.

Hazırda akademiyada tələbələrin ümumi sayı 374 nəfərdir. Onlardan 352 bakalavriat səviyyəsində, 22 nəfər magistraturada təhsil alır.

Beynəlxalq əlaqələrin qurulması və əməkdaşlığın genişləndirilməsi prioritet olaraq davam etdirilir. Akademiya bir sıra beynəlxalq qurumlarla əməkdaşlıq edir. Ümumdünya Gömrük Təşkilatı, Gömrük Universitetlərinin Beynəlxalq Şəbəkəsi, Rusiya Gömrük Akademiyası və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq qurulub, Estoniya, Latviya, Litva, Rusiya, Ukrayna, Şimali Makedoniyanın müxtəlif ali təhsil müəssisələri, Türkiyə, Belarus, Cənubi Koreya və İspaniyanın gömrük tədris mərkəzləri ilə müqavilələr imzalanıb. Akademiya Birləşmiş Millətlər Təşkilatının (BMT) müxtəlif layihə və proqramlarında təmsil olunur. Akademiyanın geniş beynəlxalq platforma olan edX® ilə əməkdaşlığı sayəsində tələbələrlə yanaşı, gömrük xidməti əməkdaşları sözügedən platformadakı modullardan istifadə etmək imkanlarına malikdirlər.

Akademiyanın əsas fəaliyyət istiqamətləri bakalavr və magistr hazırlığı ilə yanaşı, xidmətə ilkin hazırlıq və ixtisasartırma təlimlərinin təşkilidir. Təlimlər Dövlət Gömrük Komitəsi sisteminə daxil olan gömrük orqanlarının əməkdaşlarının peşə və ixtisas səviyyəsini artırmaq, gömrük orqanlarına xidmətə yeni qəbul edilmiş əməkdaşlara peşə biliklərinin və xidməti intizam qaydalarının tələblərinin öyrədilməsi məqsədilə təşkil olunur.

Akademiyada Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə verilən “ÜGT-nin e-Learning Modullarından istifadə üzrə Lisenziya”ya əsasən, “CLİCK! e- Learning” bazasında mövcud olan resurslar üzrə gömrük xidməti əməkdaşları üçün təlimlərin keçirilməsi nəzərdə tutulur.

Beynəlxalq Standartlar Sisteminin tətbiqi, təhsilin və idarəetmənin ISO standartlarının tələblərinə uyğun səviyyədə təşkil edilməsi məqsədilə Türk Standartları İnstitutu (TSE) tərəfindən struktur bölmələrin əməkdaşları üçün təlimlər keçirilib. Akademiyanın ISO 9001:2015 (Keyfiyyəti idarəetmə sistemi) sertifikatını alması üçün bütün müvafiq tədbirlər görülüb.

Professor-müəllim heyəti və tələbələr beynəlxalq elmi konfrans və seminarlarda mütəmadi iştirakı edirlər. Təhsilin davamlılığının təmin edilməsi məqsədilə Gömrük Akademiyasında fənlərin onlayn tədrisi uğurla təşkil olunub.

Bugünlərdə Dövlət Gömrük Komitəsinin Akademiyasının təşəbbüsü və təşkilatçılığı ilə " Azərbaycan ali məktəblərində onlayn təhsil təcrübəsi: çağırışlar və perspektivlər" adlı onlayn konfrans keçirilib.

“Xalq qəzeti”

25 Yanvar 2021 23:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə