Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Dostluq” yatağı ilə bağlı sənəd ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq

Məlum olduğu kimi, Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında anlaşma memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib.

Azərbaycan və Türkmənistan prezidentləri tədbirdə parlaq və dərin məzmunlu çıxışlar ediblər. Hər iki dövlət başçısının çıxışlarında səslənən olduqca dəyərli fikir və təkliflər ölkə ictimaiyyətinin, ziyalıların dərin razılığına səbəb olub. Çünki imzalanan sənəd istər iki dost və qardaş ölkənin enerji sahəsində əməkdaşlığının möhkəmləndirilməsi, istərsə də bütövlükdə, regionumuzda yeni tərəfdaşlığın və tranzit kommunikasiyalarının inkişaf perspektivləri baxımından çox əhəmiyyətlidir. Memorandum həm də Xəzər ekvatoriyasında yeni tərəfdaşlıq və əməkdaşlıq platformasının yaradılması ilə əlamətdardır.

Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdəki çıxışında qeyd edib ki, sənəd böyük tarixi əhəmiyyət kəsb edir. Çünki Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır və bu yataq, həmin yataqdakı iş ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, həm Türkmənistan, həm də Azərbaycan xalqlarına xeyir gətirəcək.

Dövlətmizin başçısı sonra demişdir: “Bugünkü imzalama Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır. Bu layihə ölkələrimizin, habelə qonşularımızın enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq. Bu layihə ixrac üçün böyük imkanlar açır, ona görə də xalqlarımızın rifahının yüksəlməsinə şərait yaradacaq.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, öz növbəsində, sənədi yüksək dəyərləndirib. Bildirib ki, anlaşma memorandumu enerji sahəsində əməkdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, iki nəhəng enerji dövlətinin çox zəngin birgə potensialının üzə çıxarılmasına, Xəzər dənizi regionunda davamlı energetikanın, geniş qarşılıqlı faydalı və beynəlxalq tərəfdaşlığın inkişafı üçün ən əlverişli şərait yaradılmasına yönəlib.

Məni sevindirən həm də odur ki, çox hörmətli dövlət başçılarımızın vurğuladığı kimi, bundan sonra Azərbaycan və Türkmənistan dövlətləri və xalqları arasında bütün sahələrdə, o cümlədən humanitar sahədə əlaqələr güclənəcək. Azərbaycan və türkmən xalqlarını qədim tarixi və mədəni ənənələr birləşdirir. Ölkəmizin təmsil etdiyi vətəndaş cəmiyyəti fəalları da bu sahədə çox iş görə bilər və görməlidir.

Sonda bir daha vurğulamaq istəyirəm. “Dostluq” yatağı ilə bağlı imzalanan mühüm sənəd iki qardaş xalq arasında möhkəm və etibarlı dostluq körpüsü qurur. Biz birlikdə daha güclü və qüdrətli olacağıq. Fikrimcə, qardaş türk dövlətlərinin hər birinin güclənməsi, bütövlükdə türk dünyasının güclənməsi deməkdir.

Habil NİFTALI,
“Optimist” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri

25 Yanvar 2021 23:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə