Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin yaz sessiyasında ilk iclası keçirilib

Yanvarın 25-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.

Milli Məclisdən AZƏRTAC-a bildiriblər ki, videoformatda keçirilən iclasda Milli Məclis sədrinin müavi­ni, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli payız sessiyasının Vətən müharibəsi günlərinə təsadüf etdiyini və hər bir azərbaycanlının həyatında ən yad­daqalan tarixə çevrildiyini qeyd edib. Vurğulayıb ki, 44 günlük müharibədə Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi, müzəffər Azərbaycan Ordu­sunun rəşadəti ilə qazanılan Qələbə xalqımızın 30 illik nisgilinə son qoyub, dünya dövlətləri arasında ölkəmizin yerini və mövqeyini gücləndirib.

Sədr müavini qeyd edib ki, düşmənlə savaşda Milli Məclisin rəhbərliyi və hər bir deputatı müharibənin reallıqlarını dünyaya çatdırmaq və işğalçı tərəfin yalanlarını ifşa etmək istiqamətində ciddi fəaliyyət göstərib. Vurğulayıb ki, müharibə və pandemiya şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, payız sessi­yasında Azərbaycan parlamenti öz işini ən yüksək səviyyədə davam etdirib, qarşıda duran vəzifələr layiqincə yerinə yetirilib.

Sonra Fəzail İbrahimli 2020-ci ilin payız sessiyası dövründə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində görülən işlər barədə he­sabatı təqdim edib. Bildirib ki, hesabat dövründə komitənin 7 iclası keçirilib, 9 məsələyə baxılıb. O cümlədən sessiya ərzində “Siyasi partiyalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə məsələ Hüquq siyasəti və dövlət quru­culuğu komitəsi ilə birgə videokonfrans formatında üç oxunuşda müzakirə edilərək plenar iclasa tövsiyə olunub və Milli Məclisdə qəbul edilib. Komitə büdcə zərfinin müzakirəsində də fəallıq göstərib.

Hesabat dövründə vətəndaşlardan, idarə və təşkilatlardan daxil olan 242 ərizə və məktuba, müxtəlif xa­rakterli digər sənədlərə, elektron poçt vasitəsilə gələn məktublara komitədə baxılıb və tədbir görülməsi üçün aidiyyəti qurumlara 220 məktub göndərilib. Ərizələrin əksəriyyəti ilə bağlı müvafiq icra strukturları və təşkilatlarla telefon əlaqəsi saxlanıla­raq qanun çərçivəsində məsələlərin həllinə nail olunub. Vətəndaşların şifahi müraciətlərinə də həssaslıqla yanaşı­lıb.

Koronavirus infeksiyasına qar­şı mübarizə ilə əlaqədar vətəndaş qəbulunda elektron və telefon rabitəsi vasitələrinə üstünlük verilib. Həmin qəbullarda 167 vətəndaşın müraciəti dinlənilib və zəruri tədbirlər görülüb.

Sessiya ərzində ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edən komitə üzvləri parlamentlərarası əlaqələr üzrə işçi qruplarla da onlayn qaydada müxtəlif görüşlər keçiriblər.

Hesabatın müzakirəsində komitə sədrinin müavini Sahib Alıyev, depu­tatlar Cavanşir Paşazadə, Ceyhun Məmmədov, Azər Badamov, Anar İsgəndərov rəy və təkliflərini bildiriblər. Payız sessiyası dövründə görülmüş işlər müsbət dəyərləndirilib. Çıxışlar­da vurğulanıb ki, Vətən müharibəsi günlərində ölkədəki bütün siyasi partiyalar vahid amal ətrafında birləşdi və Prezidentin siyasətini, xalqın mənafeyini dəstəklədi.

Hesabat məqbul sayıldıqdan sonra komitə sədri Fəzail İbrahimli 2021- ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planı barədə məlumat verib. Həm qanunvericilik fəaliyyətini, həm də müxtəlif səpkili tədbirlərin təşkilini nəzərdə tutan iş planı iclasda səslənmiş təkliflər nəzərə alınmaqla qəbul edilib.

25 Yanvar 2021 23:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə