Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“AzerGold” QSC-də ötən ilin yekunlarına həsr olunmuş onlayn müşavirə keçirilib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) ötən ilin yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş onlayn müşavirə keçirilib. Müşavirədə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov cəmiyyət tərəfindən 2020-ci ilin fəaliyyət planının uğurla yerinə yetirildiyini, pandemiya şəraitinin çətinliklərinə baxmayaraq ötən il qarşıya qoyulan vəzifələrin tam icra edildiyini bildirib.

“AzerGold” QSC-dən verilən məlumatda qeyd olunur ki, ötən il cəmiyyətin həm istehsalat, həm də hasilat göstəriciləri plandan daha artıq olmaqla, 2019-cu ilin nəticələrini üstələyib. QSC-nin hasil etdiyi qızıl və gümüşün dünya bazarına ixracı nəticəsində il ərzində ölkə iqtisadiyya­tına ümumilkdə 186,5 milyon manat həcmində vəsait daxil olub.

Müşavirədə “AzerGold”un ötən ildə də regionlarda yeni mədənlərin işə salınması, iqtisadi səmərəliliyin artırılması istiqamətində fəaliyyətini davam etdirdiyi vurğulanıb. Yeni yataqların işlənməsi, eləcə də əldə olunan müsbət iqtisadi artım göstəricilərinin daha yüksək dinami­ka ilə davamlılığının təmin edilməsi məqsədilə Cəmiyyət tərəfindən ilk dəfə tədavülə buraxılan 20 milyon ABŞ dolları həcmində istiqrazların emissiyası uğurla həyata keçirilib.

Cəmiyyət tərəfindən kəşf olun­muş “Ağyoxuş 1” yatağı 30 noyabr tarixində istismara verilərək yeni emal zavodu və müvafiq infrastruktur qurulmadan istismarına və orada hasil edilən süxurların Çovdar Emal Sahəsində (ÇFES) emal edilməsinə başlanılıb. Bununla da, sözügedən emal sahəsinin bazasında gələcəkdə ətrafdakı yeni yataqların istismara verilməsi ilə genişləndiriləcək Çovdar Regional İnteqrəolunmuş Mərkəzin qurulması sahəsində ilk addımın atıldığı qeyd edilib.

İdarə Heyətinin sədri Cəmiyyət tərəfindən yeni yataqların istismarına hazırlıq çərçivəsində ötən il intensiv kəşfiyyat və tədqiqat işlərinin qrafik üzrə davam etdirildiyini bildirib. He­sabat dövründə Cəmiyyətin 2020-ci il üçün fəaliyyət planına uyğun olaraq perspektiv sahələrdə yeni yataqları­nın istismara verilməsi istiqamətində 75 778 metr dərinliyində buruq-qaz­ma işləri icra edilib.

Müşavirədə “AzerGold”un cari ildə də regionlarda yeni mədənlərin işə salınması istiqamətində fəaliyyətini davam etdirəcəyi vurğu­lanıb. Təsdiqlənmiş plan əsasında 2021-2027-ci illər ərzində müvafiq olaraq “Ağyoxuş” yatağının növbəti mərhələlərinin,“Mərəh”, “Narçala”, həmçinin “Çovdar” yatağının sulfid mərhələsi üzrə istismarı, o cümlədən “Tüllallar”, “Filizçay”, “Qaradağ”, “Xar­xar”, “Mazımçay” və digər yataqların istifadəyə verilməsi nəticəsində ölkə iqtisadiyyatına milyardlarla manat vəsaitin cəlb ediləcəyi, ümumilikdə minlərlə yeni iş yerinin açılacağı, bütün bunların regionların sosial-iqti­sadi inkişafına müsbət təsir edəcəyi vurğulanıb. Bildirilib ki, bu layihələrin icrası ilə Qapalı Səhmdar Cəmiyyətin genişmiqyaslı regional mədən şirkətinə, ölkənin ən böyük qeyri-neft ixracatçısına çevrilməsi əsas hədəf kimi qarşıya qoyulub.

Sədr, cənab Prezident İlham Əliyevin 1 sentyabr 2020-ci il ta­rixli 2245 nömrəli sərəncamı ilə Cəmiyyətin fəaliyyət sahələrinə ölkə ərazisində qara metal filizi yataqları­nın tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunmasının həvalə edilməsinin də dövlət başçısı tərəfindən şirkətin fəaliyyətinə göstərilən yüksək etimadın nəticəsi olduğunu diqqətə çatdırıb.

Tədbirin davamında bu istiqamətdə görülən və planlaşdırılan işlər haqqında geniş müzakirə aparı­laraq Cəmiyyətin Müşahidə Şurasına təqdim edilməsi məqsədilə 2021-ci il üzrə ümumi fəaliyyət planı təsdiq edilib. Müzakirələrin sonunda qaldı­rılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

“Xalq qəzeti”

25 Yanvar 2021 23:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə