Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağ Dirçəliş Fondu azad edilmiş əraziləri yüksək rifaha malik regiona çevirəcək

Azərbaycan 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanaraq təxminən 30 ildən bəri Ermənistanın işğalı altında qalmış tarixi torpaqlarını azad etdi. Hazırda isə Prezident İlham Əliyev azad edilmiş ərazilərin bərpası istiqamətində konkret qərarlar qəbul etməkdədir. Dövlət başçısının 19 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılmış Qarabağ Dirçəliş Fondu da bu məqsədə xidmət edir.

Qarabağ Dirçəliş Fondu Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurul­ması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini, sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və xaricində zəruri təşviqat işlərini həyata keçirəcək. Fərmana əsasən, nizamnamə fondu 1 milyon manat olan və dövlət büdcəsinin vəsaiti hesabına formalaşan fondun yerlərdə filialları və nümayəndəlikləri də fəaliyyət göstərəcək.

Dövlət başçısının bu günlərdə Şuşaya səfəri də bu məqsədlərin reallaşması istiqamətində növbəti addım idi. Azərbaycan ictimaiyyəti Prezident İlham Əliyevin bu səfərini böyük maraqla izlədi. Səfər zamanı Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, eləcə də Füzuli rayonunda hava limanının təməllərinin qoyulması artıq azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin uğurla davam etdiyini göstərirdi.

Azərbaycan lideri Şuşa istiqamətində irəliləyərkən yollar boyu dağıdılmış yaşayış məntəqələrimiz haqqında ictimaiyyətə məlumat verir, çəkiləcək yollar, tikiləcək körpülər, görüləcək işlər barədə danışırdı. Bütün bunlar, təbii ki, ictimaiyyət tərəfindən böyük ruh yüksəlkliyi ilə qarşılandı. Dövlət başçısı böyük qürur hissi ilə qeyd etdi ki, Füzuli-Şuşa yolunun və Füzuli Hava Limanının təməli qoyuldu. Uçuş-enmə zolağının uzunluğu 2800 metr olacaq hava limanı beynəlxalq standartlara uyğun infrastrukturla təchiz ediləcək.

Prezident əminliklə bildirdi: “Bö­yük qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qov­duq – cəmi 44 gün ərzində – bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik”.

Dövlət başçısı hərbçilərlə görüşdə bildirdi ki, noyabrın 8-i – Zəfər Günü xalqımızın tarixində əbədi qalacaq. Noyabrın 8-də Azərbaycan xalqı üçün çox əziz olan qədim Şuşa şəhəri azad edilib. Şuşanın işğaldan azad edilməsi böyük qəhrəmanlıq, peşəkarlıq, milli ruh sayəsində baş tutub: “Əminəm ki, Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaqdır. Artıq məndə məlumat var ki, inkişaf etmiş bir çox ölkələrin mütəxəssisləri 44 günlük Vətən müharibəsinin hər bir gününü təhlil edirlər. Çünki 44 gün­lük müharibənin hər bir günü qələbə, zəfər günüdür. Şuşanın işğaldan azad edilməsi düşmənə vurulan ən böyük zərbə idi ”.

Bizim qalib xalq olduğumuzu deyən dövlət başçısı dedi ki, Şuşaya müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi gəlib: “Düşmənin belini qıran ordunun Ali Baş Komandanı kimi gəlmişəm və burada müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlar­da əbədi yaşayacağıq! Biz Şuşanı və dağıdılmış bütün başqa şəhər və kəndlərimizi bərpa edəcəyik. Dağıdıl­mış bütün tarixi abidələrimizi bərpa edəcəyik”.

Arzuman MURADLI,
YAP Səbail rayon təşkilatının sədr müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru

25 Yanvar 2021 23:31 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə