Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ədliyyə Nazirliyi tərəfindən “CEPEJ və məhkəmə-hüquq islahatları: Azərbaycanın nailiyyətləri” mövzusunda onlayn brifinq keçirilib

Yanvarın 25-də Ədliyyə Nazirliyi tərəfindən “CEPEJ və məhkəmə-hüquq islahatları: Azərbaycanın nailiyyətləri” mövzusunda onlayn brifinq təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində xalqımızın Böyük Qələbəsi ilə yadda qa­lan 2020-ci ildə Azərbaycanın digər sahələrdə də uğurlar qazandığını vurğulayıb.

Bildirib ki, Avropa məkanında məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə kömək edən və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfələr verən Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) rəhbərliyinə seçkilər keçirilib. Azərbaycanın məhkəmə-hüquq sahəsində mütərəqqi nailiyyətləri, habelə ölkəmizin komissi­yanın işinə dəyərli töhfələri nəzərə alınaraq Azərbaycan nümayəndəsi, hakim Ra­min Qurbanov yenidən CEPEJ-in prezidenti seçilib. Bu dövlətimizin beynəlxalq aləmdə artan nüfuzunun əyani təzahürdür. Eyni za­manda, qeyd edilib ki, bu gün Azərbaycanın Avropa Şura­sına tamhüquqlu üzv qəbul edilməsindən iyirmi il ötür. Azərbaycanın bu quruma üzv olması münasibətilə 2001-ci ilin yanvarın 25-də ümum­milli lider Heydər Əliyevin iştirakı ilə Strasburqda rəsmi mərasim keçirilib.

Tədbirdə iştirak edən CEPEJ-in prezidenti, ha­kim Ramin Qurbanov çıxış edərək qurumun mahiyyəti, fəaliyyət istiqamətləri, gördüyü işlər, keçirilmiş seçkilər barədə məlumat verib: “Ötən il dekabrın 8-də Strasburqda Avropanın 47 dövlətinin nümayəndəsinin iştirakı etdiyi plenar iclas­da Avropa Şurasının mü­hüm hüquq təsisatı olan CEPEJ-in rəhbəri vəzifəsinə növbəti dəfə seçilməyim ölkəmizdə aparılan mütərəqqi məhkəmə-hüquq islahat­larına beynəlxalq etimadın göstəricisi, respublikamızın uğurudur”.

Vurğulanıb ki, müstəqil Azərbaycan müasir ruh­lu məhkəmə-hüquq is­lahatları ilə beynəlxalq aləmdə tanınır və dünya ictimaiyyətinin daim diqqət mərkəzindədir. Bu isla­hatlar beynəlxalq aləmdə müsbət qiymətləndirilir, ölkəmizin beynəlxalq arena­da reytinqini və nüfuzunun yüksəlməsinə əsaslı təkan verir. Bu nailiyyətlər Prezi­dent İlham Əliyevin 2004- cü ildən məhkəmə-hüquq sistemində ardıcıl, sistemli islahatlar strategiyasının ba­riz nümunəsidir. Azərbaycan nümayəndəsinin Avropa Şurasının ədliyyə sahəsində belə nüfuzlu beynəlxalq qurumuna seçilməsinin başqa əsasları da möv­cuddur. Ölkəmizin mədəni irsinin dünyaya tanıtdırılması məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilir. Hər bir azərbaycanlı barədə Avropa cəmiyyətində düzgün rəyin formalaşdırılması istiqamətində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri var. Məhz onun səyi nəticəsində Avropa cəmiyyətində Azərbaycanın qədim tarixi və mədəniyyəti barədə artıq təəssüratlar yaranıb.

Diqqətə çatdırılıb ki, CEPEJ Avropa məkanında insan hüquqlarının qorunma­sını həyata keçirən aparıcı regional təşkilat kimi, Avropa Şurasının məhkəmə, ədliyyə, prokurorluq və vəkillik sahəsində ixtisaslaşmış quru­mudur. Avropa Şurasının 47 üzv dövlətinin nümayəndələri həmin qurumda təmsil olunur. Bu qurumun formalaşdırılma­sında bərabərlik prinsipinə riayət olunur. Hər dövlətdən yüksək ixtisasa malik azı bir nümayəndə ölkəsini orada təmsil edir, Avropa stan­dartlarını təşkil edəcək hər hansı sənədin müzakirəsində birbaşa iştirak edir və öz iradəsini bildirir. Bu iradə ölkənin mövqeyi kimi orada təqdim olunur.

Bu qurumun yaradılma­sının əsas məqsədi Avro­pa məkanında məhkəmə və ədliyyə sisteminin keyfiyyət və səmərəliliyinin artırılmasıdır. Avropa standartlarının məhkəmə sistemlərində səviyyəsinin müəyyənləşdirilməsi, qiymətləndirilməsinin apa­rılması, müsbət təcrübələrin aşkarlanması və digər dövlətlərə tövsiyəsi, 47 üzv dövlətdə məhkəmə-hüquq islahatlarına dəstəyin göstərilməsidir.

Bu qurumun yaradılma­sının əsas səbəblərindən biri İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə daxil olan şikayətlərin sayının həddindən artıq çox olması və bu məhkəmənin iş yükü­nün azadılması zərurəti olub. Əsas məqsəd 47 ölkənin milli səviyyədə məhkəmə və ədliyyə sistemlərini təkmilləşdirməklə şikayətlərin sayının azaldılmasıdır.

Azərbaycan təmsilçisinin Vətən müharibəsindəki qələbə zamanı və bir sıra Qərbi Avropa dövlətlərinin ölkəmizə qərəzli, ədalətsiz münasibəti fonunda seçilməsi xüsusən vacibdir. Bu həm də respublikamızın beynəlxalq aləmdə hüquqi sahədə qa­zandığı tarixi qələbənin sübu­tudur və dövlətimizin başçısı İlham Əliyevin həyata keçir­diyi məhkəmə-hüquq islahat­larının uğurudur. Bu, islahat­ların həyata keçirilməsində Məhkəmə-Hüquq Şurası və Ədliyyə Nazirliyinin rəhbərliyi də mühüm rol oynayıb.

Onlayn brifinqdə, həmçinin digər məsələlərə toxunulub, sosial şəbəkə istifadəçilərinin və jurnalistlərin sualları cavab­landırılıb.

25 Yanvar 2021 23:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə