Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanın məğlubiyyətinin səbəbi təkcə ordusunun zəifliyi deyil, ilk növbədə, Azərbaycan Ordusunun qüdrətidir

Ermənistanda ictimai-siyasi böhran dərinləşməkdə davam edir. İstər ölkə daxilindəki siyasi qüvvələr, istər xarici ölkələrdəki diaspor təşkilatları, istərsə də onların ayrı-ayrı üzvləri baş nazir Paşinyanı Ermənistanın milli maraqlarını satmaqda itti­ham edirlər. Bütün bunlar isə, təbii ki, Paşinyanın hakimiyyəti dövründə Azərbaycan Ordusunun işğal altındakı tarixi ərazilərimizi özünün canı-qanı bahasına azad etməsi ilə bağlıdır. Məlum 10 noyabr üçtərəfli Rusiya, Azərbaycan və Ermənistan bəyanatından və Paşinyanın kapitulyasiya aktına imza atmasın­dan sonra ölkəni etiraz dalğası bürüyüb.

Məhz həmin bəyanatdan sonra müxalif siyasi qüvvələr xalqı etiraz aksiyalarına çağıraraq küçələrə axışdılar. Noyabrın 10-dan bəri 17 müxalifət partiyası baş nazir Nikol Paşinyan tərəfindən Qarabağa dair üçtərəfli bəyanatın imzalanmasına etiraz əlaməti olaraq Yerevanda mitinq keçirir. Müxalifət inadla Paşinyanın istefasını tələb edir.

Onu da qeyd edək ki, bu aksiyalar zamanı bir sıra insidentlər baş vermişdi. Etirazçılar Ermənistan parlamentinin binasına hücum edərək spikeri ölümcül döymüşdülər. Paşinyan “Facebook” səhifəsində basqına məruz qalmış iqamətgahında oğurluq olduğunu, kompüter, ətir və saatının oğurlandığını yazmışdı. Noyabrın 11-də etirazçı kütlə Soros Fondunun Yerevandakı ofisinə basqın edərək dağıntılar törətmişdi. Bu hadisələrdən sonra isə polis kütləvi həbslərə başlamış, "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Sarukyan və bir sıra partiya rəhbərləri saxlanlmışdı.

Keçən il dekabrın 2-də müxalifətin Yerevanın mərkəzində keçirdiyi yürüşdə iştirak etmiş “Daşnaksütyun”, “Vətən” və “Çiçəklənən Ermənistan” partiyalarının üzvləri Paşinyanı “xain”, “satqın” adlandıraraq, istefasını tələb etmişdilər. Vaxtilə Ermənistanın baş naziri və müdafiə naziri olmuş Vazgen Manukyan isə özünü müxalifətin vahid namizədi elan edərək, Paşinyanın devriləcəyi təqdirdə Ermənistanda keçid hökumətin baş naziri vəzifəsini üzərinə götürməyə hazır olduğunu bildirmişdi.

Müxalifət Paşinyanın istefası tələbindən bu gün də çəkinməyib. Üstəlik, Rusiyada və digər ölkələrdə yaşayan ermənilər də baş naziri ittiham etməkdədirlər. Bu günlərdə Rusiya telekanallarından birində çıxış edən erməni əsilli rusiyalı analitik və hərəkat lideri Sergey Kurqinyan da Paşinyanı sərt tənqid edib, hətta onu “yaramaz” adlandırmaqdan da çəkinməyib. Onun fikrincə, ermənilər Şuşanı Azərbaycana təslim edə bilməzdilər, onlara geri çəkilmək əmri verilib. Və erməni əsgərləri “yaramaz Paşinyanın əmrinə əsasən” oradan gediblər.

Əlbəttə, Qarabağ cəbhəsində Azərbaycan Ordusu tərəfindən darmadağın edilmiş Ermənistan məğlubiyyətlə barışmağa çətinlik çəkir. Bu da səbəbsiz deyil. Çünki həmişə arxasında güclü dövlətlərin dəstəyini hiss edib. Amma istər-stəməz barışmalıdırlar. Ona görə ki, 44 günlük İkinci Qarabağ savaşında Azərbaycan bu ölkəyə layiqli dərs verdi.

Ermənistan müdafiə nazirliyinin hərbi nəzarət idarəsinin sabiq rəisi Movses Akopyan müharibə günlərində erməni tərəfinin “İsgəndər” operativ-taktiki raket kompleksindən istifadə etdiyini deyib: “Bilirəm ki, “İsgəndər”dən istifadə olunub, amma harada, hansı istiqamətdəki hədəfə qarşı, deyə bilmərəm”.

Ermənistandakı “Adekvad” siyasi hərəkatının lideri Artur Danielyan isə bəyan edib ki, Ermənistanın müdafiə nazirliyi “İsgəndər”dən noyabrın 7-də istifadə edib: “Raket həmin gün səhər saat 9.00-da Şuşaya atılmışdı. Guya, azərbaycanlı hərbçiləri vurmaq istəyiblər. Amma raket Şuşaya yox, şəhərin yaxınlığına, erməni hərbçilərin çox olduğu yerə düşüb”.

Görünür, Sergey Kurqinyanın məğlubiyyət acısı o qədər tünd olub ki, ağzına gələni danışıb. Amma faktiki olaraq, Şuşaya “İsgəndər” atılsa da, Paşinyan erməni əsgərlərinə geri çəkilmək əmri verməyib. Əgər belə bir əmr verilmiş olsaydı, raket məhz “erməni hərbçilərin çox olduğu yerə” düşməzdi.

Bundan əlavə, Azərbaycan Prezidenti İlham Əliyevin çoxsaylı müsahibələri, müraciətləri var. Prezident Füzuli şəhərində səfərdə olarkən bildirib: “Biz Ermənistan Ordusunu çökdürdük. Eyni zamanda, Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdik”. Azərbaycan lideri deyib ki, Paşinyan son 2 il ərzində öz ölkəsini məhv edib: “İndi sadəcə olaraq fikirləşir ki, necə öz canını erməni xalqının qəzəbindən qurtarsın. Biz Köçəryan, Sarkisyan ordusunu məhv etdik. Onlar bizim torpaqlarımızı dağıdıblar. Onlar bu dəfə qorxaqcasına heç burunlarını soxa bilmədilər Dağlıq Qarabağ ərazisinə. Hanı sizin qəhrəmanlığınız? Döşünüzə vurmusunuz saxta qəhrəman ordenlərini. Çıxarın atın eşiyə o dəmir-dümürləri. Sizi biz məğlub etmişik. Paşinyan heç kimdir. Sizi, Köçəryan və Sarkisyan – Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları – sizi biz məğlub etmişik. Sizin ordunuzu məhv etmişik”.

Təkcə bu yox, digər faktlar da sübut edir ki, özünü xalqının lideri, yaxud canıyananı hesab edən istənilən erməni məğlubiyyət faktı ilə bağlı yalan danışır, sudan quru çıxmağa çalışır. Elə Kurqinyan da, başqaları da. Danılmaz faktdır ki, Ermənistan ordusunu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu məhv edib. Üstəlik, Ermənistan səhiyyə nazirliyinin məlumatları ortadadır. Müharibə dövründə səhiyyə naziri Arsen Torosyan məlumat yaymışdı ki, Ermənistanın tibb müəssisələri Dağlıq Qarabağda münaqişənin daha da kəskinləşməsinə və yaralıların həddən çox olmasına görə ağır mülki xəstələrin qəbulunu dayandırıb, xəstəxanalar stasionar yardımla bağlı müraciət edən vətəndaşlara tibbi xidmət göstərməyəcək.

Həmin günlərdə erməni tərəfi gizlətsə də, Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan ordusunun döyüşlər nəticəsində ciddi itkilərə məruz qalması barədə məlumat yaymışdı. Məlumata görə, düşmənin 22 ədəd tankı və digər zirehli texnikası, 15 ədəd “OSA” zenit-raket kompleksi, 18 ədəd pilotsuz uçuş aparatı (PUA), 8 ədəd artilleriya qurğusu məhv edilib, ölən və yaralı olmaqla, canlı qüvvə sarıdan 550 nəfərdən artıq itkisi var. Müxtəlif istiqamətlərdə ermənilərin 3 silah-sursat anbarı məhv edilib.

Bütün bu deyilənlərdən belə nəticə çıxır ki, erməni politoloq və siyasətçiləri təkcə Paşinyanı satqın adlandırmaqla vəzifələrini bitmiş hesab etməməlidirlər. Onlar Azərbaycan qarşısında məğlubiyyətləri ilə barışmalı, bir daha, Prezident İlham Əliyev demişkən, gözlərinin ucu ilə də bizə tərəf baxmaqdan çəkinməlidirlər. Eyni zamanda, istər Kurqinyan, istərsə də hər hansı digər erməni sinəsinə döyüb öyünməsin ki, məğlubiyyətin səbəbkarı Ermənistan ordusu deyil, satqın Paşinyandır. Əslində, Ermənistanın məğlubiyyətinin səbəbi erməni ordusunun zəifliyi və çarəsizliyidir, ilk növbədə isə Azərbaycan Ordusunun gücü-qüdrətidir.

Yadımıza salaq ki, rusiyalı teleaparıcılar və politoloqlar dəfələrlə bu barədə fikir söyləyiblər. Hətta ermənipərəst aparıcı Vladimir Solovyov da demişdi: “Ermənilər istəyirdi ki, rus əsgəri Qafqazda ölməyə getsin, Rusiya da Azərbaycana müharibə elan etsin. Rusiyanı satqınlıqda ittiham edən ermənilər nə istəyirdi? Kim satdı sizi? Biz gedib “Arsax” uğrunda Azərbaycana qarşı döyüşüb ölməli idik?”

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

25 Yanvar 2021 23:23 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə