Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Etimad və əməkdaşlıq mühiti genişlənir

Azərbaycan və Türkmənistan ara­sında bu il yanvarın 21-də Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu­nun imzalanması tarixi hadisədir və iki ölkə arasında münasibətlərin yeni mərhələsinin əsasını qoyacaq. Bu hadisə Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə qaldırılma­sında çox önəmli addım olmaqla yanaşı, bütövlükdə, Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcək.

Azərbaycan hər zaman Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması üzrə səylər göstərib. Dövlət müstəqilliyini bərpa etdikdən sonra aparılmış uzaqgörən siyasət nəticəsində 1994-cü il sentyabrın 20-də Bakı şəhərində Xəzər dənizində neft yataqlarının işlənilməsi və hasilatın pay bölgüsü haqqında müqavilələr imzalanmış, eyni zamanda, Xəzər dənizində bölgü məsələləri üzrə sahilyanı ölkələr arasında dialoq üçün ikitərəfli, habelə çoxtərəfli formatlara üstünlük verilmişdir.

Bu çərçivədə 2001-ci il noyabrın 29-da “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında Saziş”, 2002-ci il sentyabrın 23-də “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında Saziş” və 2003-cü il mayın 14-də isə “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölgü xətlərinin kəsişmə nöqtəsi haqqında Saziş”in imzalanması mühüm tarixi sənədlərdir.

Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində 2018-ci il avqustun 12-də “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanmışdır. Bu konvensiyanın imzalanması isə Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyətinin, eləcə də Xəzəryanı ölkələrin xalqlarının rifahının daha da yaxşılaşmasına böyük töhfə verdi. Konvensiyanın imzalanması bir daha sübut etdi ki, Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad və qarşılıqlı fəaliyyət mövcuddur. Şübhə yox idi ki, bu münasibətin daha da inkişaf etdirilməsi təhlükəsizliyin və sabitliyin başlıca qarantı qismində çıxış edəcək.

Bu il yanvarın 21-də imzalanmış memorandum Xəzər dənizinin əməkdaşlıq və sülh dənizinə çevirilməsində böyük enerji strategiyasını müəyyənləşdirdi, həmçinin enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə və xarici investorların bu layihələrə cəlb edilməsinə, habelə Azərbaycanın nəqliyyat-tranzit potensialının möhkəmlənməsinə yeni imkanlar yaradılmasını şərtləndirdi.

Sənəd həm də Xəzər dənizi tarixində ilk dəfə olaraq iki ölkənin yatağı birgə istismarı və xarici bazarlara nəql etməsi ilə yadda qalacaq. Yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl və əhatəli infrastrukturu və ixrac kəmərləri vasitəsilə daşınacaq. Bununla Azərbaycan geoiqtisadi mövqeyini möhkəmləndirməklə yanaşı, tranzit və nəqliyyat əhəmiyyətini də xeyli dərəcədə gücləndirəcək.

Beləliklə, Azərbaycan və Türkmənistan arasında imzalanmış memorandum iki dövlət arasında olan dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsidir.

Sənədin imzalanması iki dövlətin iqtisadi potensiallarını artırmaqla yanaşı, 2021-ci ildə Türkmənistanın təşəbbüsü ilə keçiriləcək Xəzəryanı dövlətlərin dövlət başçılarının növbəti Zirvə Toplantısı ərəfəsində əməkdaşlığın daha da genişləndirilməsinin təsdiqi kimi səciyyələndirilməlidir.

Anar MƏMMƏDOV, Milli Məclisin deputatı

25 Yanvar 2021 23:22 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə