Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət bayrağımızın Avropa Şurası sarayının önündə qaldırılmasından 20 il ötür

Bu dəqiqələrdə biz tarixi anlar yaşayırıq. Az sonra Azərbaycanın bayrağı Avropa Şurası sarayının önündə dalğalanacaqdır. Bu bayrağın rənglərindən birinin mənası müasirləşmək, yəni avropalılaşmaqdır. Xoşbəxtik ki, ha­mımızın ümumi səyləri ilə bayrağımız bir daha öz həqiqi mənasına qovuşur, öz həqiqi yerini tutur.

Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Avropa Şurasına üzv qəbul edilməsi ilə əlaqədar keçirilən təntənəli mərasimdəki çıxışından

Strasburq, 25 yanvar 2001-ci il


Zamanın olduqca sürətlə getdiyini deyənlər İbn Si­nadan belə bir cavab eşitmişdilər: “Zaman ömrü çətinliklərlə, zillətlə keçənlər üçün gec gedir, asan yaşayanlar isə onun sürətindən gileylənirlər”. Böyük loğmanın həmin tezisləri bizə də aiddir. Elə bu sətirlərin əvvəlində 20 illiyini qeyd etdiyimiz mühüm hadisə barədə söz açarkən, “elə bil ki, dünən, srağagün idi” deyə yazmaq istəyirdim.

Hər halda biz həmin cansı­xıcı prosesləri geridə qoyduq və Azərbaycan Bayrağının Avropa Şurası Parlament Assambleyasının mənzil-qərargahının qarşısında qaldırılmasına nail olduq. Bəri başdan deyək ki, bəzi bədxahlarımız və qaragüruhçu qüvvələr bizim həmin uğurumuza kölgə salmaq məqsədi ilə dəfələrlə deyiblər ki, nə olsun, Ermənistan da həmin quruma bizimlə eyni vaxtda qəbul edilib.

O olsun ki, Avropada və dün­yada baş alıb gedən ikili standart müəllifləri və eləcə də, əski qitəni bədxassəli şiş kimi bürümüş erməni lobbisi bizim AŞPA-ya üzv olma­ğımızı cidd-cəhdlə əngəlləməyə çalışırdılar. Çünki bilirdilər ki, rəsmi Bakı həmin qurumda təmsil olunarsa, ilk növbədə ölkəsinin ərazilərinin işğaldan azad edilməsi məsələsini qaldıracaq. Hamı bizim əleyhimizə olsa da, Heydər Əliyev həmin qüvvələrin hamısının istəyinə zidd olaraq, Azərbaycanın AŞPA-ya qəbul edilməsinə nail oldu. Üstəlik, oradakı çıxışında mükəmməl bir diplomatik jestə də imza atdı: “Biz ölkəmizin Avropa Şurasına qəbulunu yalnız indiyə qədər gördüyümüz işlərə, həyata keçirdiyimiz islahatla­ra verilən qiymət kimi deyil, həm də ölkəmizə və xalqımıza doğru uza­dılan dost əli kimi qiymətləndiririk və ona görə də bir sıra problemlərin vahid Avropa ailəsi daxilində həllini tapacağına inanırıq...”

Yəni, ey Avropa, mənim sənə yaxınlaşmağımın əsas səbəblərindən biri də yeganə prob­lemimin məhz vahid Avropa ailəsi daxilində həllini tapacağına inanma­ğımdır. Ulu öndər 2001-ci il yanva­rın 25-də Strasburqdakı çıxışında ölkəmizin xarici siyasətinin Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həllinə nail olmaqla yanaşı, daha üç strateji aspektini böyük us­talıqla onu dinləyənlərə çatdırmışdı. Birincisi, dövlətin xarici siyasətinin təməlində mədəniyyəttutumlu suverenliyin təmin edilməsi durur. İkincisi, qarşıda duran başlıca vəzifələr Azərbaycanın Avropaya, Qərb mədəniyyətinə, ümumbəşəri dəyərlərə əsaslanan cəmiyyət quruculuğu müstəvisində müəyyən edilir. Nəhayət, üçüncüsü, bu vəzifələrin həyata keçirilməsi mexa­nizmi Azərbaycanın geomədəni bir məkan kimi Şərqlə Qərbin sintezini təmin etməsi, iki qitə, iki sivilizasiya arasında körpü rolunu oynaması əsasında konkret məzmun alır. Bu isə Azərbaycanın daha möhtəşəm sabahı üçün düşünülmüş addımlar idi.

Prezident Kitabxanasının elektron resurslarında oxuyuruq ki, Azərbaycan Prezidenti Heydər Əliyev 25 yanvar 2001-ci ildə Stras­burqda Avropa Şurası Parlament Assambleyasında (yəni, bayraq qaldırılması mərasimindən sonra – İ.M.) özünün tarixi çıxışını etdi. Həmin nitqində Heydər Əliyev bu qurumla ölkəmiz arasındakı qarşılıq­lı münasibətlərin əsas istiqamətlərini müəyyənləşdirdi. Təbii ki, bu çıxışda qeyd edilən məsələlər AŞPA-da fəaliyyət göstərəcək Azərbaycan nümayəndə heyəti üçün ölkənin xa­rici siyasətinin tərkib hissəsini təşkil edən bir proqram idi.

Həmin proqramın əsas məqsədləri Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqla, Ermənistanın işğalçı siyasətini ifşa etmək, azərbaycanlılara qarşı ermənilərin həyata keçirdiyi soyqı­rımı və torpaqlarımızın 20 faizinin işğal edildiyi faktını tanıtdırmaq, hüquqları pozulmuş köçkünlərimizin ağrılı-acılı həyatını anlatmaq, ölkəni cəlb olunduğu regional münaqişədən onun ərazi bütövlü­yünü saxlamaq şərti ilə dinc yolla xilas etmək, demokratik, hüquqi dövlət quruculuğu işini davam etdirmək, qazanılmış müstəqilliyin təsdiqi, möhkəmləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Avropa dəyərlərini mənimsəyərək bu birliyə inteqrasiya etmək, eləcə də öz məqsəd və məramları haqqında məlumat vermək üçün Avropa Şurasının ali prinsipindən istifadə etmək idi.

Bəs nə oldu? Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Əliyev ulu öndərin həmin tezislərini cəmi üç ay sonra – qurumun aprel sessiyasında AŞPA tribunasından dilə gətirdi: “Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması ilə nəinki bir milyon azərbaycanlı qaçqın evsiz-eşiksiz qalıb, çox­saylı şəhərlərimiz, kəndlərimiz, mədəniyyət abidələrimiz, əcdadlarımızın qəbirləri büsbütün dağıdılıb, bir sözlə, erməni işğalçı­larının zəbt etdikləri ərazidə bütün infrastruktur məhv edilib, həm də ermənilərin işğal etdikləri ərazidə mütəşəkkil cinayətkarlığın inkişafı üçün çox əlverişli şərait yaranmış­dır. “Dağlıq Qarabağ respublikası” deyilən ərazidən narkotik bitkilərin yetişdirilməsi və daşınması üçün istifadə edilir”.

Ekspertlərin fikrincə, Azərbaycan nümayəndə heyəti rəhbərinin bu qətiyyəti və prinsipiallığı hələ də dünya erməniliyinin qulaqlarında cingildəyir. Mənim fikrimcə isə, dün­ya ermənilərinin qulağında daha çox cingildəyən 44 günlük müharibədən qalan səslərdir.

Azərbaycanın bu quru­ma üzvlüyünə gedən yola nəzər salarkən xatırladaq ki, müstəqilliyimizin ilk illərində ağır daxili və xarici böhran yaşayan ölkəmiz bu beynəlxalq təşkilata tamhüquqlu üzv olmaq üçün çətin yol qət edib. Nəhayət, 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilir və 2001-ci il yanvarın 25-də ümummilli lider Heydər Əliyevin iştirakı ilə Strasburqda Azərbaycanın Avro­pa Şurasına üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirilir. Məhz həmin dövrdən qurumun binasının qarşısında dövlətimizin bayrağı dalğalanır.

Azərbaycan Respublikası Avro­pa Şurasına üzv olduqdan sonra ilk dəfə 2014-cü il mayın 14-dən altı aylıq dövr üçün təşkilatın Nazirlər Komitəsində sədrlik edib.Yəni cənab İlham Əliyev həmin tribunadan artıq dövlət başçısı kimi çıxış edib. Sədrlik dövründə ölkəmiz Avropa Şurasının fəaliyyətinin əsas sütun­larını təşkil edən insan hüquqları, qanunun aliliyi və demokratiyanın daha da inkişafı istiqamətində mühüm səylər göstərib, bu xüsusda qurumun üzv ölkələri və müxtəlif təsisatları ilə qarşılıqlı anlaşma şəraitində çalışıb.

Dövlətimizin bu quruma sədrliyinin prioritetləri Avropa Şurasının gündəliyində duran aktual məsələlər, üzv dövlətlərin üzləşdikləri təhdidlər, ölkəmizin müsbət təcrübəsi və fərqli üstünlükləri nəzərə alınmaqla, korrupsiyaya qarşı mübarizə, mədəniyyətlər və dinlərarası dialoq, sosial həmrəylik və sosi­al davamlılıq, gənclərin hüquqi maarifləndirilməsi kimi sahələri əhatə edirdi. Azərbaycanda 20-dən çox mühüm beynəlxalq tədbir keçirilməsi isə heç də təsadüfi deyil və həmin prioritetlərin dəstəklənməsi məqsədi daşıyır ki, bu da Azərbaycanın uğurudur.

Ölkəmizin qurum qarşısın­da götürdüyü öhdəliklərin yerinə yetirilməsinin nəzərdən keçirilməsi məqsədilə AŞPA-nın monitorinq komitəsinin respublikamız üzrə həmməruzəçilərinin mütəmadi olaraq Bakıya səfərləri təşkil edilib. Xüsusilə vurğulamalıyıq ki, hər dəfə hazırlanmış məruzələrdə Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi yüksək qiymətləndirilib. Həmin məruzələrdə, eyni zamanda, ölkəmizin demokra­tiya sahəsində mühüm inkişafa nail olduğu xüsusilə qeyd edilib. Bundan başqa ölkəmiz, Avropa Şurasına üzv olduğu müddətdə qurumun bir sıra önəmli sahələri əhatə edən sənədlərinin hazırlanmasının və qəbulunun da iştirakçısı olub.

Beynəlxalq ekspertlərin fikrincə, ayrı-ayrı konkret məqamları istisna etsək, bu gün Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlıq yüksək səviyyədədir və qurum tərəfindən bu əməkdaşlıq yüksək qiymətləndirilir. Çünki, ölkəmiz bu quruma üzv olduğu vaxtdan indiyədək demokra­tiyanın inkişafı, insan haqlarının və azadlıqlarının qorunması, vətəndaş cəmiyyətinin qurulması yolunda böyük uğurlar qazanıb və bu qurum tərəfindən də təsdiq olunub. Rəsmi sənədlərdə göstərilir ki, Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv seçildikdən sonra bu qurum­la əlaqələrin genişləndirilməsi istiqamətində önəmli addımlar atılıb. Heç də təsadüfi deyil ki, 2003-cü il yanvarın 27-də AŞPA Bürosunun iclasında Azərbaycan Respublika­sının Assambleyadakı nümayəndə heyətinin rəhbəri İlham Əliyev Büronun üzvü və AŞPA-nın vitse-prezidenti seçilib.

Beləliklə, bu gün biz Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına qəbul edilməsinin 20 illiyini yada salırıq. Fəxrlə yada salırıq ki, həmin tarixi günün ildönümü ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin on illər boyu apardıqları siyasi diplomatik mübaizənin möhtəşəm nəticəsi olan Şanlı Qələbəmizin sevinci ilə üst-üstə düşür. Uğurların davam etsin, Azərbaycan!

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

25 Yanvar 2021 23:21 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə