Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məhəmməd Cavad Zərif: Ərazilərin işğalına son qoyulması bölgədə sülh, əmin-amanlıq və əməkdaşlıq üçün yaxşı fürsət yaradır

Yanvarın 25-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Bakıda işgüzar səfərdə olan İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən AZƏRTAC-a bildiriblər ki, hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə ikitərəfli əməkdaşlıq gündəliyi, habelə regional məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Nazir Ceyhun Bayramov ölkələrimiz arasında mövcud olan tarixi, mədəni, dini bağların ikitərəfli əməkdaşlıq münasibətlərinin əsasını təşkil et­diyini vurğulayıb. İranın hər zaman Azərbaycanın suverenliyi və ərazi bütöv­lüyünü, sərhədlərinin toxunulmazlığını dəstəklədiyi, xüsusilə 44 günlük Vətən müharibəsi zamanı İran İslam Respubli­kasının bütün səviyyələrdə, o cümlədən, insanlar tərəfindən nümayiş etdirilən dəstəyinin Azərbaycan xalqı tərəfindən yüksək dəyərləndirildiyi qeyd olunub. Nazir Ceyhun Bayramov ölkələrimiz arasında münasibətlərin sıx olduğunu, hətta mövcud pandemiya şəraitində təmasların intensiv şəkildə davam etdirildiyini söyləyib.

Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən nazir Məhəmməd Cavad Zərif onilliklər sonra Azərbaycanın ərazilərini işğaldan azad etdiyi bir vaxtda Bakıda səfərdə olmaqdan məmnunluğunu ifadə edib. Ərazilərin işğalına son qoyul­masının bölgədə sülh, əmin-amanlıq və əməkdaşlıq üçün yaxşı fürsət yaratdığı və bu fürsətdən istifadə etmənin vacibliyi qeyd edilib. Azərbaycan Respublikasının Prezidenti ilə görüşə məmnunluqla istinad edən nazir Məhəmməd Cavad Zərif iki dövlətin rəhbərləri arasında çox fayda­lı münasibətlərin olduğunu vurğulayıb. İkitərəfli münasibətlərin inkişafı üçün heç bir məhdudiyyətin olmadığı, iqtisadiyyat, energetika, ticarət, kənd təsərrüfatı və digər sahələrdə mövcud əməkdaşlığın xalqların mənafeyinə uyğun olduğu diqqətə çatdırılıb.

Nazirlər bölgədə mövcud olan cari vəziyyəti, 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər. Bölgədə yeni əməkdaşlıq imkanlarının açıldığı qeyd olunub, o cümlədən, Şimal- Cənub və Cənub-Qərb nəqliyyat və tranzit dəhlizlərinin inkişaf perspektivləri xüsusi vurğulanıb.

İqtisadiyyat, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Ko­missiyanın fəaliyyəti, xüsusilə Tehranda ke­çirilmiş sonuncu iclasın uğurlu nəticələrinə istinad olunaraq, bu istiqamətdə fəaliyyətin iki qonşu ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə xidmət etdiyi bildirilib.

Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də üçtərəfli və dördtərəfli regional əməkdaşlıq for­matlarında təmasların davam etdirilməsi mövzuları üzrə fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin qarşılıqlı maraq do­ğuran digər məsələləri müzakirə ediblər.

25 Yanvar 2021 23:18 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə