Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Anlaşma memorandumunun imzalanması neft-qaz sənayesinin inkişafına təkan verəcək

“Aşqabadda imzalanan “Azərbaycan və Türkmənistan hökumətləri arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resursla­rının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” yerli və beynəlxalq gündəmdə özünəməxsus yer qa­zanıb. Bu, bir tarixi hadisədir. Əlbəttə, gündəmə çıxan bu tarixi hadisə bütün maraqlı tərəflər üçün eyni təsirə malik deyil: məmnunlar olduğu kimi məyuslar da var. Bu işbirliyindən yararlanmaq istəyənlər də, mane olmaq istəyənlər də ola bilər. Yəni danışıqların aparıldığı mövzunun, məsələnin faktik və hüquqi tərəfinin təsviri formasında tərtib olun­muş bir sənəd imzalanıb. Bu sənəd mövzu üzrə münasibətləri inkişaf etdirmək məqsədinə xidmət edir”. Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ölkəmizin Türkmənistan hökuməti ilə bağladığı anlaşma memorandumu ilə bağlı fikirlərinə münasibət bildirərkən dedi. Komitə sədri daha sonra fikirlərinə davam edərək bildirdi:

– Xəzərin öz hekayəsi var, Azərbaycanın neft-qaz sənayesi öz hekayəsinə malikdir. Ölkəmizdə neft sənayesinin tərəqqisi ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi XX əsrin 70-ci illərində Xəzər dənizində yeni yataqların kəşf olunması, ölkəmizin neft emalı, neft-kimya sənayesinin yenidən qurulmasında, çağdaşlaşdırılmasında dönüş mərhələsi kimi dəyərləndirilə bilər.

Yetmişinci illərdə Heydər Əliyevin təşəbbüsü ilə respublikaya dəniz yataq­larının işlənilməsi üçün yeni avadanlıq, o cümlədən qazma qurğuları, 2 500 ton yük qaldıra bilən kran gəmisi, geofi­ziki kəşfiyyat işləri aparan, həmçinin borudüzən gəmilər və başqa texniki vasitələr gətirilib.

“XəzərDənizNeftQaz” Ümumittifaq Sənaye Birliyi 70-ci illərdə yaranıb. Keçmiş SSRİ-nin Neft Sənayesi Nazir­liyi Xəzərin bütün sektorlarında geoloji - kəşfiyyat, qazma, işlənmə, istismar və digər işlərin aparılmasını respublika­mızın neftçilərinə həvalə edib. Dənizin 200 metr dərinliyindəki sahələrdə işləməyə imkan verən qurğuların alın­ması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft-qaz yataqlarının kəşf olunmasına imkan yaranıb; bununla “Bulla-dəniz” yatağının işlənilməsinə başlanıb (1975), eləcə də, “Günəşli” (1979), “Çıraq” (1985), “Azəri” (1988), “Kəpəz” (1989) yataqları aşkar edilib”.

Azərbaycanın sovet dönəmində olduğu kimi, müstəqillik illərində də, birmənalı olaraq, Xəzərdə dialoq, an­laşma, işbirliyi, sabitlik mühitinin yara­dılmasında maraqlı olduğunu xatırladan Qənirə Paşayeva dedi:

– 20 sentyabr 1994-cü ildə Bakıda Heydər Əliyevin şah əsərlərindən olan “Əsrin müqaviləsi”nin – Xəzər dənizində neft yataqlarının işlənilməsi, hasilatın pay bölgüsü haqqında müqavilələrin imzalanmasına nail olunub. Xəzərin mi­neral sərvətlərindən yararlanmaq üçün dünyanın aparcı neft şirkətlərinin, xarici yatırımçıların cəlb edilməsi üzrə önəmli siyasi-iqtisadi addım olub, bu yöndə ilk dəfə olaraq Xəzər dənizində beynəlxalq işbirliyinə yol açılıb.

Respublikamız Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün ilk təşəbbüs göstərən ölkələrdən biridir. Bu səylər Xəzər dənizində bölgü məsələləri üzrə bütün sahilyanı ölkələrin mövqelərinin yaxınlaşdırılmasına və ümumi razılığın əldə edilməsinə xidmət edib.

2001-ci il noyabrın 29-da “Azərbaycan və Qazaxıstan respubli­kaları arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında”, 23 sentyabr 2002-ci ildə “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında” və 14 may 2003-cü ildə “Azərbaycan Respublikası, Qaza­xıstan Respublikası və Rusiya Federa­siyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölgü xətlərinin kəsişmə nöqtəsi haqqında” sazişlərin imzalanmasına nail olunub.

Nəhayət, Xəzəryanı dövlətlər arasın­da qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində “Xəzər dənizinin hüquqi statusu haqqında” Kon­vensiya imzalanıb (12 avqust 2018-ci il). Yəni Xəzər dənizinin huquqi statusu üzrə ümumi razılaşmanın əldə edilməsi, Azərbaycanın Xəzər dənizi üzrə sərgilədiyi strategiyanın məqsədyönlü və əsaslı olduğunu bir daha göstərir.

Bizim “Kəpəz”, türkmən qardaşları­mızın isə “Sərdar” adlandırdığı, zəngin neft-qaz ehtiyatlarının olduğu bilinən ya­taq iki ölkənin dəniz sərhədində yerləşir. Həmin yataq sovet dönəmində bizim neftçilər tərəfindən, dənizin 4 kilometr dərinliyindəki layda kəşf olunub və ilk kəşfiyyat quyusu orada 1989-cu ildə qazılıb.

Keçmiş adı ilə “Kəpəz”, yaxud, türkmən qardaşlarımıza görə “Sərdar” artıq yeni ad, yeni status, yeni imkanlarla tanınır: Bu tanınmanın adı “Dostluq”. “Dostluq” olanadək – uzun illər ərzində yatağın işlənməsi mümkün olmayıb.

Prezident İlham Əliyev Türkmənistana üç dəfə (28-29 noyabr 2008-ci il, 21-22 noyabr 2018-ci il, 10 oktyabr 2019-cu il), Prezident Qurban­qulu Berdiməhəmmədov Azərbaycana 6 dəfə (19-20 may 2008-ci il, 18 noyabr 2010-cu il, 12 iyun 2015-ci il, 08-09 avqust 2017-ci il, 25 oktyabr 2019-cu il, 11 mart 2020-ci il) səfər edib.

Aydın görünür ki, Xəzər dənizinin orta xətt koordinatları üzrə iki qardaş respublika arasında, dövlət başçıları səviyyəsində ardıcıl təmaslar, qarşılıqlı səfərlər bütün məsələlərin qarşılıqlı olaraq qənaətbəxş səviyyədə həlli üçün zəmanətli ortam yaradıb.

Qənirə Paşayeva Azərbaycanla Türkmənistan arasında yüksək səviyyədə əldə olunmuş razılaşmaya əsasən 21 yanvar 2021-ci il tarixində im­zalanan memorandumla bağlı fikirlərini belə yekunlaşdırdı:

– Memorandumun imzalanması bir tarixi hadisədir, bu, ölkəmizin neft-qaz strategiyasının inkişafında böyük önəmə malikdir;

– “Dostluq”dan hasil olunacaq neft-qaz respublikamızın mükəmməl, çoxfunksiyalı infrastrukturu və ixrac kəmərləri ilə daşınacaq;

– neft-qaz ixracatçısı olan respublika­mızın həm də tranzit ölkə kimi önəmini artıracaq;

– sənədin imzalanması Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində işbirliyinin yeni mərhələyə qaldırılmasın­da çox önəmli addımdır;

– sənəd, həmçinin Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun, işbirliyi­nin möhkəmləndirilməsinə xidmət edir;

– bu layihənin çox böyük beynəlxalq və regional önəmi var;

– memorandumun imzalanması Xəzər dənizində bütün məsələlərin məhz dialoq, işbirliyi ortamında həll oluna biləcəyini bir daha sübut edir;

– memorandum Xəzər regionun­da enerji, nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə və xarici yatırımçıların bu layihələrə cəlb edilməsinə, habelə Azərbaycanın nəqliyyat-tranzit potensialının möhkəmlənməsnə yeni imkanlar yaradır.

Hazırladı:Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

25 Yanvar 2021 23:14 - İQTİSADİYYAT
İQTİSADİYYAT
27 Fevral 2021 | 11:59
Azərbaycan nefti bahalaşıb
27 Fevral 2021 | 10:49
Azərbaycan nefti ucuzlaşıb
25 Fevral 2021 | 09:39
Qazın ucuzlaşması davam edir
25 Fevral 2021 | 09:35
AMB-nin valyuta məzənnələri

Köhnə versiyamızdan xəbərləri izlə