Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın inkişafında yeni mərhələ başlayır

Biz düzgün yoldayıq. Bütün çətinliklərə baxmaya­raq, işğala baxmayaraq, 1 milyon qaçqının olmasına baxmayaraq, biz bu nailiyyətləri əldə etmişik. İndi torpaqlar azad edilib, indi böyük qayıdış başlanma­lıdır, böyük inkişaf prosesləri başlanmalıdır. Ona görə, əlbəttə, biz bütün bu işləri daha da fəal, daha da məqsədyönlü şəkildə aparmalıyıq ki, Azərbaycanın imkanlarını genişləndirək və ölkəmizin inkişaf dinami­kasını artıraq.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycan tarixində 2020-ci il möhtəşəm uğurla yadda qaldı, Silahlı Qüvvələrimiz 44 gün ərzində düşmənə sarsıdıcı zərbələr endirərək, parlaq qələbə qazandı, torpaqlarımızı yağı tapdağından azad etdi. Bu məğlubiyyət nəticəsində işğalçı Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı və üç rayonumuz bir güllə belə atılmadan, bir şəhid belə verilmədən siyasi yolla geri qaytarıldı. Beləliklə, Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu.

Uzun illər ərzində beynəlxalq vasitəçilər, demək olar ki, bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən münaqişənin hərbi həllinin mövcud olmadığı vur­ğulanırdı. Amma belə halda da problem sülh yolu ilə həll olun­murdu. Bununla bağlı Prezident İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunan videoformatda keçirilən müşavirədə deyib: “Müharibə dövründə mən dəfələrlə Azərbaycan xalqına müraciət edərək və xarici kütləvi informa­siya vasitələrinə müsahibələr verərək deyirdim ki, Ermənistan tərəfi bizə tarix versin, onlar nə vaxt bizim torpaqlarımızdan öz silahlı qüvvələrini geri çəkirlər və biz dayanırıq. Əks təqdirdə, axıra qədər gedəcəyik və bunu etdik. Beləliklə, şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımı­zın güclü əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi, göstərdi ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Mən dəfələrlə demiş­dim ki, əgər bu məsələ sülh yolu ilə öz həllini tapmasa, biz bu məsələni hərbi yolla həll edəcəyik və belə də oldu – hərbi yolla. Ondan sonra məsələ siyasi yolla həll olundu və tarixi ədalət bərpa edildi”.

Vətən müharibəsində şanlı qələbə əldə etməyimiz təsadüfi olmayıb. Əvvəla Azərbaycan öz tarixi ərazisində, əzəli torpağın­da müharibə aparıb. Bu haqq savaşında ölkəmiz, eyni zaman­da, tarixdə heç vaxt bu qədər güclü olmadığını sübuta yetirib. Siyasi, iqtisadi, hərbi gücünü nümayiş etdirib, xalq-iqtidar-ordu birliyini bütün dünyaya göstərib.

Bəli, Azərbaycan bu gücdən istifadə edərək qarşıda duran əsas vəzifəni–torpaqlarımızı işğalçıdan təmizləmək missi­siyasını şərəflə yerinə yetirdi. Ermənistan ordusu 44 gün ərzində darmadağın edildi. Vətən müharibəsindən sonra müşahidə olunan mənzərə də artıq Ermənistan silahlı qüvvələrinin faktiki olaraq tam dağıdıldığını göstərdi.

Beləliklə, Silahlı Qüvvələrimizin güc-qüdrəti ilə Cəbrayıl, Füzuli, Zəngilan, Qu­badlı rayonları, keçmiş Hadrut rayonu, Xocavənd rayonunun böyük hissəsi, Suqovuşan qəsəbəsi, Murovdağ silsiləsi və Şuşa şəhəri azad olundu. Bütövlükdə 300-dən çox ya­şayış məntəqəsi hərbi yolla işğalçılardan təmizləndi. Bunun nəticəsində Ermənistan faktiki olaraq diz çökdü, məcbur olub noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Bununla da yuxarıda qeyd etdiyimiz kimi, Ağ­dam, Laçın və Kəlbəcər rayon­ları bir güllə atılmadan, bir şəhid verilmədən geri qaytarıldı.

Bu müharibə erməni vəhşiliyini bütün dünyaya nümayiş etdirdi. Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxın müddətdə işğal altında saxla­dığı Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı rayonlar şanlı Azərbaycan Ordusu tərəfindən qarış-qarış yağılar­dan təmizləndikcə xalqımıza məxsus tarix və mədəniyyət abidələrinin vandalizmə məruz qaldığı, yerlə-yeksan edildiyi, bir qisminə isə toxunulmadığı, sax­talaşdırılaraq erməniləşdirildiyi aşkarlandı. Düşmənin ən çox dağıtdığı mədəni irs nümunələri sırasında isə İslam dini abidələri – məscidlər, türbələr və digər inanc yerləri daha çox diqqət çəkdi.

Dövlətimizin başçısı 2020-ci ilin yekunlarına həsr olu­nan videoformatda keçirilən müşavirədə erməni barbarlığı barədə deyib: “Baxmayaraq ki, işğal edilmiş bütün torpaqlar­da vandalizm aktları törədildi, bizim bütün tarixi abidələrimiz, məscidlərimiz dağıdıldı və ya təhqir edildi, bütün yaşayış bina­larımız dağıdıldı, Ağdam, Füzuli şəhərləri yoxdur, kəndlər yoxdur, Cəbrayıl, Qubadlı, Zəngilan şəhərlərində tək-tük bina qalıb, orada da Ermənistan hərbçiləri yerləşmişdilər. Kəlbəcər və Laçın rayonlarında daha çox qanunsuz məskunlaşma aparıl­mışdır. Ancaq Ermənistana o ra­yonlardan çıxmaq üçün vaxt ve­rildiyi müddət ərzində onlar oranı da dağıtmışlar, bütün dünyaya öz vəhşiliklərini göstərmişlər. Bütün dünyanın gözü qarşısında evləri yandırıb, meşələri kəsib, qırıb, yandırıb, vandalizm aktları törətmişlər. Bütün dünya gördü ki, biz kiminlə üz-üzə idik. Bu vəhşiliyin, bu qəddarlığın bəlkə də tarixdə analoqu yoxdur. Heç İkinci Dünya müharibəsində işğalçı qüvvələr bu qədər qəddarlıq törətməmişlər. On­lar hesab edirdilər ki, biz bu bölgələrə qayıtmayacağıq, amma biz qayıtmışıq və qayıdı­rıq. Bu gün biz Böyük Qayıdış haqqında danışacağıq”.

Erməni vandalizmini unut­maq, yaddan çıxarmaq müm­kün deyil. Prezident İlham Əliyev yanvarın 19-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası­nın Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edərkən bildirib ki, işğalçının barbarlığının həddi-hüdudu yoxdur. Düşmən kənd və şəhərlərimizi, maddi-mədəni abidələrimizi tamamilə dağıdıb: “Bu, barbarlıqdır, bu, mədəni soyqırımıdır və buna heç cür haqq qazandırmaq olmaz. Müharibə qurtarıb, Azərbaycan qələbə qazanıb. Lakin biz bunu heç vaxt unutmayacağıq və heç vaxt unutmamalıyıq. Buna görə, mənim göstərişimə əsasən bütün şəhərlərimiz, kəndlərimiz bərpa ediləndə biz yəqin ki, hər şəhərdə bir məhəlləni, ola bilsin, böyük bir ərazini işğalçı­lardan sonra qalmış vəziyyətdə saxlayacağıq ki, Azərbaycan xalqı bunu heç vaxt unutmasın, gələcək nəsillər yadda saxlasın­lar ki, biz öz torpağımızı qoru­malıyıq və yalnız öz gücümüzə güvənməliyik. Əlbəttə, biz işğal edilmiş ərazilərdə dağıdılanların hamısını bərpa edəcəyik, bərpa prosesi başlanıb. Fikrimcə, bizim atdığımız ilk addımların nəticələri lap yaxın vaxtlar­da görünəcək. Böyük qayıdış proqramı hazırlanır. Zənnimcə, lap yaxın vaxtlarda biz hamımız dirçəldilmiş şəhərləri görəcəyik”.

Prezident İlham Əliyevin işğaldan azad edilən şəhər və rayonlarımıza səfərləri çərçivəsində bərpa ilə bağ­lı qarşıya qoyulan vəzifələr, eyni zamanda, səfərdən sonra həmin ərazilərdə bərpa işlərinin aparılması ilə bağlı imzala­nan sənədlər də bu torpaqla­rın qısa müddətdə gülüstana çevriləcəyindən, yeni regional inkişaf proqramlarının icrasına başlanılacağından xəbər verir.

Bu günlərdə dövlətimizin başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Azərbaycanın işğaldan azad edilmiş mədəniyyət paytax­tı Şuşa şəhərinə səfərləri də yeni həyatın başlanmasını təsdiqləyən bir sıra mühüm məqamlarla yadda qaldı. Fü­zuli-Şuşa avtomobil yolunun və Füzuli rayonu ərazisində beynəlxalq hava limanının təməlinin qoyulması deyilənlərin təsdiqidir. Füzuli-Şuşa avto­mobil yolu müasir standartla­ra cavab verən dördzolaqlı, bəzi hissələrdə isə altızolaqlı olmaqla bölgənin nəqliyyat-kommunikasiya infrastruktu­runun formalaşdırılmasında strateji əhəmiyyət daşıyacaq. Belə ki, Füzuli-Şuşa yolunun yeni işlənmiş layihəsinə körpü və tunellərin inşası daxildir. Yəni, çətin relyefə malik olan ərazilərdə dolama yolların yerinə körpü və tunellərin tikintisi nəzərdə tutulur. Yeni yol Füzuli aeroportu ilə əlaqələndiriləcək və bu magist­raldan İsa bulağına yeni yol çəkiləcək. Qarabağın döyünən ürəyi kimi dəyərləndirilən Şu­şanın əvvəlki gözəlliyi daha da yeniləşdirilmiş şəkildə özünə qaytarılacaq.

Azərbaycan Prezidentin tapşırığı ilə hazırda sosial-iq­tisadi, humanitar, hüquqi və digər məsələlər üzrə yaradılan işçi qrupları, hazırlanan Stra­teji Fəaliyyət Planı əsasında nəzərdə tutulan işlər bütün istiqamətlər üzrə planlı və komp­leks yanaşma əsasında reallaş­dırılır.

Dövlətimizin başçısının tapşırığı ilə bu işlərin sürətli icrası məqsədilə Əlaqələndirmə Qərargahı yaradılıb və bütün aidiyyəti dövlət strukturları Qa­rabağın bərpası tədbirlərinə cəlb olunub.

Bunlarla bərabər dövlətimizin başçısının təşəbbüsü ilə Qara­bağın dirçəldilməsi prosesinə töhfə vermək məqsədilə Qara­bağ Dirçəliş Fondunun yaradıl­ması da xalqımız və dövlətimiz üçün mühüm tarixi hadisədir.

Ermənilər tərəfindən bar­barcasına dağıdılan ərazilərdə dayanıqlı məskunlaşmanın re­allaşdırılması, müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, bir sözlə, Qarabağın dirçəldilməsi prosesinə töhfə vermək məqsədilə dövlətimizin başçı­sının 2021-ci il 4 yanvar tarixli fərmanı əsasında yaradılan Qarabağ Dirçəliş Fondu müva­fiq layihələrə maliyyə dəstəyi göstərəcək, sərmayələrin cəlb edilməsi, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi, habelə ölkə daxilində, eləcə də ölkə xaricində zəruri təşviqat işlərinin həyata keçirilməsi tədbirlərini publik hüquqi şəxs kimi gerçəkləşdirəcək.

Fərmana əsasən, ölkə daxilində və xaricdə zəruri təşviqat işlərini həyata keçirəcək Qarabağ Dirçəliş Fondu­nun vəsaitləri fiziki və hüquqi şəxslərin ianələri, qrantlar və qa­nunla qadağan olunmayan digər mənbələr hesabına formalaşa­caq. Bu mənada, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması istiqamətində hər bir şəxsin göstərəcəyi dəstək tarixi qələbəmizə, qüdrətli və güclü Azərbaycan naminə milli birlik ideyasına, suveren və təhlükəsiz yaşamaq məqsədinə mühüm töhfə olacaq.

Yeri gəlmişkən, Qarabağ torpağı abadlaşdırılandan sonra turizm sektoru da inkişaf edəcək. Eyni zamanda, bu ərazilərin iqtisadi potensialı Azərbaycanın inkişafına davamlı töhfələr verməklə yanaşı, dünyanın diqqətini özünə cəlb edəcək. İqti­sadiyyatın şaxələndirilməsi daha da sürətlənəcək, Azərbaycan həmişə olduğu kimi, gələcəkdə də ortaya çıxan hər bir çətinliyi iqtisadiyyatını düzgün əsaslar üzərində qurması nəticəsində aradan qaldıracaq.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

25 Yanvar 2021 23:13 - SİYASƏT
SİYASƏT
28 Fevral 2021 | 02:12
Qələm dostumuzun xatirəsinə
28 Fevral 2021 | 01:22
Sərsəm xülyaların iflası

Köhnə versiyamızdan xəbərləri izlə