Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İdarəetmənin və biznes modelinin təkmilləşdirilməsi zamanın çağırışıdır

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” 23 yanvar 2021-ci il tarixli Fərman imzalayıb.

Fərmanda bildirilir ki, Dövlət Neft Şirkəti yarandığı dövrdən böyük inkişaf yolu keçərək ölkənin sosial-iqtisadi tərəqqisində mühüm rol oynayıb. Belə ki, ümummilli lider Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində 1994-cü ildən başlayaraq həyata keçirilən uğurlu neft strategiyası Azərbaycan Res­publikasının beynəlxalq iqtisadiyyata inteq­rasiyasında və ölkəyə xarici investisiyaların cəlb edilməsində müstəsna rol oynamaqla yanaşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyətində mühüm dəyişikliklərlə müşayiət olunmuşdur. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən karbohid­rogen yataqlarının işlənilməsinə dair dün­yanın qabaqcıl neft şirkətləri ilə bağlanılmış “Əsrin müqaviləsi” respublikanın neft-qaz sənayesinin inkişafında yeni mərhələ olmuş­dur.

Xatırladaq ki, adı çəkilən müqavilə res­publikamızın iqtisadi suverenliyi baxımından mühüm önəm daşıyan ilk beynəlxalq neft anlaşması idi. Müqavilə bütövlükdə regionun enerji xəritəsini köklü şəkildə dəyişərək Xəzər dənizi hövzəsində əməkdaşlığa əlverişli zəmin yaratdı.

Bu enerji strategiyası ölkəmizin qısa vaxtda dünya iqtisadiyyatına inteq­rasiyası və beynəlxalq mövqelərinin güclənməsində müstəsna rol oynadı.

“Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (“Amoco”, BP, “McDermott”, “Unocal”, SOCAR, “LUKoil”, “Statoil”, “Exxon”, “Türkiye Petrolleri”, “Pennzoil”, “Itochu”, “Rem­co”, “Delta”) iştirak etdi. Bununla da müstəqil dövlətimizin neft strategiyası və doktrinasının əsası qoyuldu. Bu qlo­bal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji ma­raqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, dövlət müstəqilliyinin mühüm təminatına çevrildi.

Yeri gəlmişkən, ilk neft “Çıraq” ya­tağından 1997-ci il noyabrın 7-də əldə edilib. “Əsrin müqaviləsi” respublikada neft hasilatının böyük həcmdə artma­sına səbəb olub. 1994-cü ildə həmin müqavilə imzalanan vaxt Azərbaycanın tarixində ən aşağı səviyyədə – 9,5 mil­yon ton olan neft hasilatı 2010-cu ildə 5 dəfədən çox artaraq 51 milyon tona çatıb. Keçən il isə ölkədə 38,8 milyon ton neft hasil olunub. Son 26 ildə isə Azərbaycanın neft istehsalı 4 dəfədən çox yüksəlib.

Yeni neft strategiyasının gerçəkləşməsi ilə respublikamızın neft ehtiyatlarının istismarına böyük həcmdə xarici investisiya cəlb edilib. O vaxt­dan bəri “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının işlənməsinə təqribən 35 milyard dollar sərmayə qoyulub. “Əsrin müqaviləsi”ndən sonra xarici şirkətlər ilə daha 34 saziş imzalanıb.

Ötən illər ərzində sazişin icrası uğur­la reallaşdırılıb. Bu vaxtadək AÇG-dən hasil edilən 3,8 milyard barreldən çox neft dünya bazarına əsasən Bakı-Tbi­lisi-Ceyhan (BTC) və Qərb Marşrutu İxrac Boru Kəməri vasitəsilə daşınıb.

Onu da deyək ki, 1994-cü ildə müqavilə imzalananda təxmin edilən neft ehtiyatları 511 milyon ton müəyyənləşdirilmişdi. Hazırda isə AÇG-də hasil edilməyən, təxminən, 500 milyon ton neft ehtiyatı var. Lakin bu, hələ son rəqəm deyil. Yataqların ehtiyatının artması ehtimalı var və “Əsrin müqaviləsi”nin 2050-ci ilədək uzadılması ilə bağlı yeni sazişin icrası müddətində bu rəqəmin daha da arta­cağı proqnozlaşdırılır.

Respublikamız aparıcı xarici neft şirkətləri ilə ötən dövr ərzində uğur­lu əməkdaşlıq formatı reallaşdırıb. Tərəfdaşların təşəbbüsü ilə “Əsrin müqaviləsi”nin yenidən işlənməsi və sazişin müddətinin 2050-ci ilədək uza­dılması da bunun aydın təzahürüdür.

Burada bir məqamı da vurğulayaq ki, 2006-cı ildən başlayaraq enerji ixracı nəticəsində Azərbaycana daxil olan böyük maliyyə resursları sürətli iqtisadi tərəqqiyə, müasir sosial-iqtisadi və mədəni infrastrukturların yaradılmasına, respublika həyatının bütün sahələrinin yenilənməsinə, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektoru­nun dinamik inkişafına yönəldilib.

Neft strategiyasının uğurlu icrası nəticəsində əldə edilən vəsait hesabına regionlarda bütün köklü problemlər həll olunub, müasir infrastruktur formalaş­dırılıb, əhalinin məşğulluq səviyyəsi yüksəldilib.

Hazırda Azərbaycan Respubli­kasının Dövlət Neft Şirkəti neft-qaz hasilatı, nəqli və emalı ilə məşğul olan müəssisədən transmilli şirkətə çevrilərək, iştirakçısı olduğu beynəlxalq layihələrdə Azərbaycan Respublikasını uğurla təmsil edir, ölkənin iqtisadi po­tensialının güclənməsinə, sosial-iqtisadi tərəqqisinə, eləcə də milli maraqlarımı­zın həyata keçirilməsinə mühüm töhfə verir.

Qlobal iqtisadiyyatda, o cümlədən, xarici neft bazarında baş verən prosesləri və qeyri-müəyyənlikləri nəzərə alaraq, Azərbaycan Res­publikası Dövlət Neft Şirkətinin korporativ idarəetmə sisteminin və biznes modelinin təkmilləşdirilməsi yolu ilə onun beynəlxalq mühitdə rəqabətədavamlılığı, orta və uzunmüddətli perspektivdə maliyyə dayanıqlığı, idarəetmənin, habelə sərmayələrin effektivliyinin və aktivlərinin dəyərinin əhəmiyyətli dərəcədə artırılması əsas çağırışa çevrilib.

Sənədə əsasən, Dövlət Neft Şirkətinin (SOCAR) fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək, eyni zamanda, Azərbaycan Preziden­tinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr də daxil olmaqla, yeddi üzvdən ibarət qurumun Müşahidə Şura­sı yaradılıb.

Şura qarşısına qabaqcıl təcrübə və müasir idarəetmə tələbləri çərçivəsində Dövlət Neft Şirkətinin fəaliyyətində səmərəliliyi artırmaq, onun idarə edilməsini müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirmək kimi mühüm vəzifələr qoyulub.

Azərbaycan İnvestisiya Holdinqi (AİH) dövlət başçısı ilə razılaşdırmaqla SOCAR-ın nizamnaməsinin və struk­turunun, illik hesabatların, maliyyə hesabatlarının, mənfəətinin, habelə zərərinin bölüşdürülməsinin, dividend siyasətinin təsdiqi, nizamnamə kapita­lının miqdarının müəyyənləşdirilməsini gerçəkləşdirəcək. Bütün bunlarla bərabər, AİH qiymətli kağızlarının bu­raxılması, SOCAR-ın xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan xüsusi əhəmiyyətli əqdin, eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri SOCAR-ın aktivlərinin 5 faizini, eləcə də daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbulunu da həyata keçirəcək.

SOCAR-ın Müşahidə Şurasına şirkətin uzunmüddətli inkişaf strategiya­sını, xərclər və gəlirlər smetasını təsdiq etmək, onun icrasına nəzarəti həyata keçirmək və digər səlahiyyətlər verilib.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin müvafiq sərəncam ilə Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibi də təsdiq edilib. İqtisadiyyat naziri Mikayıl Cabbarov şuranın sədri təyin olunub.

V.BAYRAMOV, “Xalq qəzeti”

25 Yanvar 2021 23:09 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə