Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2021-ci ilin fevral ayında dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin bani­si, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadənin) anadan olma­sının 100 illiyi tamam olur.

Lütfi Zadə fundamental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklərə yol açmış görkəmli şəxsiyyətlərdəndir. Alimin ardıcıl tədqiqatlarının nəticəsi olaraq irəli sürdüyü qeyri-səlis məntiq nəzəriyyəsi müxtəlif elm sahələrinin müasir mərhələdə inkişafında dərin iz qoymuş və yeni yanaşma üsulları meydana gətirmişdir. Bu nəzəriyyə üs­tün intellektual texnologiyalara güclü təsir göstərmiş, müasir idarəetmə və informasiya-kommunikasiya sistemlərinin əsaslarının for­malaşdırılmasında mühüm rol oynamışdır.

Lütfi Zadə dünya miqyasında əsərlərinə ən çox istinad olunan alimlərdəndir. Onun yaratdığı elmi məktəb və laboratoriyalar bir sıra ölkələrdə yarım əsrdən artıqdır ki, uğur­la fəaliyyət göstərməkdədir. Azərbaycanlı olduğunu fəxrlə bildirən və ürəyi daim doğma Vətəni ilə bir döyünən Lütfi Zadə elm və texnologiyaların inkişafında, eləcə də mədəniyyətlərarası dialoqun qurulma­sında misilsiz xidmətlərinə görə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Dostluq” ordeninə layiq görülmüşdür.

Azərbaycan Respublikası Konstitusi­yasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elm və texnologiyaların inkişafına misilsiz töhfələr vermiş məşhur alim Lütfi Zadənin anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyinə dair tədbirlər planı hazır­layıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 yanvar 2021-ci il

25 Yanvar 2021 23:07 - SƏRƏNCAMLAR
SƏRƏNCAMLAR

Köhnə versiyamızdan xəbərləri izlə