Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rafael Hüseynov: Ermənistan nümayəndə heyətinin üzvləri təxribatçı çıxışlarına son qoymalıdırlar

Bu gün tarixi gündür. Çünki bir il sürən üzücü fasilədən sonra yenidən Strasburqda birlikdəyik, bizim üçün doğma olan bu zalda toplaşmışıq. Bunun özündə artıq böyük bir ümid var ki, buz əriyir, Avropanı, dünyanı da narahat edən COVID-19 bəlasından qurtulacağımız zaman yaxınlaşır.

Bu günü şəxsən mənə və Azərbaycan nümayəndə heyəti üçün tarixiləşdirən, əlamətdar edən əsas cəhət düz 20 il əvvəl bugünkü gün burada baş verən hadisədir. 2001-ci il yanvarın 25-də Avropa Şurası binasının qarşısındakı bayraqlar sırasına Azərbaycanın da bayrağı qoşuldu, bu mötəbər təşkilatın bərabərhüquqlu üzvü olaraq biz indiyədək davam edən yolumuza başladıq.

 "Xalq qəzeti" xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov qurumun qış sessiyasında Büro və Daimi komitənin hesabatı ilə bağlı müzakirələrdə söyləyib.

Bildirilib ki, bugünkü Azərbaycan çox fərqlidir. O vaxt bizim bərpa olunmuş və çətinlikləri adlayaraq irəliləyən müstəqilliyimizin 9 yaşı var idi. Bu il isə biz artıq güclü, inkişaf etmiş, sabaha inamla irəliləyən dövlətimizin müstəqilliyinin 30-cu ilini bayram edəcəyik. Bu illər ərzində Azərbaycan hüquqi dövlət quruculuğu, ölkədə insan haqları və demokratik təsisatların bərqərar olması istiqamətində böyük nailiyyətlər əldə edib. Bu sahədə Avropa Şurası ailəsinin, burada birgə keçdiyimiz yolun əvəzsiz dərslərinin özünəməxsus payı var.

“2001-ci ildə nümayəndə heyətimizi Strasburqa yola düşəcəyimiz gün səhər qəbul edən Azərbaycan Prezidenti, müasir Azərbaycan dövlətinin qurucusu unudulmaz Heydər Əliyev bir vacib məqama toxundu. Diqqətə çatdırdı ki, artıq Avropa Şurasının üzvü olan yeni müstəqillik əldə etmiş dövlətlərdən birinin başçısı guya xeyirxahlıqla ona məsləhət verib. Deyib ki, Avropa Şurasına niyə bu qədər can atırsınız? Oraya üzv qəbul ediləcəksiniz, daimi təzyiqlər, tənqidlər ilə üzləşəcəksiniz.

Ulu öndər Heydər Əliyev dərhal cavab verir ki, bilirəm, bizim üçün asan olmayacaq, lakin biz demokratiya yolu tutmuş bir ölkəyik. Nə qədər çətin olsa belə, bu yolla addımlamaqdan usanmayacağıq”, - deyə F. Hüseynov söyləyib.

Diqqətə çatdırılıb ki, ötən 20 il ərzində burada haqlı, haqsız tənqidlərlə çox üzləşdik. Burada çoxlu dostlar da tapdıq, əqidəsi düzgün olmayanlarla, natəmiz niyyət güdənlərlə də rastlaşdıq, qərəzli münasibətlərin də şahidi olduq. Biz əvvəldən Avropa Şurasına bir demokratiya məktəbi kimi baxmışdıq. Ona görə də buradakı təcrübələrin pisindən də, yaxşısından da nəticə çıxardıq, nələrisə öyrənməyə səy göstərdik.

Azərbaycan 20 il əvvəl Avropa Şurasına gələndə ərazilərinin 20 faizi işğal edilmiş, 1 milyon qaçqını və köçkünü olan ölkə idi. Bu gün Azərbaycan buradan iftixarla bəyan edə bilər ki, torpaqlarını düşməndən azad etmiş qalib dövlətdir. Bu Qələbəni, iftixarı Azərbaycan illər boyu yığdığı təcrübələrin, ildən-ilə artan gücünün sayəsində, başqasının köməyi olmadan özü qazanıb. Avropa Şurasının, ATƏT-in, hətta BMT-nin də “Qordi düyünü” sandığı müşkül məsələni Azərbaycan özü həll edib. Bununla özünü də xilas edib, əslində, həm də beynəlxalq təşkilatların görməli olduğu bu işi yerinə yetirərək onların da üstündən ağır yükü götürüb.

Azərbaycan yeni ili ən ağır problemini həll edərək sabaha dərin inamla başlayır. Arzu edirəm ki, Avropa Şurasına da illərdən bəri yığılıb qalan problemlərindən qurtularaq yeni və daha uğurlu yolla addımlamaq nəsib olsun!

Sonda R.Hüseynov bildirib ki, onun bu çıxışı ondan əvvəl böhtan və yalanlarla dolu çıxış etmiş Ermənistanın nümayəndə heyətinin rəhbəri Ruben Rubinyana cavabdır. Ermənistan nümayəndə heyətinin üzvləri təxribatlarla dolu çıxışlara son qoymalıdırlar.

25 Yanvar 2021 19:40 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə