Ən son xəbərlər
Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda Türkiyə Gənc Sahibkarlar Konfederasiyası İdarə Heyətinin üzvləri ilə görüşdə ölkə iqtisadiyyatının dayanıqlı və keyfiyyətli inkişaf strukturuna nail olacağına əminliyini bildirib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Dövlət başçısı sonra deyib ki, ölkədə hərtərəfli iqtisadi islahatlar davam etdirilir. Davamlı iqtisadi artım Türkiyəni sürətlə dəyişən qlobal proseslərdə mühüm oyunçuya çevirəcək.
R.T.Ərdoğan ölkə iqtisadiyyatının vəziyyəti ilə bağlı bir sıra səciyyəvi rəqəmləri səsləndirib. Məsələn, ötən ilin yanvar-oktyabr aylarının göstəricilərinə görə, Türkiyənin dünya ixracında payı 1 faiz artaraq, ilk dəfə 1,3 faizə qədər yüksəlib.
Türkiyədə özəl sektorun inkişafı diqqət çəkir. 2020-ci ildə ağır pandemiya şəraitinə baxmayaraq, ölkədə yeni yaradılan şirkətlərin sayı 20 faizdən çox artıb. Hazırda Türkiyədə 101 mindən çox özəl şirkət fəaliyyət göstərir.
Əlamətdar haldır ki, Türkiyənin tikinti şirkətləri xaricdə uğurlu fəaliyyətlərini davam edirlər. Belə ki, qardaş ölkənin inşaat-podrat sektoru son 18 ildə dünyanın 128 ölkəsində 10 min 525 layihə icra edib.
2002-ci ildən bu vaxta qədər görülən inşaat işlərinin həcmi 418,7 milyard dollar təşkil etmişdir. Türk inşaatçıları xarici ölkələrdə bir-birindən gözəl evlər, bağça və məktəblər və başqa obyektlər ucaldıblar.
Yeri gəlmişkən, iki gün əvvəl Türkiyə Podratçılar Assosiasiyasının baş ofisində keçirilən görüşdə Xarici Ticarət naziri Ruhsar Pekcan demişdir: “Təkcə 2020-ci ildə ölkəmizin tikinti şirkətləri xaricdə 14,4 milyard dollar həcmində inşaat işləri görüblər. Onun sözlərinə görə, inşaat sektoru sayəsində ölkənin xaricdə işgüzar imici yüksəlib.
Qeyd edək ki, Türkiyə inşaatçıları əsasən MDB və Yaxın Şərq ölkələrində, eləcə də Şimali Afrikada çalışırlar.
Məsaim ABDULLAYEV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə