Ən son xəbərlər
Azərbaycan xalqı dünyada tanınmış istedadlı sənətkarları ilə daim qürur duyur. Onlardan biri də 80 yaşını haqlamış “Şöhrət” ordenli xalq artisti, görkəmli qarmon ifaçısı Aftandil İsrafilovdur. O, 60 ildən çoxdur ki, bənzərsiz sənəti ilə milli musiqi ifaçılığımıza xidmət edir, bu xəzinəni daha da zənginləşdirir.
Aftandil dilə gətirib deyə bilmədiyi düşüncələrini qarmonun şirmayi dillərində daha cazibəli və parlaq ifadə edir. O, qarmon ifaçılığı sənətində, sanki, bir şairdir – məntiqi fikirləri, müdrik mənaları müsiqi poetikası ilə məharətlə ifa edir. Aftandilə müsiqi aləminin rəssamı da demək olar –bənzərsiz ifaları ilə melodiyaların əlvan mənzərəsini yaradır. Aftandil həm də bir müsiqi heykəltəraşıdır-- ifaları çoxdan səs abidələrinə çevrilib.
Aftandil İsrafilovun hər çalğısı bir yenilikdir, qəlbləri ovsunlayan əsərləri sənət tapıntısıdır. Onun sərrast ifadəli çalğısı xalq musiqisi ruhunda qarmon ifaçılığına müasirlik gətirib. Kamil sənətkar Azərbaycan qarmon ifaçılığı aləminə və musiqi mədəniyyətimizə çağdaş çalğı manerası gətirən nadir sənətkarlardandır. Kövrək hisslərimizin, lirik duyğularımızın sarı teldə səslənən tərcümanıdır Aftandilin ifası. Qarmon Aftandil üçün tale və ömür yoldaşıdır.
Ustad qarmon ifaçısı və bəstəçisinin kamil sənətinə, zəngin yaradıcılığına olan sonsuz hörmət və sevgimin nişanəsi idi ki, 2007-ci ildə “Nurlan” nəşriyyatında buraxılan ikicildlik “Azərbaycan rəqs havaları” məcmuəmə Aftandil İsrafilovun müəllifi olduğu 15 rəqs nümunəsini daxil etmişdim. Türkiyənin məşhur bağlama ustadı, Ankara Gözəl Sənətlər Universitetinin rektoru, professor Erol Parlak da Aftandil İsrafilov sənətinə hörmət bəsləyən sənətkarlardandır. Bir neçə il öncə “Basqalı” rəqsini dəqiq çala bilməsi üçün nota yazdığım örnəyi ona göndərməyimi xahiş etmişdi. Sonralar TRT proqramlarının birində həmin ifanı izlədiyim zaman bir yanlışlığın olmaması məni çox sevindirdi.
Bütün bu əlamətdar hadisələr məni Aftandil İsrafilov yaradıcılığına təkrarən müraciət etməyə sövq etdi. Bu məramla onun 25 rəqsdən ibarət bəstələrini (“Yallı”, “Aynurə”, “Kəmalə”, “Nazilə”, “Sevgilim”, “Simrani”, “Yeni”, “Basqalı”, “Cəmilə”, “Dağlaroğlu”, “Zemfira”, “Qarabağ”, “Cəlali”, “Bakı – Tiflis – Ceyhan”, “Nüşabə”, “Jalə”, “Bakı gecəsi”, “Vüsalə”, “Bahar”, “Laləzər”, “Futbolçu”, “Ayselim”, “Nailə”, “Osmani” rəqsləri) nota köçürdüm və Türkiyənin məşhur “İKSAD Yayın Evi”ndə nəşr etdirdim. Qurumun prezidenti Mustafa Lətif Əməkin, Sefa Salih Bildiricinin və İbrahim Kayanın bilavasitə təlimatı ilə buraxılmış bu toplu 80 yaşı ərəfəsində Aftandil İsrafilov sənətinə olan ümumtürk sevgi və heyranlığını ifadə edir.
Vətən uğrunda müharibənin qələbə ilə sona çatması və böyük qələbəmiz sayəsində tarixi Qarabağ torpaqlarımıza sahib olmağımız misilsiz bir uğurdur. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, xalqımızın dəmir yumruq kimi birliyi şəraitində Azərbaycan Ordusunun düşmən işğalından azad etdiyi Qarabağ adlı müqəddəs məkanmızın tacı Şuşanın Cıdır düzündə əzəmətlə, qürurla səsləndirəcəyimiz müsiqilərin sırasında Aftandil İsrafilov sənətinin gözəl nümunələri də var. Onun “Xoşbəxtlik simfoniyası” adlı əsərinin mədəniyyət paytaxtımız Şuşada səslənməsini intizarla, həyəcanla gözləyirik.
İlqar İMAMVERDİYEV,
Türkiyənin Qaziantep Universitetinin professoru, sənətşünaslıq doktoru
Köhnə versiyamızdan xəbərləri izlə