Ən son xəbərlər
Ölkəmizin türkdilli dövlətlərin beynəlxalq təşkilatları ilə əlaqələri son vaxtlar daha intensiv xarakter almışdır. 1993-cü il iyulun 12-də Qazaxıstanın Almatı şəhərində TÜRKSOY-la və 2012-ci il noyabrın 2-də əsası qoyulmuş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) ilə əlaqələrimizin genişlənməsi bunu deməyə əsas verir.
Bu təşkilatlar yarandığı vaxtdan ölkəmizlə üzv dövlətlər arasında iqtisadi,mədəni və elmi əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rol oynamışlar. Vətən müharibəsi dövründə isə biz bu təşkilatların Azərbaycanla bir yerdə olduğunu hiss etdik.
Cənab Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyevi, TÜRKSOY-un baş katibi Düsen Kaseinovu və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanı videoformatda qəbul edərkən bu təşkilatlarla əlaqələrin ölkəmiz üçün əhəmiyyətindən danışmışdı. Dövlət başçımız dedi: “Hörmətli baş katib, sizə, həmçinin TÜRKSOY-un rəhbərinə müharibə dövründə və müharibədən sonra bizi dəstəklədiyinizə görə təşəkkürümü bildirmək istərdim. Türk Şurasının baş katibi müharibə dövründə dəfələrlə bəyanatlarla çıxış edib, müharibənin lap əvvəlində siz Azərbaycanı dəstəkləyən, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini, onun sərhədlərinin toxunulmazlığını dəstəkləyən bəyanat vermişsiniz”.
Həmin bəyanatda bildirilmişdi ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmalıdır. Oktyabrın 20-də isə B.Amreyev Gəncə şəhərinin ballistik raketlərlə bombalanmasını pisləyən bəyanatla çıxış edərək xalqımıza başsağlığı vermişdir. Sonra baş katib noyabrın əvvəlində Azərbaycan Prezidentinə məktubla müraciət etmişdir. Qeyd edək ki, 44 gün ərzində dörd dəfə Türk Şurasının baş katibi adından rəsmi bəyanat verilmişdir. Bu günlər isə Beynəlxalq türk təşkilatlarının rəhbərləri Azərbaycanda olmuş, işğaldan azad edilmiş ərazilərə səfər etmiş və bu ərazilərdə erməni vandallarının əməllərinin canlı şahidi olmuşlar.
Bu təşkilatlar ölkəmizi müharibə dövründə daha çox dəstəkləyən qurumlardır. Belə çətin vaxtda ölkəmizə mənəvi-siyasi dəstək, əlbəttə, bizim xalqımız üçün, habelə baş verənlər barədə həqiqəti bütün dünyanın daha dəqiq bilməsi üçün olduqca vacibdir.
Prezident TÜRKSOY-la münasibətlər barədə də məlumat verdi. Bildirdi ki, bizim tarix və mədəniyyət abidələrinin bərpasında TÜRKSOY-un fəal dəstəyinə ümid edirəm və buna əminəm. Ona görə ki, azad edilmiş ərazilərdə 70-ə yaxın məscid dağıdılıb, muzeylər qarət edilib, bütün sosial infrastruktur məhv edilib: “Siz yəqin ki, Ağdamda Dram Teatrının qalan divarını görmüsünüz. Görünür, sadəcə, dağıtmaqdan yorulublar. Yəqin, sadəcə, daha gücləri çatmayıb. Buna görə də düşünürəm ki, işğalçı qüvvələrin barbarlığını, məhz bizim mədəni-tarixi irsin məhv edilməsini dünya ictimaiyyətinə çatdırmaq, həmçinin bizim tarixi-mədəni abidələrin bərpa edilməsində bizə kömək də TÜRKSOY-un diqqət mərkəzində olacaq”.
Məlumdur ki, artıq bu proses başlanıb. Ağdam məscidinin bərpasına mütəxəssislər cəlb edilib. Prezidentimiz Şuşaya səfər edərkən buradakı dini abidələrin bərpasına dair işlərin başlanması üçün də göstərişlər vermişdir. Ölkə başçısı bildirdi ki, Şuşanı Azərbaycanın mədəni paytaxtı elan etməsi təsadüfi deyil. Prezident daha sonra demişdir: “Fikrimcə, Şuşa bərpa ediləndən sonra öz təbiətinə, landşaftına, tarixinə, tarixi abidələrinə görə, haqlı olaraq, bütün regionun mədəni paytaxtına çevrilə bilər. Əlbəttə, ümid edirəm ki, siz bizə növbəti gəlişinizdə Şuşaya səfər edəcəksiniz. İndi biz artıq oraya yol çəkirik. Lap yaxın vaxtlarda, bu il beynəlxalq aeroport açılacaq. Buna görə də Şuşa hələ çox beynəlxalq tədbirlər görəcək, bütün tarix boyu olduğu kimi, öz dostlarını, qardaşlarını qəbul edəcək”.
Baş katib Bağdad Amreyevin həmin görüşdəki çıxışı da bizim üçün olduqca qürurvericidir. O dedi: “Mətbuat nümayəndələri ilə görüşüm zamanı demişəm ki, bu torpaqlar heç vaxt sahibsiz olmayıb, bu torpaqların həqiqi sahibləri var, onlar bu torpaqları özlərinə qaytardılar və çox tezliklə bu torpaqları, Füzulinin çiçəklənən torpaqlarını, şanlı Ağdam torpağını və azad olunmuş digər əraziləri bərpa edəcəklər. Bu yerlərin əvvəlki şöhrəti, əvvəlki zəngin siması çox tezliklə bərpa olunacaq”.
Onun sözlərinə görə, tezliklə Bakıda sahibkarların bu işlərdə iştirakına dair böyük biznes forumu keçirəcəyik. Mən digər türk təşkilatlarının rəhbərləri – TÜRKSOY-un baş katibi Düsen Kaseinov və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə birlikdə işğaldan azad edilmiş əraziləri görmək şərəfinə nail oldum. Mədəni abidələrin bərpasında bizim təşkilatların iştirakının mümkünlüyünü də müzakirə etdik və tezliklə bizim ölkələrlə birlikdə müvafiq iş aparacaq, görüşlər keçirəcək, bu abidələrin bərpasında Azərbaycanla birlikdə iştirakımızı müzakirə edəcəyik.
Onu da əlavə etdi ki, 2022-ci ildə Şuşanın İslam mədəniyyətinin paytaxt elan olunmasını və mədəni xarakterli çoxlu tədbirlər keçirilməsini təklif edirik. Bu tədbirlər Şuşanın bütün türk və İslam dünyası üçün böyük mədəni əhəmiyyətini vurğulayar. Dünən biz bu məsələni Xarici İşlər naziri cənab Ceyhun Bayramovla da müzakirə etdik. Siz icazə versəniz, biz bu işə başlayar və 2022-ci ildə Şuşada 20-yə yaxın mədəni tədbir keçirərik. Əminik ki, o vaxta qədər Şuşa bərpa olunacaq, öz əvvəlki simasını alacaq. Biz həmişə Sizin yanınızda olmuşuq və həmişə Sizin yanınızda olacağıq.
M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə