Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli səxavət və şərəf tariximiz

Xalqımızın kədər və sevinc, milli qürur və fəxarət tarixi, canı , qanı ilə dastan yazdığı gün! Əliyalın, silah-sur­satsız xalqın sovet imperiyasının ordusunun üstünə yürüdüyü gün!

1956-cı ilin qanlı Macarıstan, 1968-ci ilin Çexoslovakiya, 1980-ci ilin Polşa hadisələrindən, 1986-cı ilin Qazaxıstan, 1989-cu ilin Tbili­si qətliamından, 1979-89-cu illərin Əfqanıstanın işğalından nəticə çıxar­mayan, ibrət götürməyən, daha da quduzlaşan sovet ordusunun, Kreml hakimiyyətinin öz torpaqlarının, doğ­ma Qarabağının müdafisəsinə qalxan Azərbaycan xalqını cəzalandırmağa, susdurmağa çalışdığı qanlı gecə idi 1990-cı ilin 20 Yanvarı.

1988-ci ilin fevralından etibarən Moskvadakı və Qərbdəki havadar­larının, qanlı dəstəkçilərinin fitvası, dəstəyi, təhriki ilə xəstə təfəkkürlü ermənilər bir əsrdə dördüncü dəfə Azərbaycana qarşı torpaq, ərazi iddiaları irəli sürərək, Qarabağı zorla ilhaq etmək cəhdinə baş vurdular və bununla da Qarabağ fitnəkarlığının, Qarabağ münaqişəsinin əsasını qoydular.

Cəmi bir ilə, 1989-cu ilin dekab­rına kimi də Ermənistandan, Qərbi Azərbaycan torpaqlarından, öz ata-baba yurdlarından 200 mindən çox soydaşımızı son nəfərinədək didərgin, qaçqın saldılar. Bu, azmış kimi, Quqarkda, Masisdə azərbaycanlılara dəhşətli insanlıq dramları yaşatdılar. Onları diri-diri dəmir borulara doldu­rub ağzını qaynaqlayaraq, vandalizm, misli görünməmiş barbarizm aktları törətdilər.

Daşnaklar bununla kifayətlənməyərək, Qarabağın yuxarı, dağlıq adlandırılan hissəsindən də azərbaycanlıları sıxışdırmağa, öz yurdlarından perik salmağa başladılar.

Təbii ki, arxalarında dayananların, havadarlarının, mənhus Qorbaçov hakimiyyətinin hesabına… Elə, atalar məsəlimizdə də deyildiyi kimi, “arxalı köpək qurd basar”mış…Ermənilər hər zamankı xislətlərinə uyğun şəkildə hərəkət etdilər, öz rəzil, miskin, qəddar simalarını bir daha göstərdilər.

Bu isə heç şübhəsiz, bu tor­paqların qanuni sahibi olan azərbaycanlıları, XIX əsrdən bölünə-bölünə gələn, parçalanan, güneyə, quzeyə ayrılan, sinəsinə Araz boyda dağ çəkilən bir toplumu razı sala, kükrətməyə bilməzdi.

Qarabağ münaqişəsinin başladı­ğı andan, Azərbaycan xalqı illərdən bəri qəlbində yaşatdığı müstəqillik arzusu ilə yenidən qəddi-qamətini düzəltməyə, öz haqq səsini, etirazını ucaltmağa başladı.

1988-ci ilin noyabr ayında məşhur “Meydan hərəkatı” yaşandı və tarixə yazıldı. Elə həmin dövrdə Azərbaycan xalqı Qərb mərkəzləri tərəfindən “İlin xalqı” elan edildi. Qarabağ hadisələri genişlənərək, Azərbaycan xalqı­nın XX əsrdəki ikinci milli-azadlıq hərəkatına çevrildi.

Bu da, öz növbəsində, Qarabağ ssenarisini yazanları, yazdıranları heç cür qane edə, qıcıqlandırmaya, əndişələndirməyə bilməzdi. Çün­ki 68 illik qanlı sovetlər işğalından sonra Azərbaycan xalqı yenidən adını dəyişən, amma mahiyyətini dəyişməyən imperiyanın, həmçinin ermənipərəst dairələrin kürkünə birə salmışdı.

Azərbaycan xalqının ar­tıq milli-azadlıq sevdasından əl çəkməyəcəyini, vaz keçməyəcəyini görən mərkəz – Kreml hakimiyyəti, cani Qorbaçov, Yazov, Bakatin, Rıjkov və digərləri, həmçinin anti - Azərbaycan, ermənipərəst mərkəzlər İslam fundamentalizmi bəhanəsi ilə Azərbaycan xalqını birdəfəlik sus­durmağa, cəzalandırmağa qərar verdilər…

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq etmədən, qadağan olunmuş si­lahlarla Azərbaycan xalqının, öz vətəndaşlarının, Bakının üzərinə göndərildi, yüzlərlə insan qətlə yetirildi, minədək insanı əlil, şikəst edildi. Həbslər dalğası başlandı. Evlər, mənzillər, maşınlar, avto­buslar gülləbaran olundu, əzildi, məhv edildi. Dünyada görünməmiş, misli-bərabəri olmayan qanlı cinayət törətdildi.

Amma istədiklərinin, nəzərdə tutduqlarının tam əksini gördülər! Azərbaycan xalqının yenilməzliyini, sınmazlığını, əyilməzliyini, milli-azad­lıq sevdasından əl çəkməyəcəyini gördülər! Daha kəskin nifrət, qəzəb və təpki ilə üzləşdilər. Dünyada görünməmiş bir həmrəyliklə, Bakıda azadlıq şəhidlərinin ümumxalq hüzn-dəfnetmə mərasimi ilə üz-üzə qaldı­lar. İki milyona yaxın Bakı əhalisinin az qala hamısının, bütölükdə, 7-8 milyonluq Azərbaycan xalqının dim-dik ayaqda olduğunu, öz şəhidlərini əbədiyyətə uğurladığını, heç nədən – tankdan-topdan çəkinmədən küçələrə axışdığını gördülər!

21 və 22 Yanvarda yaşananlar, “partbiletlər”dən kütləvi imtina, onların yandırılması və sair məqamlar həm qanlı sovetlər imperiyasında, Kreml hakimiyyətində, həm də bu hadisələrə seyirçi qalan lal, kar, kor dünyada əsl şok effekti, rezonans yaratdı.

Azərbaycanı görmək istəməyənlər 20 Yanvardan sonra xalqımızı görməyə, onun əzmini, iradəsini etiraf etməyə məcbur oldular. Həm də 20 Yanvar hadisələri SSRİ-nin tam çöküşünün, məhvinin əsasını qoydu. SSRİ-nin çöküşü, məhvi məhz 20 Yanvardan, Azərbaycan xalqının birmənalı istiqlal qərarından başladı və öz məntiqi sonluğuna da çatdı. Bu hadisələrdən heç iki il keçməmiş şər imperiyası olan SSRİ, sosializm, kom­munizm quruluşu cəhənnəmə vasil oldu…

Bu yerdə, eyni zamanda, bir tarixi hadisəni qeyd etməmək, xa­tırlamamaq da mümkün deyil. Belə ki, xalıqımızın dahi oğlu Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciənin ertəsi gün (21 yanvar1990-cı il) həyatını təhlükə altına qoyaraq və ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Nümayəndəliyinə gələrək, tarixi bəyanatla çıxış etdi. Ulu öndər baş­da Qorbaçov olmaqla, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçılarının və icraçılarının cəzalandırılmasını tələb etdi.

Bu hadisə həmin günlərdə Azərbaycan xalqına böyük mənəvi dəstək oldu, ona güc verdi, ruhuna ruh qatdı, mübarizə əzmini beşqat artırdı, istiqlal mücadiləsini daha da coşdurdu, alovlandırdı.

Azərbaycan xalqı və dövləti yaşadıqca və var olduqca, bu tarixi hadisə heç zaman unudulmayacaq, daim xatırlanacaq, təqdir ediləcək, minnətdarlıqla anılacaq!

Bəli, 20 Yanvar hadisələrinin üstündən çox da böyük za­man keçmədən Azərbaycan xalqı tarixində, XX əsrdə ikinci istiqlalına, müstəqliiyinə qovuş­du. şəhidlərimizin, 20 Yanvar mücahidlərinin, istiqlalsevərlərin ruhu şad oldu. Qanları yerdə qalmadı, qisas qiyamətə qədər gözləmədi!

Ulu öndərin 1993-cü ilin ağır iyun günlərində hakimiyyətə gəlişi və tarixi xilaskarlıq missiyası ilə xalqımız, dövlətimiz bir daha özünü toparladı, qəddi-qamətini düzəltdi və əsl inkişaf, tərəqqi, quruculuq mərhələsinə qədəm qoydu.

Yaxın tariximizdə iki xilaska­rın–ata və oğul – Heydər Əlirza oğlu Əliyevin və İlham Heydər oğlu Əliyevin yaratdıqları möhkəm özüldən güc alan xalq 31 illik səbr və təmkindən sonra yenidən kükrədi, yenidən ayağa qalxdı! Müzəffər Ali Baş Komandanın rəhbərliyi və Azərbaycan əsgərinin qəhrəmanlığı ilə növbəti azadlığına, bütövlüyünə – Qarabağına doğru şərəfli bir yola çıxdı! Cəmi 44 günə Qarabağ münaqişəsinə, fitnəkarlığına son qoydu, zəfər çaldı!

Biz indi, sözün əsl mənasında, müstəqil dövlətik, dünyada Qara­bağına, ruhuna qovuşmuş məğrur Azərbaycan var! Artıq 20 Yanvar və 44 günlük Vətən müharibəsi bizim göz yaşlarımız, kədər tariximiz deyil, milli fəxarət və şərəf tariximiz, qürur və bütövlük günlərimizdir! Ruhu­muzu dirçəldən şəhidlərimizin ruhu şad, can Azərbaycanımızın azadlığı mübarək olsun!

Jalə ƏLİYEVA,
Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsi sədrinin müavini, filologiya elmləri doktoru, professor

 

24 Yanvar 2021 18:56 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə