Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Nizami” filmi – dahi şairin xatirəsinə dəyərli töhfə

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. 2021-ci ildə həm də dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Şairin həyat və yaradıcılığı sənət əsərlərində kifayət qədər tərənnüm olunmuşdur. “Azərbaycanfilm” kinostudiyasında Xalq artisti, rejissor Eldar Quliyevin Xalq yazıçısı İsa Hüseynovla birgə yazdığı ssenarisi əsasında çəkdiyi “Nizami” filmi mütəfəkkir şairə həsr olunmuş ilk bədii film idi.

Filmdə şairin obrazı, o uzaq illərdə Azərbaycan xalqının siyasi və sosial həyatının ab-havası, insan münasibətlərinin mürəkkəb dünyası öz əksini tapmışdır. Bu film insanın tarixdə rolu, onun adamlar qarşısın­da borcu haqqında düşüncələrdir. Nizaminin mənəvi idealı ilə reallıq arasında uyğunsuzluq şairin insana və ədalətə inamını qıra bilməmişdir. Vətənpərvərlik, öz torpağına, xalqına məhəbbət, qadına hörmət, tərəqqiyə, sülhə meyil, poeziyanın qüdrəti – Nizami əsərlərinin bu motivlərindən müəlliflər bütünlüklə istifadə edərək, orijinal və müasir təfsirli, dərin fikirli, genişmiqyaslı əsər yaratmışlar.

Filmdə Nizami roluna SSRİ Xalq artisti, görkəmli müğənni Müslüm Maqomayevin çəkilməsində qeyri-adi bir cəhd olduğunu düşünənlər var. Kifayət qədər praqmatik insan olan Eldar Quliyev bu faktı etiraf edib. Qəribəsi də budur ki, Eldar Quliyev Moskvanın birinci kanalına verdiyi müsahibə film çəkilərkən XII əsr şairi dahi Nizami Gəncəvinin ruhu ilə “məsləhətləşdiyini” bildirir. Rejis­sor yaxın dostu, müğənni Müslüm Maqomayevi filmə cəlb edir və onu birtəhər razı salır. Çünki o zaman Maqomayevi bütün SSRİ tanıyırdı və İttifaq miqyasında filmə böyük maraq yaradacağını bilirdi. Digər tərəfdən isə məşhur aktyor Hamlet Xanızadə də rol üçün sınaqlara dəvət edil­mişdi və bəyənilmişdi də. O zaman gənc rejissor Nizami roluna kimi çəkəcəyini yəqin edə bilmirdi. Bu məqamda filmdə Qivami Mütərəzzi rolunda çıxış edən Xalq artisti Həsən Turabov ona qəribə bir təklif edir: “Biz tərəflərdə ruhçağıran var, bəlkə, ondan kömək istəyək. Nizaminin öz ruhu desin ki, filmdə əsas rolda kim çıxış etsin.

Rejissorun sözlərinə görə, o adam, sözün həqiqi mənasında, cəmiyyətin tanıdığı məşhur, zi­yalı bir şəxs olub. Heç bir falçılıq işi ilə məşğul olmayıb, sadəcə, ruhlarla dialoqa girirmiş. Elə bu məşhurluğuna görə də Eldar Quliyev onun adını çəkmir. Həmin şəxsin dediyi vaxt yanına gedirlər. Heç məsələnin nə olduğunu da demirlər. Qeyd edək ki, kifayət qədər rasional şəxs olan, mistikaya inanmayan Eldar Quliyev Moskvanın əsas televiziya kanalında bunları danışarkən tamaşaçıların inamsız, birmənalı olmayan reak­siyası ilə üzləşib. Lakin rejissorun dediyinə görə, həmin gün ruhçağı­ran Nizami ilə “danışıb” və ondan filmə kimin çəkilməsini fotolar vasitəsilə soruşub. Rejissorun sözlərinə görə, Nizami Gəncəvinin ruhu Müslüm Maqomayevi seçib. Bu, Eldar Quliyevdə qəti əminlik yaradıb. Elə sabahısı gün Müslüm Maqomayevlə qəti söhbət edərək onu filmə çəkməyə başlayıb.

Parlaq fərdi yaradıcılığı olan M.Maqomayev Nizaminin dövrünü və ölməz misralarını dönə-dönə mütaliə edib, onu öz istedad və yaradıcılıq prizmasından keçirərək, şairin fərdi obrazını yarada bilib.

Bəstəkar və müğənni M.Maqomayev müsahibələrinin birində bu barədə demişdir: “Bu əqidədə idim ki, müğənni oxumalı­dır. Elə buna görə də təkcə musi­qili filmlərdə deyil, başqa janrlarda yaradılan filmlərdə də çəkilmək barəsində bir neçə münasib təklifi rədd etmişəm. Lakin rejissor E.Quliyevin təklifi o qədər qeyri-adi, o qədər cəzbedici oldu ki, məni düşünməyə vadar etdi”.

Film hazır olandan sonra isə Eldar Quliyev yuxarıda bəhs etdiyi­miz məsələ, ruhla söhbət barəsində bir neçə yerə, eləcə də Rusiya kanalına müsahibə verib, həmçinin Müslüm Maqomayevə də bu haqda danışıb”

Film üzərində məşhur sənət adamları işləmişlər – operator Arif Nərimanbəyov, rəssam Mais Ağabəyov, bəstəkar Qara Qarayev.

Rollarda Həmidə Ömərova (Pəri, Afaq), Həsənağa Turabov (Müzəffəri), Ələddin Abbasov (Xa­qani Şirvani), Hacımurad Yegizarov (Qızıl Arslan) və digər aktyorlar çəkilmişlər.

Onu da qeyd edək ki, film 1983-cü ildə Leninqradda( indiki Sankt-Peterburq) XVI Ümumitti­faq kinofestivalının 1984-cü ildə Daşkənddə Asiya, Afrika və Latın Amerikası ölkələrinin beynəlxalq kinofestivalının mükafatlarına, eyni zamanda, Özbəkistan Yazıçılar İttifa­qının və Nazirlər Sovetinin diplomla­rına layiq görülmüşdür.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

24 Yanvar 2021 18:55 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə